İRƏLİ İctimai Birliyi
Dil seçimiEnAz

İRƏLİ

Sual eyni cavab fərqli - "İRƏLİ" nin 1 ili tamam oldu
24 dekabr 2009

 

“İRƏLİ” İctimai Birliyi 26 Avqust 2005-ci ildə yaradılmış “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının əsasında formalaşıb. Hərəkat dönəmində sıralarında 6 mindən çox Azərbaycan gəncini toplayaraq ölkənin ən fəal gənclər təşkilatlarından birincisinə çevrilmişdir. “İRƏLİ” ÜGH təsisçiləri 9 dekabr 2008-ci ildə Hərəkatın buraxılması barədə qərar qəbul etmişlər və bu qərardan sonra Hərəkatın əsasında “İRƏLİ” İctimai Birliyininyaradılması ideyası ortaya çıxmış və 24 dekabr 2008-ci il tarixində 380 nəfərin iştirakı ilə Birliyin Təsis Konfransı keçirilmişdir. Yekun olaraq Ceyhun Osmanlı “İRƏLİ” İctimai Birliyinin sədri, Afaq Zeynalova, Orxan Əliyev, Mahir Məmmədov, Əliyeva Nəzakət və Azər Məhərrəmov Nəzarət Təftiş Komissiyasının üzvləri seçilmişlər. 
 
Birlik 1 illik fəaliyyəti ərzində cəmiyyətin müxtəlif sahələrini əhatə edən iri miqyaslı layihələr “İnformasiya Texnologiyaları Akademiyası”, “Gənc Liderlər üçün Yay Universiteti”, “Milli Diskussiyalar”, “Bələdiyyə - 2009”, “Səsin eşidilsin Milli Debat”, “İRƏLİDƏ” radio layihəsi, “Məktəb Parlamenti”, “Arxeoloji düşərgə”, “1-ci Milli İnternet Forum 2009”, “Gənclərin Təşəbbüsləri Festivalı”, “Azərbaycanda 1-ci Foto və Sənət Düşərgəsi”, “Nə? Harada? Nə zaman?” İntellektual layihə, Lənkəranda “Türkiyə və Azərbaycan gənclərin dostluq düşərgəsi”, “Tibb tələbələri arasında Bilik Olimpiadası” layihəsi və digər layihələr həyata keçirib. Bu layihələrin həyata keçirilməsində dövlət strukturlarının və öndə gedən şirkətlərin; Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “HP” Şirkəti, “Microsoft” Şirkəti, “YUMROO” Axtarış Şirkəti, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi, “Xəzər İntellektual Gənclər Klubu”, “İStudio” foto məktəbi, “Bestcomp” Şirkəti, “Planet Parni iz Baku”, Nar mobile, Qrant sığorta, Bank of Azerbaijan və digərlərinin də dəstəyi böyük olmuşdur. Eyni zamanda layihələrin işıqlandırılması və ictimaiyyətə çatdırılmasında KİV-in rolu əvəzolunmaz sayıla bilər.
 
Beləliklə Birliyin fəaliyyəti ilə bağlı aparılan müsahibələrin nəticələri ilə buyurun tanış olun.
 
 
Ceyhun Osmanlı - “İRƏLİ” İctimai Birliyinin sədri
İRƏLİnin son bir il ərzində görülən fəaliyyətini xarakterizə edən əsas bir neçə məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Birincisi İRƏLİ artıq Azərbaycanın bütün regionlarını əhatə edə bildi. Layihələrin miqyası və əhatə dairəsi genişlənərək 56 rayonu əhatə etdi və artıq İRƏLİ bütün Azərbaycanın təşkilatı oldu. İkinci bir məqam ondan ibarətdir ki, artıq son 4 il ərzində İRƏLİ içində olmuş insanlar və 4 il ərzində İRƏLİyə qoşulan insanların səsləri tək Azərbaycandan yox, Avropanın, ABŞ-ın, Rusiyanın müxtəlif şəhərlərindən gəlməyə başladı. Bunlar istər xaricə gedən gənclər, istər təhsil alan gənclər, istərsə də orada çalışan gənclər olsun. Beləliklə bu da İRƏLİnin tək Azərbaycanda yox, xaricdə də təxminən son bir il ərzində gücləndiyini deməyə əsas verir. Üçüncü İRƏLİ çox yaxşı bir qeyri-hökumət təşkilatı modelini yarada bildi. Hansıki müstəqil, çox tərəfli və çox spektorlu əməkdaşlığa üstünlük verən, biznes, dövlət strukturları, media, digər ictimai təşkilatlar, beynəlxalq təşkilatlarla bərabər əməkdaşlıq edən  bir qurum, yaxşı bir koperativ əməkdaşlıq modeli yaradan bir təşkilat olaraq səciyyələndi. İRƏLİ fəaliyyətini çox yaxşı bir strateji planlaşdırmaya əsasən qurdu və strateji planlaşdırmaya uyğun olaraq 2009-cu və 2010-cu ilin may ayına kimi fəaliyyətimiz təxminən 100 min insanı əhatə edir və edəcəkdir.
 
İRƏLİnin Hərəkatdan qabaq üzvlərinin sayı təxminən 6 min idisə, bu gün artıq İRƏLİnin üzvlərinin sayı 10 mini keçib. Eyni zamanda onu da qeyd edim ki, İRƏLİ ictimaiyyətlə əlaqələrini ən gözəl şəkildə quran təşkilatlardan biri olaraq insanların yadında qaldı. İRƏLİ brendi artıq heç kəsə yad olan brend deyil. Əgər bir neçə il qabaq İRƏLİni hər kəs tanımırdısa bu gün demək olar ki, Azərbaycanda İRƏLİ brendini tanımayan yoxdur. Bu istər təşkilat olsun, istər şirkət olsun, istər hər hansı bir qurum olsun İRƏLİ brendini artıq hər kəs tanıyırsa demək bu özü bir uğurun göstəricisidir.
 
Sonda bir şeyi də demək istəyirəm. Bütün bu uğurların qazanılmasında hər bir İRƏLİ üzvü bərabər əziyyət çəkdi. Burada kimsə az, kimsə çox əziyyət çəkdi demək olmaz. Hər kəs öz üzərinə düşən missiyanı yaxşı yerinə yetirdi ki, İRƏLİ bu günkü zirvəni fəth edə bildi, gənclər təşkilatları arasında ən fəalı kimi yadda qaldı. Həqiqətən də İRƏLİnin bütün üzvləri, bütün əlaqələndiriciləri, İRƏLİnin İdarə Heyəti üzvləri, İRƏLİnin Məclis üzvləri, İRƏLİnin katibliyinin üzvləri hər biri həddindən artıq fəaldır. Əlbəttə ki, biz İRƏLİnin uğurunu bütün üzvlərimizə borcluyuq. İRƏLİnin üzvləri sırf İRƏLİnin uğurlarını səciyyələndirən insanlardır və ona görə də hər bir üzvümüzə təşəkkür edirəm. Hesab edirəm ki, bütün bu uğurların arxasında dayanan onlardır və bu gün İRƏLİ brendinə bir simpatiya varsa, əslində İRƏLİ üzvlərinə olan simpatiyadır və İRƏLİ üzvlərinə simpatiya varsa bu İRƏLİnin fədakar insanlarının əməyinin nəticəsidir. 
 
 
Fərhad Məmmədov - “İRƏLİ” İctimai Birliyinin həmtəsisçisi
İRƏLİ ictimai birlik formasında keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu bir il ərzində struktur islahatlarını başa çatdırdı, yerlərdə təşkilatlar yarandı və gənclərin ictimai işə qoşulması işi sistemli xarakter aldı, həyata keçirilən layihələr ölkə miqyasını əhatə etdi. İRƏLİ könüllüləri məsuliyyətlərini dərk edərək qarşılarına qoyulan məsələləri vaxtında həll edirdi və “həll olunmayan məsələ yoxdur” tezisini təsdiq edirdilər.
İctimaiyyətlə və KİV-lə əlaqələr nümunəvi xarakter aldı. İRƏLİnin operativ xəbər sistemi yarandı və inkişaf etdirildi.
Hər bir kəs böyük mexanizmin bir hissəsi olduğunu anlayıb, öz sahəsində böyük uğurlara imza atdı. Təşkilatın adını yüksəkdə saxladılar və bu səbəbdən  hər birimiz qürurla deyə bilərik ki, biz İRƏLİçiyik. Buna görə də hər bir İRƏLİçiyə öz dərin minnətdarlığımı bildirmək istərdim. Heç vaxt qazanılmış uğurda dayanmaq olmaz, çünki hər bir addımımız keçmiş addımı tamamlayır, yeni addım üçün zəmin yaradır.
Qoy heç kəs elə bilməsin ki, onun gördüyü iş bir günlük effektə malikdir. Bu ilk növbədə gənclərə iş təcrübəsini, bacarıq keyfiyyətlərini və əlavə bilik qazandırır. Bu üç amil isə gələcək peşə, şəxsi və ictimai fəaliyyətdə əvəzolunmaz rol oynayacaq. Daim bir olmağa, əlaqəni itirməməyə və İRƏLİdə olmağı arzulayıram.
 
 
 
 
Röya Talıbova - “İRƏLİ” İctimai Birliyinin həmtəsisçisi
“Tarix tənqid edənləri, güclü insanların zəifliklərini göstərənləri və iş görən insanların uğursuzluqlarına sevinənləri xatırlamayacaq. Lakin, meydanda olan, üzü toz, tər və qana bulanmış, daim cəsurca mübarizə aparan, hər yıxıldığında bir daha nərə çəkib ayağa qalxan, yalnış və çətinliklər olmadan heç bir döyüşün qazanılmayacağını dərk edən, böyük ruh yüksəkliyi, bitməz-tükənməz sədaqət və düzgün yolda olduğuna inamı olan və qalib gələcəyi halda böyük nailiyyətinə, məğlub olacağı halda cəsarətinə güvənən insanların adı tarixə yazılacaq. Gəlin arzu edək ki, bu meydanda qalan son insanlar nə qələbə, nə də məğlubiyyətin dəyərini bilməyən, zəif və qorxaq insanlar deyil, məhz siz cəngavərlər olacaqsınız.”
 -ABŞ Prezidenti Teodor Ruzvelt, “Döyüş Meydanındakı İnsanlar” nitqindən, 23 Aprel 1910
 İRƏLİ mənim üçün 2 fərqli məcrada önəm daşıyır. Birincisi rasional baxışlarımla bağlıdır, ikincisi isə emosiyalarımı, yeni duyğularımı əks etdirir. İRƏLİ həmişə Azərbaycan gəncliyinin əməyini, çalışqanlığını, bacarıqlarını, dövlətə sevgisini, inkişaf əzmini sərgiləyən güzgü olub. İRƏLİ fəaliyyətini yaxından izləyən hər kəs onun hər bir köşəsində bu gənclərin əməyinin və fəaliyyətinin izini görə bilər. İRƏLİ hələ uzun illər Azərbaycan gəncliyinin daha uğurlu gələcək naminə mübarizə səhnəsi olacaqdır. Məhz bu cəhətdən və Azərbaycan gəncliyini daim inkişafda saxladığı üçün İRƏLİ ilə QÜRUR DUYURAM.
Emosional cəhətdən isə İRƏLİ mənim üçün daha çox əhəmiyyətlidir. İRƏLİ, mənim gənclik illərimin ən xoş xatirələrinin mühafizəkarı, hər bir İRƏLİ üzvü isə həyatımda atdığım ən düzgün addımın xoş sübutudur. Biz, İRƏLİ-ni 2005-ci ildə yaratmaq qərarını verəndə, həqiqəti desəm, bu gün, az qala 4 il sonra, İRƏLİ-nin bu uğurlara imza atacağını bilmirdik. Biz, o zaman çox çətin, keşməkeşli, və əzmkarlıq tələb edən bir yola çıxmışdıq. Bu gün 6 gənclə başlayan bir hərəkatın 6000 üzvlük təşkilata çevrilənə qədər keçdiyi yolda qoyduğumuz izlər, əslində gələcəyin gəncləri üçün də nümunə olmalıdır. O gün bizimlə bu yola çıxmış İRƏLİ gəncləri dəfələrlə sübut etdilər ki, doğruluğuna və gücünə inandıqları yoldan onları heç kim döndərə bilməz. Vaxt gələcək, İRƏLİ gəncləri Azərbaycan üçün öz sözlərini müxtəlif mübarizə meydanlarında deyəcəklər. Biz isə şəfqətlə böyütdüyümüz balamızın hər bir uğurlu addımından QÜRUR DUYACAĞIQ.
Əziz İRƏLİ gəncləri! Bu yolda çətinliklər olacaq, bu yolda maneələr olacaq! Bu yolda toz, qan və tər olacaq. Bu yolda bəzən qısa müddətli məğlubiyyətlər, bəzən narazıçılıqlar olacaq! Lakin, unutmayın ki, bu gün bu meydan sizin meydanınızdır! Meydanda son qalanlar isə məhz siz cəngavərlər olmalısınız! Sizin bir gənc kimi hər bir qələbəniz, mənim bir İRƏLİ həmtəsisçisi kimi QÜRURUMDUR!
 
 
Elnur Məmmədov – “İRƏLİ” İctimai Birliyinin həmtəsisçisi
Bu gün İRƏLİ – gənclik, intellektual inkişaf, kreativlik, birlik, vətənpərvərlik, tolerantlıq, müasirlik və həmrəylik sözləri ilə həmahəng səslənir.
İRƏLİ - Azərbaycan gəncliyinin həmrəy olub necə böyük nailiyyətlərə imza atdığını sübut edən gəncliyimizin ən böyük qələbəsidir.
Buna sübut İRƏLİ-nin həyata keçirdiyi “İnformasiya Texnologiyaları Akademiyası”, “Gənc Liderlər üçün Yay Universiteti”, “Arxeoloji düşərgə”, ”Milli Diskussiyalar”, “İRƏLİDƏ” radio layihəsi, “Məktəb Parlamenti”, “Gənclərin Təşəbbüsləri Festivalı”, “Ana dilini sevək, qoruyaq” Milli kompaniyası, “Kompyuter savadsızlığına YOX deyək” layihəsi və bunlar kimi onlarla, yüzlərlə layihələrdir.
 
İRƏLİ - respublikamızda insan potensialının və xüsusilə gənclərin intellektual və sosial inkişafının təmin edilməsində mühüm işlər görür.
İRƏLİ həyatımızın təkrar olunmaz xoşbəxt anıdır və bu anın nə qədər sizin üçün vacib olduğunu bilmək üçün sadəcə “İRƏLİSİZ” öz həyatınızı təsəvvür edirsinizmi sualını verin.....Cavab...Əlbəttə yox.
 
 
 
 
 
 
 
Ziya Əliyev - “İRƏLİ” İctimai Birliyinin həmtəsisçisi
İRƏLİnin yarandığı gündən etibarən çox önəmli və digərlərindən fərqlənən bir qayəsi olub: gənclərin özünüifadəsinə şərait yaratmaqla yaradıcı təfəkkürü təşviq etmək və bu zəmində dinamik düşünmə tərzini formalaşdırmaq. Bu, əslində, bizim iş mexanizmimiz, həm də məqsədimizdir. Çünki, nəticə etibarı ilə formalaşdırdığımız birlikdəlik ənənəvi, durğun qruplardan fərqli olaraq, dinamik və daim dəyişikliklərə açıq olan, eyni zamanda, ortaq dəyərlərimizin hakim olduğu bir həmrəylikdir. Mən 2009-cu ili dəyərləndirərkən, fərqli fikirləri və zaman-zaman meydana gələn mübahisələri nəzərə alaraq demək istərdim: İRƏLİnin "köhnəsi" və "təzəsi" yoxdur! İRƏLİ bir ideyadır, məzmundur. Bu ideya bu gün də 4 il öncə olduğu kimi yaşayır. Dəyişən yalnız bu ideyanın təzahürləridir.
 
 
 
 
 
 
 
 
 
Aynur Həsənzadə - “İRƏLİ” İctimai Birliyinin mətbuat katibi
İRƏLİ mənim üçün çox əzizdir. İRƏLİ gənclərinin sıralarına hələ məktəb illərində, hərəkat kimi fəaliyyət göstərdiyi dövrdə qoşulmuşam. “İRƏLİ” İctimai Birlik kimi təsis olunduğu gündən isə birliyin mətbuat katibi kimi fəaliyyət göstərirəm.
Düşünürəm ki,  İRƏLİ  bu günkü gündə Azərbaycan gəncliyinin inkişafı və onlara ictimai fəaliyyətdə aktiv olmaları üçün əlverişli şərait yaradır. Dövlətimizə dəstək olmaq və ictimai həyatda aktiv iştirak etmək istəyən hər bir gənc üçün İRƏLİdə geniş imkanlar yaradılıb. İRƏLİdə gərgin iş rejimi, eyni zamanda xoş atmosfer,  professional, bacarıqlı, savadlı, mehriban və səmimi heyət vardır. Bir sözlə, İRƏLİdə olmağımdan çox məmnunam.
Bu gün “İRƏLİ” İctimai Birliyinin yaranmasından 1 il ötür. Bu bir il ərzində İRƏLİ irili – xırdalı 120 layihə həyata keçirmiş, Azərbaycanın bütün regionlarındakı gəncləri əhatə etmişdir. Önümüzdəki fəaliyyət ilində İRƏLİyə daha da böyük uğurlar və qarşıya qoyduğumuz məqsədlərə tezliklə nail olmağı arzu edirəm. Bir daha “İRƏLİ” İctimai Birliyini 1 illiyi münasibəti ilə təbrik edirəm.
 
 
 
 
 
 
 
Ceyhun Abdulla – AZƏRFOTO İnformasiya Agentliyinin rəhbəri
İlk öncə qeyd edim ki, Azərbaycanda “İRƏLİ” İctimai Birliyi kimi təşkilatın olması çox sevindirici haldır. Geniş fəaliyyət çərçivəsinə malik olan İRƏLİ Azərbaycan hüdudlarını aşaraq nəinki ölkə daxilində, həmçinin ölkə xaricində də çevrəsini genişləndirməyə nail olub.
Səmimi söyləyim ki, təşkilatın fəaliyyətində gənclərin işini çox bəyənirəm. Burada iş sistemi düzgün şəkildə qurulub. İRƏLİçi gənclər öz davranışları, iş təcrübəsi, savadı və məqsədyönümlüyü ilə fərqlənirlər. Eyni zamanda çox aktivdirlər. Bu xüsusiyyəti də yüksək qiymətləndirirəm. Xüsusən vurğulamaq istəyirəm ki, bu gənclər aktiv yaxşılardandır. İRƏLİ cəmiyyətin hər bir sahəsini əks etdirən məsələlərə düzgün zamanda və düzgün istiqamətdə münasibət bildirməyi bacarır. Bir sözlə uğurlar və daha da irəlidə olmağınızı arzu edirəm.
 
 
 
 
 
 
 
 
Ülkər İbrahimova – “İRƏLİ” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr üzrə katibi
Mən ictimai fəaliyyətə elə “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı dönəmindən başlamışam. İRƏLİ artıq mənim üçün çox doğmadır. Daim yeniliklər axtarışında olan biz İRƏLİ gəncləri vətənini sevən, tarixinə hörmət edən, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda yorulmadan fəaliyyət göstərən, nəinki Azərbaycanımızın bölgələrində olan gənclər ilə, hətta xaricdə yaşayan həmyaşıdlarımızla belə daim təmasda olan bacarıqlı, savadlı, məsuliyyətli gənclər toplumuyuq.
Məncə fəal və yenilikçi gəncliyin nümayiş etdirilməsi üçün İRƏLİ uğurlu bir seçimdir.
 
 
 
 
 
 
 
 
 
Vüsal Bəkirov – “İRƏLİ” İctimai Birliyinin ali və orta-ixtisas məktəblərlə iş üzrə katibi
İRƏLİ tələbələrin bir nömrəli dostu və professional, orijinal, maraqlı layihələr müəllifi olan təşkilatdır.
İRƏLİ Azərbaycanın təşkilat brendidir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yusif Kərimli – “Xəzər” Televiziyasının Xəbərlər Xidmətinin əməkdaşı
“İRƏLİ” İctimai Birliyi yaranan gündən jurnalist kimi bu təşkilatın tədbirlərində iştirak etmişəm. Daha çox sosial aksiyaların keçirilməsi xüsusilə diqqətimi çəkib. Siqaretin zərərləri, doğma vətənimizdə yetişən nar meyvəsinin təbliği, ana dilimizin qorunması ilə bağlı tədbirlər mənə xüsusi zövq verib. Bundan başqa diqqətimi İRƏLİ üzvlərinin ümumilli məsələlərdə aktivlik nümayiş etmələri çəkib. Ən son Fransanın Lyon şəhərində Euronews kanalının baş ofisinin önündə gənclərimizin etiraz aksiyası keçirməsini biz də media olaraq diqqətdə saxladıq. Dağlıq Qarabağla bağlı saxtakar verilişin efirə verilməsinə ölkəmizdən belə etiraz dalğasının nümayişi yəqin ki, bu kanalın rəhbərliyini düşündürəcək.
Xüsusilə İRƏLİ üzvlərinin xaricdə təhsil alması və bu yöndə lobbiçilik fəaliyyətində aktiv iştirakları təqdirəlayiqdir. Avropa ölkələrində ölkəmizlə bağlı təşkil edilən tədbirlərdə Birliyin üzvlərini çox görmüşəm. Onlar təşkilatçı qismində və ya iştirakçı olaraq həmin tədbirlərə qatılırdılar. 
Ən son isə Səbail rayonu ərazisində İRƏLİ üzvlərinin ağacəkmə kompaniyasında iştirak etməsi maraqlı bir hadisə kimi yadımda qalıb. Ağac əkən dostlarına dəstək vermək üçün əraziyə gələn musiqiçi İRƏLİçilər gitara çalaraq xoş musiqinin sədalarını Bayıl yamacına yayırdılar.
Bir sözlə İRƏLİ hər gün böyüməyə və üzvlərinin sayını artırmağa davam edir. Maraqlı aksiyalarda sizlərə dəstək olmaq diləyi ilə uğurlar diləyirəm!
 
 
 
 
 
Afaq Zeynalova – “İRƏLİ” İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri
Bu gün “İRƏLİ” İctimai Birliyinin ad günüdür və əlbəttə ki, insanın xatirələrində ilk öncə hər şeyin nədən başladığı yada düşür. Aktiv, savadlı, bacarıqlı və ən vacibi, böyük dəyişikliklərə gücü çata biləcək, inamı ilə 6 gənc birləşdi və irəliyə addımladı və bu gün artıq cəmiyyətimizdə öz fəaliyyəti ilə sözü demiş təşkilatlardan biri oldu.
 
Mən düşünürəm ki, bu inkişafın əsas səbəbi burada lider kimi formalaşmaq üçün, ideyalarına dəstək almaq üçün hər zaman sağlam mühitin olmasıdır. İRƏLİdə insanlar bilik və bacarıqlarına görə seçilirlər, bu da gənclərə öz  işlərində böyük stimul verir. Mənim üçün İRƏLİ güvəndiyim və inandığım bir AİLƏDİR.
Hər birimizin AD GÜNÜNÜ təbrik edirəm!!! Arzu edirəm, hər zaman öz aktiv fəaliyyətimizlə, faydalı işlərimizlə  İRƏLİDƏ olaq.
 
 
 
 
 
 
 
 
İslam Ağayev – RTV Televiziya şirkəti Bakı studiyası icraçı direktoru
“İRƏLİ” İctimai Birliyinin Azərbaycan gəncliyinin fikirlərində, davranışlarında, dünyagörüşlərində etdiyi islahatlar danılmazdır. Onların keçirdikləri bəzi proqramların, iclasların, görüşlərin iştirakçısı şəxsən olmuşam. Bu gənclərin Azərbaycan naminə, Azərbaycanın gəncliyi naminə etdiklərini inkar etmək olmaz. Onlara bu şərəfli yolda Ulu Tanrıdan gözlərinə nur, qollarına qüvvət və beyinlərinə zehin açıqlığı arzu edirəm. Bu yolda tutduğunuz dəsti-xətti olduğundan da artıq saxlamanız ümidi ilə.
 
 
 
 
 
 
 
 
 
 
Orxan Əliyev - "İRƏLİ" İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının üzvü
Bir  "İRƏLİ" çi olaraq  Ad günümüzü təbrik edirem. Şən, mehriban, səmimi kollektivi ilə "İRƏLİ" yə gələcək fəaliyyətində uğurlar arzu edirəm.
 
 
 
 
 
 
 
 
 
 
 

Ramizə İsmayılova - "İRƏLİ" İctimai Birliyinin üzvü
“İRƏLİ” İctimai Birliyi yüzlərlə bacarıqlı, istedadlı gəncləri öz ətrafında toplayan və onları düzgün istiqamətdə yönəldən bir qurumdur. Bizi birləşdirən dəyərlər var. Bizim dəyərlərimiz açıq cəmiyyətdir.Məqsədimiz dilinə, tarixinə sahib çıxmağı bacaran gəncliyi öz ətrafımızda birləşdirməkdir. Bu gənclərin sırasında və “İRƏLİ” İctimai Birliyinin üzvü olmaqdan ancaq və ancaq qürur hissi duymaq olar deyə düşünürəm. Qoy irəlilədiyimiz yollar bizi daim zirvələrə doğru aparsın. Amalımız məqsədimiz günəş kimi işıq saçsın. Təsis günümüz mübarək olsun.
 
 
 
 
 
 
 
 
 
 
Aqşin Kamal – “LİDER” Televiziyasının əməkdaşı
“İRƏLİ” İctimai Birliyi haqqında təmtəraqlı sözlər demək niyyətində deyiləm. Çünki İRƏLİ öncə hərəkat, sonra ictimai birlik kimi özünü təsdiqləyib. Fikrimcə ən əsası bu birliyin əqidəsi, məqsədi və məramı düzgündür. Mən İRƏLİ ailəsi ilə yaxından tanışam. Hətta onların layihələrinin iştirakçısı da olmuşam. Bu ictimai birlikdə kifayət qədər intellektual potensiallı, dünyagörüşlü, müasir gənclər var. Düşünürəm ki, başda İRƏLİ-nin sədri Ceyhun Osmanlı olmaqla, digər istedadlı gənclərin təşəbbüsü ilə gələcəyə hesablanan maraqlı layihələr gerçəkləşdirilir. Azərbaycanda Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırılan gənclər siyasətinə bu gün də çox geniş yer verilir. Belə bir dönəmdə hesab edirəm ki, “İRƏLİ” İctimai Birliyi öz yenilikçi layihələri ilə hələ çox söz deyə bilər və deyəcək də. İnanıram ki, İRƏLİ ailəsi müasir gənclər elitasının formalaşmasında önəmli rol oynayacaq.   
 
 
 
 
 
 
 
 
 
Rauf Mərdiyev – “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri
2005-ci ildən fəaliyyətdəyik. Çox çalışdıq, axtarışda olduq, yenilik gətirdik, ilklərə imza atdıq, alqışlandıq, tənqid olunduq  və daha nələr. Bütün bu fəaliyyətin nəticəsi olaraq Azərbaycanda İRƏLİ həqiqətlərini formalaşdırdıq. Hər kəsin qəbul edəcəkləri həqiqətlər bunlardır:
İRƏLİ inkişaf və tərəqqi simvoludur. İRƏLİçi müasir Azərbaycan vətəndaşı simasıdır. İRƏLİ gəncliyin düşünən beyin mərkəzidir. İRƏLİ ölkənin ən fəal gənclər ordusudur!
Bu gənc insanların xarakterik cəhətləri milli-mənəvi dəyərlərə sadiq, yenilik və müasirliyə açıq, savadlı və bacarıqlı, təşəbbüskar və məqsədyönlü olmalarıdır. İRƏLİ Azərbaycanın daha parlaq gələcəyinə təminatdır.
 
 
 
 
 
 
 
 
Rüstəm Abdullayev - “İRƏLİ” İctimai Birliyinin İdarə Heyətinin üzvü
Bu gün sürətlə inkişaf edən bir ölkənin yenilikçi, aktiv gəncləri öz ətrafında birləşdirən, onları müasir inkişaf sürəti ilə ayaqlaşa bilmək üçün istiqamətləndirən İRƏLİ öz fəaliyyəti ilə həm ölkə daxilində, həm də xaricdə nüfuz əldə edə bilməyi bacarmışdır. Gənclik hər bir ölkənin gələcəyidir. Bu gələcəyi bacarıqla idarə edə bilmək istiqamətində fəaliyyət göstərən “İRƏLİ” İctimai Birliyi gəncləri məhz qüdrətli bir gələcəyin qurucuları kimi yetişdirməkdədir. Cəmiyyətin bütün sahələrindəki problemlər, həmçinin ictimai əhəmiyyət daşıyan istənilən məsələlərin işıqlandırılması, müzakirəyə çıxarılması və həlli yolları, müxtəlif layihələrin keçirilməsi ilə hər zaman maraq dairəsində olmaq elə də asan deyil. Lakin İRƏLİ bu missiyanın öhdəsindən bacarıqla gəlir. “İRƏLİ” İctimai Birliyi qarşısına qoyduğu daha yüksək və nurlu amallar uğrunda gənclərlə əl-ələ, çiyin-çiyinə birlikdə daha da irəliyə addımlayır.

 

 

 

Əliaslan Əliyev - “Azərbaycan Könüllülər” İctimai Birliyinin sədri
“İRƏLİ” İctimai Birliyi son 4 il ərzində mənim həyatımda, eləcə də cəmiyyətdə əsas yerlərdən birini  tutub. Qeyd edim ki, İRƏLİ İctimai Birliyi gənclərin inkişafında, dünyagörüşlərinin formalaşmasında xüsusi yeri var və gənclər bu məkanı özləri üçün artıq doğma sayırlar. “İRƏLİ” hər zaman hər bir istedadlı gəncin üzə çıxarılmasında istiqamət göstərib.
Sonda isə mən “İRƏLİ” İctimai Birliyini təbrik edirəm və fəaliyyətində uğurlar arzu edirəm.
 
 
 
 
 
 
 
 
 
Könül Nurullayeva - “İRƏLİ” İctimai Birliyinin İdarə Heyətinin üzvü
İRƏLİ haqda fikrimi soruşanda həmişə sadə bir cavabla üzləşirlər: səmimi fikir və ideyalarımı reallaşdıra biləcək ideal mühit. Bu mühitə xas olan əməksevərlik, məsuliyyət, məşəqqət, səbirli olub işi uğurla sona bitirmək bacarığı və s. bu kimi danılmaz amillər bu təşkilatın cəmiyyətə və gələcək nəsillərə nə qədər əhəmiyyətli olmasının bariz göstəricisidir.
 
 

 

 

 

 

Anar İmanov - Day.Az İnformasiya Agentliyinin əməkdaşı
Bir il əvvəl “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının bazasında eyni adlı İctimai Birliyin  yaradılması haqqında qərar qəbul olunub. Bundan sonra minlərlə gəncləri birləşdirən İRƏLİ daha güclü bir təşkilata çevrildi və bu fəaliyyət zamanı ərzində birlik tərəfindən bir çox sosial-ictimai layihələr həyata keçirildi. Biz inanırıq ki, İRƏLİ gələcəkdə daha böyük layihələr ictimaiyyətə təqdim edəcək. Çünki İRƏLİnin hər bir uğuru, bütün gənclərin uğurudur!
 
 
 
 
 
Aynur Talıbova – Jurnalist
Mənim İRƏLİ ilə tanışlığım baş tutub İsa Aydın vasitəsi ilə 2009-cu ilin iyul ayında. Həqiqi mənada hiss etdiklərimi deyirəm. Ofisin qapısını açıb ilk daxil olduğum andan buranın aurasını çox bəyəndim. Ofisin yerləşdiyi məkan, gənclərin əhval-ruhiyyəsi, daim buranın qaynaması bu tam mənə görə idi. Ağlım kəsəndən hiperaktiv bir həyat tərzi yaşayıram. Düzdür zamanın harada başlayıb harada bitməsini bilməsəm də bu mənim çox xoşuma gəlir. Əslində harada olduğumuz yerin sizə əgər müsbət təsir, pozitiv enerji verirsə bu o deməkdir ki, orada pozitiv enerji daşıyan insanlar var. Mən İRƏLİni nəyə görə bəyənirəm. Birinci olaraq, adına görə. İrəli olmaq insanın həmişə, həyatı boyunca devizi olmalı, irəliyə baxmalıdır. Ona görə də həmişə irəli baxan bir düşüncənin içərisində olmaq bu özü də insana bir müsbət enerji aşılayır. İkincisi isə burada iş var, əməl var. İş və əməllərin çox olması, gəncliyə yatırımın olması çox xoşdur. Mən həyatımın önəmli olan on il qismini xaricda yaşamışam, tələbəlik illərim də orada keçib. Geri qayıdandan bəri məndə gənclik mövzusunan bağlı ümumi bir pessimist əhval-ruhiyyə var idi. Amma həqiqi mənada görəndə ki, İRƏLİ kimi bir məkan var və proyektlərə baxıram “Gənc Liderlər üçün Yay Universiteti”, “Azərbaycanda 1-ci Foto və Sənət Düşərgəsi”, “İnformasiya Texnologiyaları Akademiyası” və digər layihələri sadalamaq olar və bunların hamısının məntiqinə baxanda görülən işlərin nə qədər xeyirli və vacib olduğunun fərqinə varırsan. Əgər İRƏLİ kimi fürsət varsa, gənclər də maksimum dərəcədə bunları dəyərləndirməli və maksimum bu proyektlərdən faydalanmalıdır. Özləri və öz gələcəkləri üçün

 

 

Nadir AZƏRİ - Jurnalist
Mən onları təxminən 3 il əvvəl tanıdım. 2005-ci ilin isti avqust günləri idi. Dostlardan biri telefonuma mesaj yazmışdı: “Yeni gənclər təşkilatı yaranır.Avqustun 26-da “Beynəlxalq Mətbuat Mərkəzi”ndə jurnalistlər üçün açıqlama veriləcək.Gəlsən pis olmaz”. Düzü, zamanında bir neçə gənclər təşkilatının əsasını qoymuş, Gənclər Təşkilatları Milli Şurasının mətbuat xidmətinin yaradılmasında birbaşa iştirak etmiş bir adam kimi yeni qurumun yaranması xəbərini maraqla qarşıladım. Bura jurnalist marağım da əlavə olundu və göstərilən tarixdə deyilən yerdə oldum.

Onlar - “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçiləri kifayət qədər sərbəst, iddialı və eyni zamanda aktiv fəaliyyət üçün hazırlıqlı təsiri bağışlayırdılar. Kim bilir, bəlkə də içimdə qalan bir işləmək paxıllığından dolayı ilk baxışdan onların bu sürətli hərəkətlərini qısqanclıqla qarşıladım. Bu hal özünü onlara ünvanladığım suallarda da biruzə verdi. Onu da deyim ki, qarşı tərəfdəkilər yəni yeni hərəkatın həmtəsisçiləri də mənim “cığallıq” etdiyimi anlamış kimi bir qədər qəzəbli baxışlarla mənə sarı boylandılar. Yalnız onlardan biri “müəllim tezliklə atacağımız addımlarla nəyə qadir olacağımızı görəcəksiniz” deyərək, bu baxış və söz savaşına son qoydu.

Bəli, doğrudan da qısa zaman kəsiyində onlar dediklərini etməyə, dövlətçiliyin maraqlarının müdafiəsi və gənclərin ictimai proseslərdə daha fəal şəkildə iştirak etməsi məsələlərində sözün həqiqi mənasında daima irəlidə olmağı bacardılar. Onlar keçirdikləri tədbirlər, reallaşdırdıqları bir-birindən maraqlı layihələr və proqramlarla Azərbaycan gəncliyinin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirə bilər. Gənclərlə bağlı bütün beynəlxalq tədbirlərdən İRƏLİnin əks-sədası gəldi. Bu, eyni zamanda Azərbaycan gəncliyinin xoş əks-sədası idi.

 Onlar kütləvi informasiya vasitələri ilə işləməyi də bacardılar. Daha doğrusu, tezliklə jurnalistlərin dostu və qarşılıqlı olaraq jurnalistlər də onların dostu oldu.

Bir il əvvəl 2008-ci il dekabr ayının 9-da KİV-də “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının özünü buraxdığı haqda məlumatlar yayıldı. Bizi çox üzdü bu xəbər və suallar yarandı – Sizin missiyanız tamamlandımı? Bundan sonra nə olacaq? Tezliklə, həmin suallara da cavab tapıldı. 24 dekabr 2008-ci il tarixində “İRƏLİ” İctimai Birliyinin Təsis Konfransı həyata keçirildi. 380 nəfər nümayəndənin iştirak etdiyi konfransın yekunu olaraq Ceyhun Osmanlı “İRƏLİ” İctimai Birliyinin sədri seçildi. Bu gün həmin tarixdən bir il ötür. Yəni, Ceyhun Osmanlı və onun komandasının formalaşdırdığı “İRƏLİ”  İctimai Birliyinin yaranmasından bir il ötür. Bu bir il ərzində həyata keçirilənləri isə yalnız bir sözlə ifadə etmək olar – “İRƏLİ”dən İRƏLİyə addımlayanlar nəyə qadir olduqlarını sübuta yetiriblər. Deməli, estafet etibarlı əllərdədir. 

 

İlkiz İskəndərli – “İRƏLİ” İctimai Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi
İRƏLİ mənim üçün prioritet sayılan yerlərdən biridir. Çünki məhz İRƏLİ mənim hal-hazırda uğurlarımın əldə edilməsində böyük rol oynayıb və daim öndə olmağa stimul verir. “ADIMIZ MƏQSƏDİMİZDİR” devizi altında göstərdiyim fəaliyyəti bundan sonra da davam etdirməyə hazıram. Bir sözlə İRƏLİ mənim üçün irəlidə olmaq deməkdir.

 

 

 

 

 

Məryəm Qulamova – “İRƏLİDƏ” radio layihəsinin rəhbəri, “İRƏLİ” İctimai Birliyinin İdarə Heyətinin üzvü
İRƏLİ arxasınca böyük gənclər ordusunu aparan uzun bir yoldur. Bu yolda Vətənə, Xalqa, Dövlətə sevgi, ənənələrə bağlılıq, sabaha inam, zəhmət və hüzur var.... Bu yol bizim yoldur! Bu yol BÖYÜK AZƏRBAYCAN GƏNCLİYİNİN yoludur!

 

 
 
 
 
 
 
 

Elşən Rüstəmov – 1 NEWS İnformasiya Agentliyinin əməkdaşı
“İRƏLİ” İctimai Birliyi 1 illik fəaliyyəti ərzində ölkənin siyasi həyatında xüsusi rol oynayan struktur kimi formalaşa bilmişdir. Bu təşkilatın üstünlüyü cəmiyyətdə baş verən hadisələrə çevik reaksiya, yenilikçilik, öz ideyaları, həyata keçirilən layihələr, həmçinin gələcəkdə ölkənin siyasi elitasını təmsil edə biləcək peşəkar kadrlardadır. Gəncliyi idarə etmək, onu düzgün istiqamətdə yönəltmək hər bir dövlətin qarşısında duran vacib məsələlərdən biridir. Sovet İttifaqının çökməsindən sonra gəncliyin idarə edilməsi sahəsində yaranan boşluğu yeni ideyalarla doldurmaq lazımdır. Bu nöqteyi-nəzərdən “İRƏLİ” İctimai Birliyi məhz ölkənin milli maraqları ilə gənclik arasında körpü yarada biləcək strukturdur. “İRƏLİ” İctimai Birliyi gənclər arasında maarifləndirmə işi aparmaqla gənc nəsilə Azərbaycan dövlətçiliyi maraqlarının nədən ibarət olduğunu anlada bilər. Azərbaycan coğrafi cəhətdən elə bir ərazidə yerləşir ki, böyük qonşu ölkələrin ideya təbliğatı və insan potensialı Azərbaycanın imkanlarını xeyli üstələyir və üstəgəl ölkəyə tədricən daxil olan müxtəlif ideya və dəyərlər gələcəkdə Azərbaycan dövlətçiliyi üçün problem yarada bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq “İRƏLİ” İctimai Birliyi öz fəaliyyətini aktivləşdirməli, gəncliyin düzgün ideya təbliğatı sahəsindəki işini gücləndirməli, yaranan boşluğu doldurmalı və ölkənin milli maraqlarına zidd olan dəyərlərin yol tapmasına imkan verməməlidir.  
 
 
 
 
 
Ayxan Mustafayev – “İRƏLİ” İctimai Birliyinin Layihə və proqramlarla iş üzrə katibi
İRƏLİ müasir gənclik üçün imkanlar dünyasıdır. Burada hər kəs faydalana və aktiv gəncliyin bir üzvünə çevrilə bilər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tinatin Vəliyeva - “İRƏLİ” İctimai Birliyinin İdarə Heyətinin üzvü
2006-cı ildən İRƏLİdə fəal gənclər sırasında çalışıram. Müxtəlif illərdə “Beynəlxalq əlaqələr və Qarabağ” departamentinin baş katibi, mətbuat xidmətinin rəhbəri kimi çalışmışam. Hal-hazırda Birliyin İdarə Heyətinin üzvüyəm.
Deyərdim ki, elə ilk illərdən işimizə məsuliyyətlə yanaşmağımız, tələbkarlığımız işimizin, fəaliyyətimizin effektliyini artırırdı ki, bu da bu günkü İRƏLİyə gətirib çıxardı.
İRƏLİ mənim üçün gözəl, səmimi münasibət, mehriban dostlar, biliyin, təcrübənin, birgə işin, nailiyyətin, uğurun, qarşıya çıxan problemlərin paylaşdığı mühit deməkdir. İRƏLİ çoxumuz üçün gözəl məktəb oldu. Burada əldə etdiyimiz təcrübə bizə bir çox problemləri həll etmək istiqamətində yardımçı oldu.
Düzdür konfliktlər olurdu. Bu gün də var, sabah da olacaq. Bu da təbii prosesdir. Günü-gündən Birliyimizə tamamilə fərqli insanlar qatılır və bu insanlarla qarşılıqlı hörmət əsasında bir yerdə işləmək bəzən çox çətin olur. Əsas odur ki, işimiz və fəaliyyətimizin bizi düşündürdüyü bu məqamda bu cür mübarizələrə enerji sərf etməyi hər zaman yanlış hesab etmişik.
Gələcəyə baxışım nikbindir. Potensialımız var, inanıram ki, biz düzgün istiqamətdə inkişaf edirik və hər birimiz üzərimizə düşən işi məsuliyyətlə yerinə yetirsək, daha prinsipial, daha iradəli, daha bilgili olsaq, daha böyük uğurlara imza atmış olarıq.
Unutmayaq ki, hər birimiz özümüzü inkişaf etdirərək Vətənə xidmət edirik. Çünki hər birimizin fəaliyyətinin əsasında Vətənimizin inkişafı və firavanlığı dayanır.
 
 
 
 
Xalid Məmmədov - Azərbaycan Dövlət Teleqraf Agentliyinin əməkdaşı
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının əsasında yaranan “İRƏLİ” İctimai Birliyinin gələcəyinə nikbin baxıram. Azərbaycanda gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir. Bu mənada “İRƏLİ” İctimai Birliyi gənclərin hərtərəfli inkişafına dəstək vermiş, bu sahədə bir çox layihələrə imza atmış, respublikanın aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbirlər həyata keçirmişdir. Bu da, təşkilatın əhəmiyyətini və səmərəsini artırır.
İnanıram ki, bundan sonra da Birlik gənclərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirakına, onların yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunmasına öz töhfəsini verəcəkdir.
 
 
 
 
 
 
 
 
Mikayıl Zeynalov - “İRƏLİ” İctimai Birliyinin İdarə Heyətinin üzvü
“İRƏLİ” İctimai Birliyi “İnformasiya Texnologiyaları Akademiyası”, “Gənc Liderlər üçün Yay Universiteti”, “Arxeoloji düşərgə”, “Bələdiyyə 2009” kimi layihələrlə öz fəaliyyətini tək Bakı şəhərində deyil, ölkəmizin bütün regionlarını əhatə edərək özünün ümummilli bir təşkilat olduğunu göstərdi.
Cəmiyyətimizdə baş verən proseslərdə daim öndə olmaqla, gənclərin qarşısında duran müxtəlif problemləri araşdırıb həll etməklə “İRƏLİ” İctimai Birliyi özünün bir illik fəaliyyəti dövründə Azərbaycanda gənclərin flaqmanına çevrildi.   
 Məhz bu uğurlu fəaliyyətin nəticəsidir ki, İctimai Birlik ətrafında birləşən gənclərin sayı minlərlədir və hər gün də artmaqdadır. 
 
 
 
 
 
 
 
 
Mahir Məmmədov - York Universiteti Magistr,  "İRƏLİ" İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının üzvü
Artıq bir ildir ki, İRƏLİ bir ictimai birlik kimi fəaliyyət göstərir və Azərbaycan gəncinin brendinə çevrilib. İRƏLİ bir gənclər ordusudur ki, sırasında intellektual, təşəbbüskar, innovativ, sağlam düşüncəli, vətəni və milləti uğrunda gözünu qırpmadan gecə-gündüz çalışan əsgərləri vardır. İstər lokal, istər regional, istərsə də beynəlxalq arenada öz sözümüzü demişik, deyirik və əminəm ki, xalqımızın igid övladları, dövlətimizin düzgün qurulmuş daxili və xarici siyasəti nəticəsində həmişə deyəcəyik. Mən bu orduda bir zabit olduğuma görə fəxr edirəm. Bütün İRƏLİçiləri təbrik edirəm.
 
 
 
 
 
 
 
 
 

Ülviyyə Şamilqızı - Xalq Cəbhəsi qəzetinin müxbiri
İRƏLİ Azərbaycan gəncliyinin həyatında nəinki mühüm rol oynayan təşkilat, həmçinin ikinci evidir desəm yanılmaram. Çünki, Azərbaycanda gəncləri hər sahədə inkişaf etdirib, onlara işlərində istiqamət verib, düzgün yola yönləndirən 2-ci bir təşkilat demək olar ki, yoxdur. Jurnalist işlədiyim üçün bir çox təşkilatlarla sıx əlaqədə oluram, amma işinə belə məsuliyyətlə, eyni zamanda KİV vasitələrinə və digər qurumlara bu qədər hörmətlə yanaşan 2-ci bir təşkilatın olmadığını əminliklə deyə bilərəm. Təşkilatlar sırasında İRƏLİnin ən çox üzv sayının olması sözlərimin bariz nümunəsidir. İRƏLİ təkcə gəncləri üzvlüyə qəbul etməklə kifayətlənmir, onların Azərbaycanla yanaşı, bir çox xarici ölkələrdə də seminarlar, tədbirlər və nüfuzu olan beynəlxalq yarışlara qatılmasına imkan yaradır. Bir neçə dəfə İRƏLİnin üzvü olan gənclərlə seminarlarda iştirak etmişəm. Bu gənclər sayəsində Azərbaycan sabaha ümidlə baxa bilər. Çünki İRƏLİ üzvlərini maarifləndirmək üçün Avropa təcrübəsindən istifadə etsə də, hər zaman milli ruhun qorunmasının tərəfdarı olub. Məhz buna görə də təşkilatın gəncləri həm dünyagörüşlü, həm də çox vətənpərvərdirlər. Bir sözlə İRƏLİ Azərbaycanın gələcəyi üçün yararlı olacaq çox savadlı kadrların yetişdirilməsində, onların inkişaf etdirilib dünya səviyyəsinə çıxmasında böyük xidmətə malikdir.
İRƏLİyə işlərində hər zaman İRƏLİDƏ olmağı arzu edirəm.
 
 
 
 
 
Ramiz Məmmədli – “İRƏLİ” İctimai Birliyinin İdarə Heyətinin üzvü, “Bələdiyyə-2009” layihəsinin rəhbəri
İRƏLİ mənim üçün konstruktiv düşüncə tərzi və müsbət enerji qaynağı olan dostlar şəbəkəsidir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məftun Salmanov - Zaman-Azərbaycan qəzetinin müxbiri
İlk öncə onu deyim ki, mənim jurnalist qismində qatıldığım ilk tədbir və yazdığım xəbər məhz “İRƏLİ” İctimai Birliyinin yaradılması barədə olub. Fikrimcə, “İRƏLİ” İctimai Birliyi geridə qalan bir il ərzində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacardı və ona bəslənən etimadı doğrultdu. Onu da xüsusən qeyd etmək istərdim ki, “İRƏLİ” İctimai Birliyi   siyasi-ictimai baxışlarından asılı olmayaraq, bütün gəncləri ətrafına toplaya biləcək yeganə birlikdir. Fərəhləndirici haldır ki, birlik fəaliyyət istiqamətini təkcə Bakı şəhəri ilə məhdudlaşdırmır, bölgələrdə də aktiv şəkildə silsilə tədbirlər keçirir. Xüsusən “İnformasiya Texnologiyaları Akademiyası” layihəsini vurğulamaq istərdim. Çünki “İRƏLİ” İB-nin yaradılması münasibətilə təşkil olunan tədbirdə çıxış edən birliyin sədri Ceyhun Osmanlı bildirmişdi ki, məqsədləri adət-ənənələrə sadiq qalmaq şərti ilə müasir Azərbaycan kimliyini formalaşdırmaqdır. Bu baxımdan birliyin gənclərin maariflənməsi, müasir biliklərə yiyələnməsi yönündə gördüyü işlər diqqətə layiqdir. Digər tərəfdən, birliyin ölkənin ictimai, siyasi, mədəni və digər sahələrdə aktiv fəaliyyət göstərən şəxslər ilə gəncləri bir araya gətirmək təşəbbüsü olduqca faydalıdır. Birliyə üzv olan gənclərin enerjili və müasir dünyagörüşlü olmaları birliyin gələcəyinə ümidlə baxmağa imkan verir. İstərdim ki, “İRƏLİ” İB-i gələcək planlarında gənclərin sosial problemlərinin həlli məsələlərinə də xüsusi yer versin. Sonda bir yaşınızı təbrik edir və gələcək işlərinizdə uğurlar arzu edirəm.
 
 
 
Amal Alışarlı – Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşı
Mənim İRƏLİ ilə tanışlığım 2007-ci ildən başlayır. O dövrün aktiv gənclər hərəkatı kimi diqqətimi çəkmişdi. O zamanlar da, ictimai birliyə çevrildikdən sonra da işimlə əlaqədar İRƏLİ ilə yaxın münasibətlər qurulub. Bu gənclər birliyini artıq kifayət qədər tanıyıram. Çünki İRƏLİnin fəaliyyəti müasir Azərbaycan gəncliyinin qayğılarının, problemlərinin araşdırılması və onlara təşkilatlanma təcrübəsinin öyrədilməsi baxımından mənim üçün də maraqlıdır. Deyə bilərəm ki, zaman keçdikcə sizin Azərbaycanın ictimai-siyasi həyatında gedən proseslərə təsir imkanlarınız da genişlənir və görünən odur ki, təşkilatınız bu yolda həqiqətən rəqibsizdir. Məncə, bu gün ölkənin heç bir gənclik təşkilatı İRƏLİdən irəlidə deyil! Sorğunuzda mənə yer ayırdığınız üçün sizə təşəkkür borcluyam. Gələcək fəaliyyətinizdə isə sonsuz uğurlar arzu edirəm.
 
 
 
 
 
 
 

Hikmət İsmayılov - Azərbaycan Gənclər Parlamentinin sədri, “İRƏLİ” İctimai Birliyinin üzvü
“İRƏLİ” İctimai Birliyi Azərbaycan gəncliyinin hər tərəfli formalaşmasında mühüm rol oynayır. Artıq Azərbaycanda və dünyada baş verən istənilən hadisəyə “İRƏLİ”-çilərin reaksiyası bütün Azərbaycan gəncliyinin fikri olaraq qəbul edilir. Üzvlərimizin sayının çox olması və intellekti ilə fərqlənən gənclərin ”İRƏLİ”də olması bunun əsas səbəbidir.

Bir daha “İRƏLİ”-çiləri və “İRƏLİ”-nin fəaliyyətində əməyi keçmiş hər kəsi ürəkdən təbrik edirəm.

 

 

 

 

 

 
Adilə Cəfərova – “İRƏLİ” İctimai Birliyinin üzvü
Artıq iki ildir “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti ilə tanışam. Bu illər ərzində təşkilatın təşkil etdiyi bir çox layihə, seminar, təlimlərin iştirakçısı olmuşam. Bu aləmdə mən öz dostlarımı tapmışam. Belə bir nəticəyə gələ bilərəm ki, İRƏLİ gəncləri birləşdirən və onların gələcək fəaliyyətində stimul verən bir ailədir! O ailə ki, gəncləri düz istiqamətdə, düz yöntəmdə inkişaf etməyə kömək edir. Ailənin başçısı Ceyhun Osmanlı isə, təkcə ailənin başçısı deyil, həm də gənclərin dərin hörmət bəslədiyi, çox istədiyi, özlərinə böyük qardaş bildiyi bir dostudur.
 

 
 
 
 
 
 
 
 
 
Səbuhi Rzayev - York Universiteti - Magistr,  “İRƏLİ” İctimai Birliyinin üzvü
İRƏLİ bir gənclər qurumu olaraq, mənə həddindən çox əzizdir. Mən İRƏLİ də böyümüşəm, boya başa çatmışam desəm yanılmaram. Düz beş il bundan əvvəl, İRƏLİ mənim üçün bir istiqamət göstəricisi idisə, bu gün İRƏLİ mənim həyatımın istiqamət göstəricisidir. Bu gün İRƏLİ kəlməsi mənim üçün həqiqətən özündə böyük bir mənanı əks etdirir və bir gənc olaraq həyat yollarında geniş addımlarla irəliləməyimdə çox böyük rol oynayıb. İRƏLİ mənim bu həyatda daim İRƏLİləməyə dəstək olacaq dostlar qazandırıb və mənə bir Azərbaycan vətəndaşı olaraq, necə fəal və vətənpərvər olmağı, daim AZƏRBAYCANIMIZI İRƏLİyə, İNKİŞAFa aparan yolları öyrədib. İRƏLİ mənim üçün böyük şəbəkədir. İRƏLİ böyük bir gənclər ordusudur – silahı beynində və fəallığında, dinamikliyində olan bir ordu. İRƏLİ çox güclü birlikdir. Cəmiyyətin bütün sahələrindən və təbəqələrindən olan bir gəncliyi özündə birləşdirib. İRƏLİ ümumavropa mottosu olan BİRLİKDƏ FƏRQLİLİK (UNİTY İN DİVERSİTY) prinsiplərini özündə cəmləşdirir. İRƏLİdə Hər Kəs Bərabərdir çünki İRƏLİdədir və Hər Kəs Fərqlidir çünki insanlar fərqlidir.
İRƏLİ bu gün gənclər sektorunun lider bir strukturudur. O struktur ki, özündə yeni fikirli, açıq düşüncəli, məsuliyyətli, demokratik və şəffaf gəncləri birləşdirir. Bu məsuliyyətlilik İRƏLİnin həyata keçirdiyi layihələrdə də öz əksini tapır. Bu gün İRƏLİ gəncliyin hər bir probleminin həllinə çalışır. Reallaşması mümkün ola bilməyəcək ideyaları reallaşdırır və subüt edir ki, həyatda mümkün olmayacaq bir ideya yoxdur. Bunun üçün inam, istək və hərəkət lazımdır. Bunu İRƏLİ edir və İRƏLİ bir dəbli marka (brend) formalaşdırmağa nail olub.
Mən İRƏLİyə bir gənc olaraq fəaliyyətində uğurlar, ətrafına daha da güclü gəncləri cəlb etməyi və bütün Azərbaycan gənclərini birləşdirən qurum olmağı arzu edirəm. Sonda üzümü Azərbaycan Gənclərinə tutaraq demək istərdim - GƏNCLİK İRƏLİ SİZİN GƏLƏCƏYİNİZ ÜÇÜN ÇALIŞIR. GƏLƏCƏK GƏNCLƏRİNDİR VƏ GƏLƏCƏK İRƏLİDƏDİR.....
 
 
Murad Rzayev – “Azərbaycan Könüllülər İctimai Birliyi”nin vitse-prezidenti
“İRƏLİ” İctimai Birliyi Azərbaycanın müstəqilliyi dövründən bəri Azərbaycan gəncinə ən böyük töhvə verən təşkilatdır. Birlik 1 il ərzində mümkün olmayanı mümkün etdi. Gənclərin inkişafı üçün bu il çox faydalı və uğurlu keçdi. Mən fəxr edirəm ki, İRƏLidəyəm
 

 
 
 
 
 
 
 
 
Lətifə Əlieya - "İRƏLİ" İctimai Birliyinin Katibliyinin assistenti
Mənim uşaqlığımdan gəncliyimə keçid dövrü “İRƏLİ”də olduğum dövrlə üst – üstə düşdü. Dörd  il əvvəl “İRƏLİ” yə gəlib üzv oldum. Ümumilikdə böyük bir iş strukturunun bir hissəsi olmaq mənə böyük şərəf verir. “İRƏLİ”yə gələndən mən, bir çox layihələrin həyata keçirilməsində iştirak etdim. Bir sözlə “İRƏLİ” bir məktəbdir ki, hər bir gənc bunu keçməlidir.
 
 
 
 
 
 
 
 
 
 
 
Süleyman İsmayılbəyli - “OLAYLAR” qəzetinin müxbiri
“İRƏLİ” İctimai Birliyi fəaliyyət göstərdiyi bir il ərzində əksər təşkilat və birliklərin illərlə həyata keçirə bilmədiyi layihələri reallaşdıraraq həqiqətən İRƏLİdə olduğunu bir daha təsdiqlədi. Qısa müddət ərzində bütün sahələrdə öz sözünü deyən İRƏLİ maraqlı layihələri ilə də gənclərin diqqətini özünə cəlb edə bildi. Fəaliyyət göstərdiyi bir ildə “İnformasiya Texnologiyaları Akademiyası”, “Bələdiyyə-2009” və bu kimi digər layihələr həyata keçirən İRƏLİ gənclərin mili-mənəvi ruhda böyüməsi, onların pis vərdişlərdən uzaqlaşdırılması, Azərbaycanın üzləşdiyi problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində də aktiv fəaliyyət göstərdi. İRƏLİnin müəllifi olduğu “İlhamla İRƏLİ” brendinin bu gün Azərbaycanda hamı tərəfindən qəbul edilən brendə çevrilməsi də İctimai Birliyin aktiv fəaliyyətindən xəbər verir.
İRƏLİ ilə yaxından əməkdaşlıq edən mətbuat nümayəndəsi kimi İctimai Birliyin bütün üzvlərini bir illik yubileyləri ilə bağlı təbrik edir, daim İRƏLİdə olmağınızı arzulayıram.
 
 
Aliyə Qurbanova  -  “Arxeoloji düşərgə” və “Azərbaycan tarixinin elektronlaşdırması” layihəsinin eyni zamanda “Tarix Mərkəzi”nin rəhbəri
Bir çox gənclər kimi mənim də maraqlarım və həyata keçirmək istədiyim layihələr olub. Ancaq layihə olması şərt deyil, həmin layihəni dəstəkləyən və səndə güvən yaradan bir orqan və ya biri olmalıdır. O vaxt  məndə də komplekslər olub ki, birdən layihəm alınmaz, bəyənilməz bəlkə heç təklif etməyim. Lakin bütün bunlar layihəni təqdim edənədək idi. İRƏLİ mənim layihələrimi dəstəkləyən və məndə etibar, güvən oyadan bir orqan oldu. İRƏLİ də ən çox xoşuma gələn xüsusiyyətlərdən biri isə Birliyin sədrinə rahat ulaşılmaq və sona qədər dinlənməkdir. Yəni yaxşı bir ideyan varsa o mütləq həyata keçəcək və dəstəklənəcək.
İRƏLİ gənclərdə olan potensialdan düzgün istifadə edən, gəncləri düzgün tərəfə yönləndirən, stimul və dəstək verən, gənclərdə inamı artıran, onların karyeralarının qurulmasında yaxından iştirak edən bir birlikdir. İRƏLİ mənim inkişafımda yeni bir yol açdı. Buna görə mən “İRƏLİ” İctimai Birliyinə, onun sədrinə və orada çalışan bütün komandaya təşəkkürümü bildirirəm.
 
 
 
 
 
 
 
 
Anar Tağıyev – “Azərbaycan” qəzetinin müxbiri
Açığı “İRƏLİ” Gənclər Təşkilatının fəaliyyətinin geniş miqyas alacağına o qədər də inanmırdım. Çünki 2005-ci ilə qədər ölkəmizdə bu tipli gənclər qurumu çox təsis edilmişdi. Həmin təşkilatların fəaliyyəti isə qənaətbəxş deyildi və etimadları doğrultmurdu. Bu səbəbdən İRƏLİnin də sıradan bir təşkilat olacağını zənn edirdim. Lakin az sonra zənnimdə yanıldığımı düşündüm. İRƏLİ həyata keçirdiyi layihələrlə, tədbirlərlə gənclər sferasındakı mövcud boşluğu doldurdu.
Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilsə də, bu sahədəki dinamikliyin tam təminatı gənclərin öz təşəbbüsləri, fəallıqları ilə birbaşa bağlıdır ki, indi bu missiyanı İRƏLİ öz üzərinə götürüb. Təxminən bir il bundan öncə ictimai birliyə çevrilən “İRƏLİ” İctimai Birliyi qeyri-hökumət təşkilatı olaraq çox fəal qurumdur. Bu fikri sübut etmək üçün təşkilatın son bir il ərzindəki tədbirlərini, layihələrini sadalamaq yetər. Arzu edirəm ki, “İRƏLİ” İctimai Birliyi inkişaf tempinə görə regionun lider dövlətinə çevrilmiş Azərbaycanı daim irəli aparsın, gənclərimizin də bütün sahələrdə liderliyini təmin etsin və onlara ölkəmizin ictima-siyasi, sosial, hüquqi və humanitar sahələrində daha yaxından iştirak etmələrinə fəal yardımçı olsun.
 

 
 
 
 
Əli Zülfüqaroğlu - “Həftə içi” qəzetinin müxbiri
“İRƏLİ” İctimai Birliyi bu gün Azərbaycanda ən fəal olan təşkilatlardandır. İctimai Birliyin “İRƏLİ” Gənclər Hərəkatının bazasında yaradılması onun fəaliyyətində önəmli rol oynadı. Təşkilatın həyata keçirdiyi maraqlı layihələr mətbuat tərəfindən maraqla izlənilir. Bu qurum yeganə təşkilatdır ki, onun fəaliyyəti barədə məlumatlar mütəmadi olaraq KİV-də dərc edilir. İRƏLİ fəaliyyət göstərdiyi bir il müddətində daha da tanınıb və təsir imkanlarını artırıb. Qurumun perspektivli gənclərdən təşkil olunması isə təqdirəlayiq haldır və bu amil əksəriyyəti gənclər olan mətbuat nümayəndələrinin ona daha çox diqqət ayırmasında rol oynayır. Eyni zamanda İRƏLİ də mətbuatla əlaqələrini yüksək səviyyədə qurub. Təşkilat istər ölkə daxili, istərsə də beynəlxalq aləmdə Azərbaycanla bağlı baş verən proseslərə biganə qalmır və reaksiya verir. “İRƏLİ” İctimai Birliyini 1 illiyi münasibətilə təbrik edirəm. Təşkilatın sədri Ceyhun Osmanlı başda olmaqla üzvlərinə uğurlar arzu edirəm.      
 
 
 
 
 
 
 

Nigar Cəfərova – “İRƏLİ” İctimai Birliyi - Qeydiyyatçı
“İRƏLİ” İctimai Birliyi - gənclərin mənafeyini qoruyan, onların inkişaf yolunu öz amalına doğru yönləndirən bir qurumdur. Onun nəbzi gənclərlə döyünür. Gənclərin prespektiv inkişafına zəmin yaradan bu qurumu və onun həyata keçirtdiyi hər yönümlü lahiyələrini çox bəyənirəm. Son zamanlar həyata keçirilən yerli və beynəlxalq layihələrin uğurlu nəticəsi “İRƏLİ” İctimai Birliyinin öz işinə çox məsuliyyətlə yanaşmasından xəbər verir. Potensiallı, istedadlı və intellektual gənclərin önə çıxarılmasında İctimai Birliyin hədsiz rolu var və bu addım təqdirə layiqdir. Uğura başlanğıcın ən doğru yolu işinə məsuliyyət və istəklə yanaşmaqdır. Bu şərəfli və çox məsuliyyətli yolda “İRƏLİ” İctimai Birliyinə Uğur olsun.


 

 

 

 
 
Aygün Əsgərzadə - “İRƏLİ” İctimai Birliyinin üzvü
İRƏIİ mənim üçün dostların birləşdiyi bir məkandır. Fikrimcə ölkəmizdə gənclərin belə mütəşəkkil şəkildə birləşdiyi başqa bir qurum yoxdur. Bizim öz çərçivəmiz, dəsti-xəttimiz var. Özünü bu mühitdə tapa bilən hər bir gənc İRƏLİyə üzv ola bilər. Bunun əsasında işgüzarlıq, sevgi, dostluq, qarşılıqlı hörmət, təvazökarlıq kimi gözəl dəyərlər durur. Belə bir dəyərlərin paylaşılması, bir gənc nəsildən digər gənc nəsilə ötürülməsi hər bir cəmiyyət üçün, onun inkişafı üçün faydalıdır. Belə düşünürəm ki, İRƏLİ öz fəaliyyəti ilə ölkəmizin qüdrətlənməsinə, onun beynəlxalq aləmdə yerinin möhkəmlənməsinə öz töhfəsini verməkdədir.  
 

 
 
 
 
 
 
 
Roman Qaraşov – “İRƏLİ” İctimai Birliyi Hüquq Mərkəzinin sədri
İctimai sektorda gedən proseslərə əhəmiyyətli dərəcədə təsir etmək imkanına malik olan, respublikanın ən böyük gənclər təşkilatı “İRƏLİ”  İctimai Birliyi fəaliyyətinin ilk ilində minlərlə gənci əhatə edən layihələr reallaşdırdı. Ümid edirik ki, İRƏLİ növbəti ildə artıq konkret istiqamətlər üzrə - hüquq, tarix və s. elmi potensiala malik gəncləri üzə çıxaracaq, onların Azərbaycan Respublikasının gələcək inkişafı naminə keyfiyyətli kadr kimi formalaşmasına dəstək göstərəcəkdir. 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Son olaraq qeyd etmək istəyirəm ki, nəticələr “İRƏLİ” İctimai Birliyinin ictimaiyyət arasında öz nüfuzunu qoruyub saxladığını, həmçinin geniş fəaliyyət potensialına malik olduğunu bir daha təsdiqlədi. İRƏLİ brendinin ortaya çıxmasının 4 yaşını, “İRƏLİ” İctimai Birliyinin isə 1 yaşını təbrik edirəm və uzunömürlü olmasını arzu edirəm.

 

Nəzakət Əliyeva

 

Elanlar
İRƏLİ-YƏ ÜZV OL

Günün fotosu
Günün şəkli
DİGƏR FOTOLAR
İRƏLİ NetworkUnutmuruq
Netty 2011 Qalib