İRƏLİ İctimai Birliyi
Dil seçimiEnAz

İRƏLİ

Zaur Darabzadə: Eynşteyn iddia edirdi ki, hər bir uşaq DAHİDİR.
25 yanvar 2010
Müasir gənclik ictimai həyatın bütün sahələrində öz gücünü müvəffəqiyyətlə sınayır. Zamanın nəbzini tutmaq, texniki proqreslə ayaqlaşa bilmək dünya maştabında baş verən bütün qlobal məsələlərə çevik münasibət və yaşadığı cəmiyyət quruculuğunun fəal iştirakçısı ola bilmək bu günkü Azərbaycan gəncliyinin əsas şüarıdır. Gənclər öz tükənməz gücü, əzmi və ən başlıcası isə inamı ilə hər zaman irəliyə addımlayır.
 
XXI əsr texniki tərəqqi əsri olaraq KİV sahəsində daha çox öz təsirini göstərməkdədir. Durmadan artan tərəqqi, internet şəbəkəsi informasiya bolluğu şəraiti bu sahədə daha böyük professionallıq, dəqiqlik tələb edir. Bütün informasiya və yenilikləri cəmiyyətə çatdıran ən böyük vasitə Kütləvi İnformasiya Vasitələridir.
 
İreli.az saytıının elə ilk qonağı ictimai həyatda aktivliyi ilə fərqlənən, Azərbaycanda ilk internet radionun – “Day.Az Radio”nun müəllif və direktoru, PR mütəxəssis, eyni zamanda “İRƏLİ” İctimai Birliyinin media məsləhətçisi Zaur Darabzadədir.  
 
 
- “İRƏLİ” İctimai Birliyinin fəal üzvüsünüz, eyni zamanda Day.Az Media şirkətində çalışırsınız, bu əməkdaşlıq barədə  nə deyə bilərsiniz?
 
 
- Artıq uzun müddətdir biz “Day.Az” informasiya portalı olaraq “İRƏLİ” İctimai Birliyi ilə yaxından əməkdaşlıq edirik və bütün layihələrinin informasiya partnyoruyuq. Tam səmimiyyətlə qeyd etmək istəyirəm ki, “İRƏLİ” İctimai Birliyinin yüksək intellektli müasir gənc kollektivi ilə işləmək insanda özünə inam və hər-hansı layihə üzərində daha da səylə çalışmağa həvəs yaradır.
 
- Bir çox ictimai və sosial layihələrin rəhbəri, eyni zamanda təşkilatçısı olmusunuz. Necə oldu ictimai fəaliyyətə başladınız?
 
- Hər bir insan ictimai fəaliyyətdədir, sadəcə olaraq mövqelər fərqlidir. Mənim ictimai fəaliyyətimin başlanğıcı 2002-ci ilə təsadüf edir. İlk olaraq “Angel.Az” adlı  sosial və xeyriyyə layihəsi ilə başlamışam. Gənclərlə ünsiyyət, qəbul edilən qərarlara görə məsuliyyət daşımaq hissi məndə müəyyən xüsusiyyətləri təkmilləşdirməyə və öz vətəndaş mövqeyimi müəyyən etməyə kömək edib. Mən düşünürəm ki, şəhərin əsas sərvəti onun insanlarıdır və bu fəallıq hər bir insan tərəfindən irəli gəlməlidir. Bu fəaliyyət mənə məqsədsiz yox, əsl həyatın nəbzini tutmağa imkan verir. 
  
- Azərbaycanda ilk internet radio layihəsi olan "Day.az Radio" layihəsinin müəllif və rəhbərisiniz. Layihənin əsas məqsədi nədən ibarətdir və ümumiyyətlə proqramların hazırlanmasında, mövzuların seçilməsində əsas olaraq nəyə diqqət yetirilir?
 
- Əvvəlcə onu deyim ki, bizim devizimiz belədir: “Bizi tək Azərbaycan deyil, bizi bütün dünya dinləyir”. Artıq bundan bəlli olur ki, bizim dinləyicilərimiz həm də, xaricdə yaşayan azərbaycanlılardır. Burda onlar 24 saat milli musiqiləri dinləməklə yanaşı, həm də Azərbaycanda və dünyada baş verən bütün hadisələrdən xəbər tuta bilirlər. Onu da qeyd etmək istəyirəm ki, radiomuzda informasiya xarakterli, yəni ölkənin ictimai-siyasi proseslərini özündə əks etdirən verilişlərə xüsusi yer verilir. Hər gün radiomuza millət vəkilləri, siyasətçilər, ictimai və mədəniyyət xadimləri dəvət edilir. Dünyanın istənilən nöqtəsindən oxucularımız birbaşa öz suallarını studiyaya dəvət edilən qonağa ünvanlaya bilirlər. Hər saatın tamamında canlı olaraq Azərbaycanda və dünyada baş verən ən mühüm xəbərlərlə efirə çıxırıq.
 
Nəzərinizə çatdırmaq istəyirəm ki, bizim efirdə bu gün cəmiyyətdə əksəriyyətinin narazılığına səbəb olan bayağı musiqi eşidə bilməzsiniz. Bizim efirimizdə yalnız Azərbaycan musiqisində sözünü demiş, özünü təsdiqləmiş sənətkarların mahnıları səslənir. Eyni zamanda peşəkar fəaliyyətlə məşğul olan gənc müğənnilərə də diqqət ayrılır. Bildirmək istəyirəm ki, heç bir kommersiya xarakterli mahnı və ya verilişlərə önəm vermirik.
 
Bunu xüsusi qeyd etmək istəyirəm ki, Day.Az Radionun əsas məqsədi Azərbaycanın qədim və müasir tarixini, reallığını, mədəniyyətini və musiqisini dünya ictimaiyyətinə çatdırmaq və təbliğ etməkdir.  
 
- İnternet radio ilə FM radionun dinləyici və proqram fərqini necə müqayisə etmək olar?
 
- XXI əsrdə yaşayırıq və müasir texnologiya ən yüksək səviyyədə inkişaf etməkdədir. Əvvəllər radioları ayrı diapazonda, yəni AM, 20-ci əsrin sonlarında və 21-ci əsrin əvvəllərində isə FM diapazonunda dinləyirlər. Təbii ki, texnologiya inkişaf etdiyi üçün artıq radionu internet vasitəsilə də dinləmək mümkündür. Əvvəllər TV və Radio məişət avadanlığı sayılırdısa indi isə onların sırasına kompüter də daxil olub. İndi demək olar ki, hər bir evdə kompüter var. Bu isə o deməkdir ki, heç bir ötürücü lazım olmadan kompüter vasitəsilə internetə daxil olub, dünyanın istənilən nöqtəsindən radionu dinləmək olar.
 
Əvvəlcə bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Azərbaycanda ümumilikdə 10-a yaxın FM radio fəaliyyət göstərir. Azərbaycanda 9 milyonluq əhali arasında orta hesabla eyni anda 300-500 min dinləyici FM radiodan yararlanır. Bu da onu göstərir ki, FM radioların eyni anda dinləyicisinin sayı 40-50 min arasında dəyişir. İstisna vaxtlar olur ki, bəzi verilişlərin efir saatında dinləyicinin sayı 100 mini ötür. Onu da qeyd edim ki, Azərbaycanda hazırda radionun dinləyici kütləsini dəqiqliklə müəyyənləşdirmək mümkün deyil. Amma dünyanın müxtəlif yerlərində rəqəmsal radiolar artıq fəaliyyət göstərir və xüsusi texnologiya ilə radionun eyni anda nə qədər dinləyicisi olduğunu dəqiqləşdirmək olur. Radiomuz internet vasitəsilə yayımlandığı üçün bizim dinləyicilərimizin sayını və hansı ölkədən bizi dinlədiyini öyrənməyimizə müasir texnologiya imkan verir. Dinləyicilərimizin sayı isə 22-25 min arasında dəyişir. FM radioları bildiyiniz kimi Azərbaycanda yayımlanır. Bəzən isə hətta ölkənin bir sıra bölgələrində çətinliklə dinlənilir. Gələcəkdə dinləyicilərimizin sayının yüz minlərlə olacağı şübhəsizdir.
 
- Bu yaxınlarda sizin portalın sorğusu əsasında ilin ən yaxşı idmançıları mükafatlandırıldı. Saytınızda bu səpkili sorğular mütəmadi keçirilirmi?

- Day.Az informasiya portalının keçirdiyi “Son 10 illiyin ən yaxşı idmançısı” sorğusunda saytımızın istifadəçiləri güləş, cüdo, şahmat, bədii gimnastika, futbol və digər idman növləri üzrə 30 idmançıdan birinə səs verə bilərdilər. Sorğunun nəticələrinə görə son onilliyin ən yaxşı idmançısı adına yunan-roma güləşi üzrə 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı Fərid Mansurov layiq görüldü. Reytinqin 2-ci pilləsində 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarının qızıl medalçısı Elnur Məmmədli idi. İlk üçlüyü bu il Serbiyada və Rusiyada keçirilən mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edərək, Avropa çempionluğunu qazandıran qrossmeyster Teymur Rəcəbov tamamlayır. Ümumiyyətlə saytımızda bu tipli sorğular mütəmadi olaraq keçirilir.

- "Day.az" informasiya portalı nominasiyası üzrə 2009-cu ilin ən yaxşı şirkəti adına layiq görülüb. Bu müddət ərzində ətrafınıza topladığınız oxucu kütləsinin artan maraqlarına cavab vermək üçün daha hansı yeniliklər nəzərdə tutulur?
 
- 2009-cu ildə Day.Az rus dilində hazırladığı Ermənistanın işğalçılıq siyasətindən bəhs edən "Путь в никуда: В капкане иллюзий" ("Heç yana aparmayan yol. İllüziyalar burulğanında") kitabını təqdim etdi. Nəşr əsasən beynəlxalq aləm üçün nəzərdə tutulub. Artıq kitab rusdilli ölkələrə göndərilir. Kitab rus dilindədir və hazırda ingilis dilinə tərcümə olunur. Kitabda Day.Az-da il ərzində Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı dərc olunmuş materiallar toplanıb. Kitabın əsas məramı Ermənistanın işğalçı siyasətini bütün dünya ictimaiyyətinə çatdırmaqdır. Məqsədimiz Ermənistanın qondarma işğalçı və terrorçu siyasətini media vasitəsilə beynəlxalq aləmdə ifşa etməkdir.
 
Bildiyiniz kimi Day.Az Media şirkəti oxucularına rus dilində Day.Az, ingilis dilində isə Today.Az informasiya portallarını təqdim edib. Hal-hazırda Azərbaycan dilində xəbər portalı hazırlanır yaxın günlərdə oxucularımızın istifadəsinə veriləcək.
 
 
- 23 dekabr 2009-cu il tarixində keçirilən bələdiyyə seçkiləri arxada qaldı. Siz də Yasamal rayonundan namizədliyinizi irəli sürmüşdünüz və Yasamal rayon telekommunikasiya komissiyasının sədri təyin edilmisiniz. Seçkilərə hazırlıq fəaliyyətiniz haqda nə deyə bilərsiniz ?
 
- “DƏYƏR VERƏN GƏLƏCƏK” – bir neçə mənanı daşıyan deviz olduqca uğurla qarşılandı. Əslində etiraf etmək lazımdır ki, çox gözəl təşviqat planı hazırlandı. 2009-cu ilin oktyabr ayında Kiyev şəhərində “Effektli seçki texnologiyaları” adlı beynəlxalq treninqin iştirakçısı olmuşam, təşviqat prosesini mən tək deyil peşəkar komanda ilə həyata keçirirdik. Əslində bir çox PR addımlardan istifadə etdik. Təşviqat zamanı “www.darabzadeh.com” web səhifəsi hazırlandı, “Facebook” kimi sosial şəbəkələrdən istifadə olundu, seçicilərə təqdim olunmuş info-xətlə ünsiyyət imkanı yaradıldı.
 
Bir məqamı qeyd etmək istəyirəm ki, seçkilərdə namizədliyimi layihə kimi qiymətləndirirəm. Mənə verilən səslərin sayı 10000 civarında idi. Məhz bu səslərin sayəsində karyera portfelimdə layihələrin sırasına çox uğurlu hesab etdiyim bu təcrübə də daxil oldu.
 
Bu mənə stimul verir ki, bundan sonra atacağım addımlarda innovasiyalardan istifadə edərək mənə olan etimadı doğruldum. Bir daha seçkidə mənə göstərilən dəstəyə görə, hər kəsə təşəkkür edirəm!
 
- İctimai fəaliyyətdən kənar maraqlarınız ?
 
- Maraqlar müxtəlif olsa da öndə olan fəallıq marketing və advertising üzrə consulting sahəsindədir. Müəyyən şirkətlərlə adviser olaraq çalışıram.Yeri gəlmişkən qeyd edim ki, “İnternational Devolepment Center” consulting şirkətinin təsisçisiyəm və “Beynəlxalq Hüquq Mərkəzi” ilə birgə çalışaraq sifarişçilərə marketing və hüquq sahəsində kompleks xidmətlər göstəririk.
 
 
- Həyatda bir çox uğurlara imza atmış gənc olaraq gənclərə nə deyə bilərsiniz?
 
- Eynşteyn iddia edirdi ki, hər bir uşaq DAHİDİR.
Yenilikdən qorxmayın, çünki ən uğurlu insan həyatın verdiyi imkandan istifadə edən və onu yenidən quran insandır. Siz öz yolunuzu özünüz seçməlisiniz və bu seçimin məsuliyyətini daşımaq da sizin öhdənizdədir.
 
Əgər insan öz arzusu barədə unudursa – o, bilərəkdən öz xoşbəxtliyindən imtina edir!
 
Arzuolunmaz hal o zaman baş verir ki, insan inkişaf etmir və nəticədə o yavaş-yavaş həyata olan marağı itirir və sonu olmayan uçuruma gedir. Buna heç vaxt yol verməyin. İnkişaf edin və öz yolunuzu axtarın. Düzgün qərar qəbul etmək heç də çətin deyil, amma siz nə qədər çox şey bilsəniz və bacarsanız, bir o qədər də qərarlarınız məqsədinizə çatmağa imkan yaradacaq.
İnkişaf edin! Bu zaman sizin dəyərli sisteminiz çevik və effektiv qərar qəbul etməyə imkan yaradacaq.
 
- Son olaraq planlarınız barədə danışmağı xahiş edərdik.
 
 - Bu gün mənim üçün əsas prioritet məsələ “İRƏLİ” İB ilə telekomunikasiya sahəsində səbirsizliklə gözlənilən birgə layihəmin reallaşmasıdır. Düşünürəm ki, bu meqa layihə bizim ayrı-ayrılıqda uğurlu fəaliyyətimizin təcəssümü olaraq çox uğurla qarşılanacaq.
 

Nəzakət Əliyeva

“İRƏLİ” İB

Elanlar
İRƏLİ-YƏ ÜZV OL

Günün fotosu
Günün şəkli
DİGƏR FOTOLAR
İRƏLİ NetworkUnutmuruq
Netty 2011 Qalib