İRƏLİ İctimai Birliyi
Dil seçimiEnAz

İRƏLİ

Sual eyni cavab fərqli - Gənc Liderlər üçün Qış Universiteti
19 fevral 2010
“Gənc Liderlər üçün Qış Universiteti” layihəsi zamanı fürsətdən istifadə edərək təşkilatçılar, iştirakçılar və qonaqlar Qış Universiteti barədə təəssüratlarını bizimlə bölüşdülər:
 
 
 
 
 
 
 
 
 
 
Ceyhun Osmanlı - “İRƏLİ” İctimai Birliyinin sədri: İlk növbədə onu deyim ki, Azərbaycanda son 41 ilin ən pis hava şəraiti məhz bizim Qış Universitetinin keçirilmə tarixlərinə təsadüf etməsinə baxmayaraq layihə baş tutdu. Qış Universitetinin ilk 6 günü Oğuzda 5 ulduzlu “Afra” oteldə, qalan günləri isə Bakıda Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzində keçirildi. Tədbirin xüsusi əhəmiyyəti ondan ibarət idi ki, bu layihə seçilmiş gənc liderlər üçün, yəni indi və gələcəkdə Azərbaycan cəmiyyətində mühüm rol oynayan və oynayacaq gənclər üçün keçirilirdi. Təxminən 600-ə yaxın insanın içərisindən 100 nəfər seçilmişdi. İkincisi, gənc liderlər üçün ən önəmli 20 mövzu seçildi və o mövzular üzrə ən tanınmış ekspertlərlə görüşlər uğurlu şəkildə təşkil edildi. Daha bir məqam o idi ki, düşərgənin hər bir saniyəsi gənclərin xeyrinə, inkişafı üçün səmərəli istifadə edildi və layihə çərçivəsində qarşıya qoyulan hər bir məsələdə düşərgə öz məqsədlərinə çatdı. Medianın fəal təmsil olunması və onlar tərəfindən şəraitin yaradılması ilə düşərgənin fəaliyyətini Azərbaycanda demək olar ki, hər kəs izləyə bildi. Eyni zamanda gənclərimizin də öz fəaliyyətləri boyunca mikrofon, kamera önünə keçərək öz liderliklərini bir növ sınaqdan keçirməyə, ictimai sahənin gənc liderləri ilə media arasında xoş dialoqun yaranmasına və gənc liderlər ilə orada təmsil olunan dövlət, biznes sektoru arasında əlaqələrin inkişafına gətirib çıxardı. Daha bir önəmli məqam isə “İRƏLİ” tərəfindən irəli sürülən Yay Universiteti, Qış Universiteti brendləri özünü bir daha uğurla sınaqdan keçirdi. Əminəm ki, bu ilin may ayında planlaşdırdığımız gənc liderlər üçün Yaz Universitetində daha çox iştirakçının və daha çox ekspertin rəğbətini görəcəyik. Ümumiyyətlə bu layihə özünü həyatda doğrultdu, uğurla sınaqdan keçdi və brend olaraq özünü təsdiqlədi. İndi biz sadəcə şifahi olaraq bir elan verəndə artıq yüzlərlə, minlərlə insan bu layihələrə maraq göstərir, burada iştirak etməyi arzu edir. Bu gün bütün dünyanın gəldiyi bir qənaət vardır ki, universal insan yoxdur. Elə insan yoxdur ki, o bütün biliklərin daşıyıcısı, bütün biliklərə sahib olsun. Var universal mühitlər, müzakirə mühiti. Belə bir müzakirə mühitləri yaratmaq lazımdır ki, insanlar qarşılıqlı olaraq biri-birilərinə faydalı ola bilsinlər, öyrənib öyrədə bilsinlər. Bu baxımdan da Qış Universiteti çox önəmli oldu. Ən azından 100 nəfər biri-birindən öyrəndi. Onların arasında səmimiyyət yarandı. Və bu səmimiyyət onların qarşılıqlı olaraq üstün cəhətlərini üzə çıxartmağa səbəb oldu. Hansı ki, gələcəkdə iş quracaqları zaman biri-birindən faydalana biləcəklər. Eyni zamanda ekspertlər bu gün müxtəlif sahələrdə gənclərin nə düşündüyünü öyrəndi və gənclər də ayrı-ayrı istiqamətlərdə ekspertlərin nə düşündüyünü öyrəndi. Birmənalı deyə bilərik ki, ora gələn insanlar 10 gün ərzində tamam dəyişdilər. Bir çoxlarının ifadə etdiyi kimi bu onlar üçün bir həyat akademiyası rolunu oynadı və bir insan olaraq inkişaf etdilər. Əgər inkişaf oldusa, demək bu insan kapitalına yönəlmiş bir layihə idi. Bu gün Azərbaycanın inkişafı üçün ən önəmli faktor insan kapitalına olan davamlı yatırımdır. Bizim layihə də bu siyasətə yönəlmiş layihələrin biri ola bildisə, hesab edirik ki, bunu davam etdirmək üçün çox yaxşı bir zəmindir və biz bu işi davam etdirəcəyik.
 
Elmir Vəlizadə - Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini: Birincisi, bu tədbirə dəvət etdiyinizə görə minnətdarlığımı bildirirəm. Ona görə ki, mənim üçün də çox maraqlı oldu belə gənclərimizlə görüşmək, fikirlərimizi bölüşmək. Biz də çalışdıq ki, öz məlumatlarımızla gələcəkdə gənclərin fəaliyyəti üçün yararlı olaq.
Görüşüm zamanı öz məruzəmdə çalışdım ki, İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində görülən işlər haqqında geniş məlumat verim. Birincisi: gənclər bizim gördüyümüz işlər haqqında daha ətraflı məlumatlara malik olaraq öz fəaliyyətlərini təşkil edə bilsinlər. İkincisi: bu fəaliyyətdə özlərini görərlərsə, öz gələcək ixtisaslarında bizim gördüyümüz işlər barədə məlumatları olsun. Üçüncüsü: Bununla əməkdaşlıq mesajımızı bildiririk. Dövlət qurumu olaraq, eyni zamanda İKT sahəsində mütəxəssis olaraq hər bir kəslə əməkdaşlıq etməyə hazırıq. Ümumilikdə hesab edirəm ki, belə tədbirlərin keçirilməsi əhəmiyyətlidir və bu gənclər də ekspertlərlə görüşməklə özləri üçün yeni biliklər əldə edirlər.
 
 
 
Anar Məmmədxanov – Millət vəkili: Mən buraya gəlməyimə çox şadam. Buradan xoş təəssüratlarla ayrılıram. Çünki bu gün mən pozitiv gənclər gördüm.
Hansı ki, maariflənmək istəyirlər, maraqlanırlar və s. Hesab edirəm və 100 faiz da əminəm ki, bu günlər onların həyat boyu yadında qalacaq.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Vüsalə Mahirqızı – APA İnformasiya Agentliyinin rəhbəri: Mənim üçün çox maraqlı oldu. Həm Yay və həm də Qış Universitetlərinin keçirilməsini ümumiyyətdə bu səpkidə olan tədbirləri dəstəkləyirəm. Buraya fərqli gənclərin toplaşması, cəmiyyətə yeni liderlərin, müasir insanların təqdim olunması deməkdir. Bu gənclərin müasir düşüncədə olması, diskussiyalarda fəallıqları, tolerantlıqları çox yaxşı xüsusiyyətdir. Eyni zamanda “İRƏLİ”də formalaşan gənclər hesab edirəm ki, yaxın gələcəkdə müxtəlif sahələrdə, Azərbaycanın idarəetməsində təmsil olunacaqlar, ölkənin ictimai rəyini formalaşdıracaqlar.  
 

 

 

 

 

 

Eyvaz Qurbanov – Millət vəkili: Xoş təəssüratlarla sizdən ayrılıram. Mənə çox xoş oldu siz gənclərlə ünsiyyətdə olmaq. Hesab edirəm ki, bu görüş siz gənclər və eyni zamanda mənim üçün məhsuldar görüş oldu. Arzu edirəm ki, bu görüşlər elm, millət vəkilləri, digər dövlət strukturlarının nümayəndələri, incəsənət, mədəniyyət xadimləri ilə mütəmadi olaraq keçirilsin, fikir mübadiləsi aparılsın. Bu görüşlərdən siz gənclərin bir vətəndaş kimi gələcəkdə dövlətimiz, xalqımız üçün müəyyən sahələrdə rəhbər vəzifədə çalışan kadrların yetişməsinə çox böyük təsiri olacaq. Mən inanıram ki, bu gənclər arasında ziyalılar, dövlət xadimləri, ictimai xadimlər yetişəcək və bu gün seçdiyimiz gənclər də onların gələcək həyatına formalaşmasına müsbət təsir göstərəcək.
Gənclərin aktivliyinə qaldıqda isə sözün əsl mənasında məni məmnun etdi, çox xoş oldu. Hesab edirəm ki, bu günkü gənclər çox düzgün istiqamətdədirlər və inanıram ki, bu gənclər ilə biz böyük uğurlar qazanacağıq.
 
 
 
 
 
 
 

Anar Yolçiyev – “Yumroo MMC”nin direktoru: Belə universitetlərin keçirilməsi çox yaxşı fikirdir. İnanıram ki, “İRƏLİ” bu layihəyə müraciət edən gənclərdən ən fəal və aktiv insanları seçib. Bunu mən təqdimat zamanı hiss etdim. Çünki görüş zamanı quruluş baxımından düzgün suallar verilirdi. Onların 18-19-20 yaşı olmağına baxmayaraq hamısı düşünən insanlardır. Görüşdən razı qaldım. Gənclər diqqətlə və maraqla qulaq asırdılar. Çox təəssüf edirəm ki, mənim vaxtımda belə bir düşərgələr yox idi. Hansı ki, inkişafa imkan yaradır, müxtəlif sahələrin mütəxəssisləri ilə görüşməyə imkan qazandırır.
 
 
 
 
 
 
 
 
 
Fərid Novruzi – “NOVCO” Şirkətlər Qrupunun prezidenti: Hesab edirəm ki, bu layihə çox uğurlu layihədir. Bura gələn qonaqlar öz təcrübələrini paylaşa bilir, gəncləri irəlidə daha gözəl işlər görmək üçün motivasiya edir. Fikirləşirəm ki, belə layihələrin sayı artmalıdır. Çünki təcrübəli insanlar daim gənclərlə ünsiyyətdə olsalar həmin gənclər də artıq gələcək həyatlarında düzgün seçim etməyi bacarar, hər hansı bir mərhələdə addım atdıqda səhvlərə yol verməzlər.
Gənclərin bu dərəcədə aktivliyi mənim üçün gözlənilməz oldu. Bu qədər sual olacağını təsəvvür etmirdim. Fikirləşirdim ki, görüş bir saata yekunlaşar, amma bir saat yarım davam etdi. Çox xoşdur ki, bu gün insanlar, ümumiyyətlə gənclər sahibkarlığa bu qədər maraq göstərirlər. Ümidvaram ki, görüşdən yaxşı bir təcrübə əldə edə bildilər. Mən də öz tərəfimdən nə bilgim varsa paylaşdım və çalışacağam ki, gələcəkdə də bunu davam etdirim.
 
 
 
 
 
 
 
Faiq Bağırov – “Successful Strategies” şirkətinin prezidenti: Mən 3 saatdan artıqdır ki, burdayam. Deyə bilərəm ki, burada çox yüksək əhval-ruhiyyə var. İştirakçılarda yeni tanışlıqlar, yeni biliklər öyrənmək həvəsi böyükdür. Mən “İRƏLİ” tərəfindən təşkil edilən bu layihədə ikinci dəfədir iştirak edirəm. Qazaxda keçirilən Yay Universitetində də olmuşam və indi Oğuzda Qış Universitetində iştirak edirəm. Ümumiyyətlə belə tədbirlər keçirilsə böyük məmnuniyyətlə iştirak edərəm. Çox istərdim ki, ayda bir və ya iki dəfə gənclər üçün müxtəlif mövzularda təmənnasız seminarlar təşkil edim. Bu günkü təqdimat “Uğura gedən yollar” mövzusu ilə bağlı idi. Uğur özündə hər şeyi əks etdirir. Mənim zənnimcə, həm sağlam olmaq lazımdır, həm insanlarla düzgün münasibət qurmaq, həm varlı olmaq və həm də ailə sahibi olmaq lazımdır. Yəni gələcəkdə digər konkret mövzular əsasında görüşlər təşkil etmək olar.
 
 
 
 
 
 
 
 
 
Mansur Əhmədov – Azərbaycan DJ-lər Assosiasiyasının prezidenti: Oğuzda təşkil edilən Qış Universiteti uğurla keçdi. Neçə gün bir yerdə olduq. Gənclərin aktivliyi, fəaliyyəti və onlar tərəfindən günün sonunda qısa müddət ərzində göstərdikləri performanslar və sair çox gözəl idi. “İRƏLİ” ilə artıq ikinci dəfədir düşərgədə iştirak edirəm. Birinci dəfə Qazaxda təşkil edilən Yay Universitetində və indi Oğuzda. Demək istəyirəm ki, bu universitetlərin mənə ən böyük yaxınlığı odur ki, mən işlə əlaqədar çox yerlərdə oluram. Amma həmişə tək. Ancaq “İRƏLİ”nin təşkil etdiyi düşərgələrdə mən öz ailəmlə bir yerdəyəm. Yəni işimlə ailəmi tək burada birləşdirə bilirəm. Ona görə ki, “İRƏLİ” bizim üçün bir ailədir və mən çox şadam ki, biz bu ailənin içindəyik. Hamımıza uğurlar və İnşallah yaxın vaxtlarda görüşənə qədər.
 
 
 
 
 
 
 
 
 
Aynur Talıbova – Jurnalist: Tələbəlik illərim Azərbaycanda keçməyib. Amma deyirəm ki, nə yaxşı “İRƏLİ” var. Alternativ tələbə həyatını mənə yaşatdığına görə sevinirəm. Lakin hava şəraitinə görə vaxtından tez Oğuzdan qayıdıb təlimləri Bakıda davam etdirməli olduq. Səbəb isə Bakıdan ekspertlərin gələ bilməməyi idi. Sözün açığı heç kəs qayıtmaq istəmirdi. Çünki Oğuzdakı vəziyyətdən, şəraitdən, təlimlərdən, vaxtın səmərəli keçməsindən hamı razı idi. Hər halda məmnun olduğu yerdən heç kəs geri dönmək istəməz. Bəzi ekspertlər bu dəfə fərqli idi. Həqiqətən mən hesab edirəm və inanıram ki, 10 günlük həm Yay və həm də Qış Universitetləri zamanı gənclərin aldığı dərslərin effektivliyi bizim tanıdığımız bu sistemdəki bir illik tədris ilindən daha effektivdir. Artıq alternativ dərs metodlarını universitet səviyyəsində tətbiq etmək lazımdır. Həqiqətən də bu universitetlərdə iştirak edən və iştirak edəcək gənclər qısa vaxt ərzində öyrəndiklərini həyatlarında tətbiq edə bilsələr və o insanlardan, söhbətlərdən, tanışlıqlardan yararlana bilsələr çox şanslıdırlar.
 
 
 
 
 
 
 
Teymur Məmmədov “LİDER” Televiziyasının əməkdaşı: Sözün açığı “İRƏLİ” İctimai Birliyi haqqında məlumatım olsa da kifayət qədər deyildi. Qış Universiteti başlanana qədər. Qış Universiteti bir gənc olaraq mənim həyatımda yeni bir mərhələnin başlanğıcı oldu. Düşünürəm ki, gənclərin intellektlərinin, dünya görüşlərinin formalaşmasında bu cür tədbirlərin əhəmiyyəti çox böyükdür. Müxtəlif sahələri təmsil edən insanlarla ünsiyyətdə olmaq insanın hərtərəfli inkişafını təmin edir. Gənclərin bir yerdə bu tədbirlərə qatılması isə onlarda kollektivçilik ruhunu gücləndirir. Mən Qış Universitetində olduğum müddətdə Azərbaycan gənclərinin sağlam düşüncəyə malik olduqlarının şahidi oldum.
Qış Universiteti mənim üçün nə ilə yadda qaldı? Fərqli dünya görüşlərinə malik yeni insanlar tanıdım, yeni dostlar qazandım. Dünya görüşümə, həyata baxışıma müsbət təsir edən maraqlı həmsöhbətlərlə ünsiyyətdə oldum. Bir sözlə Qış Universitetində keçirdiyim günlər hədər getmədi – “Mən nə isə öyrəndim” deyə bilərəm. Əminəm ki, 600 gənc içərisindən Qış Universitetinə qatılmaq şansı əldə edən 100 gəncin hər biri bu fikirdədir. Gənclik inkişaf deməkdir. Qış Universiteti bizə bu inkişafda böyük təkan oldu.
Təbii ki, bu layihənin ərsəyə gəlməsində onun təşkilatçılarına və “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlıya xüsusi minnətdarlığımı bildirirəm. Mən bir daha onun da şahidi oldum ki, “İRƏLİ” İctimai Birliyi ölkədə gənclər təşkilatlarına nümunə ola biləcək bir təşkilatdır.
 
 
 
 
 

Amal Alışarlı - Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşı: “Gənc Liderlər üçün Qış Universiteti” məncə adi bir layihədən daha dəyərli idi. Konkret hansısa təəssüratdan danışmaq isə çətindir. Çünki uzun müddət unutmayacağımız xeyli təəssürat var. Şəxsən mənim üçün Oğuz düşərgəsi bir yenilik idi. Mən ilk dəfə hansısa bir layihənin iştirakçılarının həm öyrənib həm əyləndikləri, həm işləyib həm dincəldikləri bir düşərgədə çalışdım. Bu baxımdan ora həqiqətən fərqli bir məkan idi. Əminəm ki, orada təmsil olunan media mənsubları indiyədək şahidi olduqları heç bir çəkiliş meydançasından bu qədər xoş və unudulmaz xatirələrlə ayrılmayıb. Gənc liderlərlə müxtəlif istiqamətlərdə və istənilən müstəvidə işləmək də olduqca rahat idi. Qısa desək, bizə göstərilən diqqət heç bir şikayətə əsas vermirdi. Layihənin tərkibi və iş prinsipləri də göstərilən maraq baxımından vacib yenilik idi. Düşərgəni ümumi təhlil edərək mübaliğəsiz deyə bilərəm ki, “İrəli” İctimai Birliyini sadəcə təbrik etmək lazımdır! Gənclərlə uğurlu işin nümunəvi icraçısı olan bu birliyə gələcək işlərində də sonsuz müvəffəqiyyətlər arzu edirəm...

 

 

 

 

 

Aidə Quluzadə - Azərbaycan Dövlət Teleqraf Agentliyinin əməkdaşı: Fevralın 2-də Gənclər və İdman Nazirliyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə növbəti böyük layihə “Gənc Liderlər üçün Qış Universiteti” gerçəkləşdirildi. Respublikanın müxtəlif ali məktəblərini, hökumət və qeyri-hökumət təşkilatlarını təmsil edən 100  fəal gənc ilə birgə bu layihədə iştirak etmək hər halda hər bir gəncin arzusu olardı. Bu baxımdan mən özümü çox şanslı hiss edirəm. Çünki artıq ikinci dəfədir ki, belə əhəmiyyətli  tədbirdə “İRƏLİ”nin üzvləri ilə görüşürəm. Qış Universitetini  iştirakçıların sayına və proqramın zənginliyinə görə ən yaxşı düşərgə hesab etmək olar.

Bir həftə ərzində bir-birindən maraqlı ekspertlər Oğuz rayonunda həyata keçirilən düşərgənin qonağı oldular. Belə ki, gənclərə natiqlik, liderlik, idarəetmə, Azərbaycançılıq,  biznesin qurulması mövzuları üzrə, informasiya texnologiyalarından düzgün istifadəyə dair təlimlər keçirildi. Bu qədər geniş sahələri əhatə edən mövzuları tanınmış mütəxəssislərdən dinləmək hər bir iştirakçı üçün çox əhəmiyyətli idi. Ona görə ki, qısa vaxt ərzində  yeni məlumatlara yiyələnmək gələcəkdə onlar üçün əsl lider olmağın sirlərini açdı. Ekspertlər gənclərin çevik, maraqlı və düşündürücü sualları qarşısında öz təəccüblərini gizlədə bilmirdilər.

Düşərgə, iştirakçıların bir-birinə qarşı olduqca səmimi  münasibəti, yeni dostluq körpülərinin qurulması, komanda ruhunun formalaşması, gənclərin həmrəyliyi baxımından da çox mühüm əhəmiyyət daşıyırdı. Sabahın gənc liderləri bu gündən bir-birini tanıyır, başa düşür, nə istədiyini bilir və uğurlara birlikdə sevinirlər. Mənə elə gəlir əsas məqsəd də budur.

Bəlkə də çoxlarına bu düşərgə qəribə gələ bilər. Amma zaman baxımından bu işin qiyməti olduqca böyükdür. Ona görə ki, bura toplaşmış gənclər təkcə bu günün Azərbaycanı üçün deyil, həm də bütöv bir əsrin əsl vətəndaşı kimi və bu məmləkətə layiqli övlad olmaq üçün yetişdirilir

 

Elşən Rüstəmov – “1NEWS” İnformasiya Agentliyinin əməkdaşı: Gənc Liderlər Universiteti zənnimcə, Azərbaycanın gələcək rəhbərlərinin birləşdiyi məkandır. Ola bilsin ki, 20-30 ildən sonra bu tədbirdə iştirak edən gənclər Azərbaycanın böyük xadimləri olacaqlar.

Belə məzmunlu tədbirlərin keçirilməsi bir neçə mühüm məna daşıyır. Birincisi - Azərbaycanda olan aktiv və istedadlı gəncləri yaxından tanımaq. İkincisi – onlara gələcək karyeralarında istifadə edə biləcəkləri uyğun bilik və təcrübələri vermək. Üçüncüsü – tədricən Azərbaycanın gələcək elitasını təmsil edən nəsil yetişdirmək. Dördüncü – Azərbaycanın rayonlarındakı və Bakıdakı gənclər arasındakı səddi qaldırmaq.

Artıq belə tədbirlərin keçirilməsinin mümkün olmadığı dövrlər və qonşu ölkələrin müxtəlif hiylələrlə gənclərə təsir edib onları özlərinə sərf edən istiqamətə  yönəltdiyi vaxtlar da çoxdan keçib. İndi Azərbaycan Cənubi Qafqazda öz iqtisadi potensialına görə həlledici mövqe tutur və ona görə də Azərbaycan öz gənclərini lazım olan istiqamətə yönəltməlidir. Eyni zamanda gənclərə dəyər verməmək və onları maraqdan kənarda qoymaq da olmaz. Belə ki, gənclik hər bir ölkənin gələcəyində və siyasi həyatında böyük rol oynayır. Qış Universitetində iştirak edən hər bir gənc liderlik üçün lazım olan bilik və təcrübə ilə tanış ola bildi.

Mənim özüm üçün bu tədbir yeni nəsillə, yeni fikirlərlə tanış olmaq tərəfdən böyük rol oynadı. Bu tədbirdə iştirak edən gənclər əbəs yerə seçilməmişdi: onlar ən ağıllı, ən istedadlı və ən hazırcavablar idilər. Qış Universitetinin təşkilatçılarına arzu edirəm ki, gələcəkdə belə layihələrə Azərbaycanın ucqar yerlərindən olan gəncləri də cəlb etsinlər.

 

Elmir Davudoğlu - Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşı: “Gənc Liderlər üçün Qış Universiteti” layihəsinin bütün iştirakçıları ilə yanaşı, mənə də maraqlı və yeni dostlar qazanmaq qismət oldu. Mən belə düşünürəm ki, bu Qış Universitetindən 100 gənc burada əldə etdikləri bilik və bacarıqları gələcəkdə onların öz işlərinin mükəmməl qurulmasında gənclərə böyük dəstək olacaq. Və bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi ölkəmizin  ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Onu da vurğulamaq istəyirəm ki, ölkə rəhbərliyi gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşır. “İrəli” İctimai Birliyi də gənclər siyasətinin inkişafına yaradılan şəraitdən səmərəli istifadə edir. Sonda isə gəncləri öz əhatələrində birləşdirən “İrəli” İctimai Birliyinə xüsusi ilə öz təşəkkürümü bildirirəm. Və onlardan yeni-yeni layihələrin uğurlu icrasını gözləyirəm.

 
 
 
 
 
 
 
 
 
İbad Bağırov – APA İnformasiya Agentliyinin əməkdaşı: İlk öncə “İrəli” İctimai Birliyi tərəfindən bu cür layihələrin həyata keçirilməsində məni dəvət etdiyinizə görə öz adımdan “İRƏLİ”nin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın gözəl guşələrindən biri olan Oğuz rayonunda təşkil olunan ”Gənc Liderlər üçün Qış Universiteti” layihəsi yüksək səviyyədə təşkil olunmuşdur. Layihə çərçivəsində ekspertlərin, ictimai xadimlərin dəvət olunmasından nəinki gənc liderlər, həmçinin mən də bir media işçisi kimi çox faydalandım. Bunun üçün “İrəli” İctimai Birliyinə öz təşəkkürümü bildirirəm. Qış Universiteti zamanı “İrəli” İctimai Birliyi ilə Küveytin “LOYAK” Gənclər təşkilatı arasında əməkdaşlığın imzalanmasını bir ərəbşünas kimi təqdirəlayiq hesab edirəm. Gələcəkdə “İRƏLİ”nin başqa ərəb dövlətlərinin Gənclər təşkilatları ilə sıx əlaqələrin qurulması məni daha da sevindirərdi. Bildiyiniz kimi Ərəb dövlətlərinin əksəriyyətində erməni diasporu əsrin əvvəllərindən fəaliyyət göstərir. Bizlər bu gün bütün ərəb ölkələrinin gəncləri ilə sıx əlaqələr qurarıqsa bu dövlətlərin gənclərində Azərbaycanın tarixi, mədəniyyəti haqqında sağlam fikir yaranar. Bir daha “İrəli” İctimai Birliyinə təşəkkürümü bildirirəm və gələcək işlərində uğurlar arzulayıram.
 
 
 
 
 
 
 
Azər Teymurlu – “Xəzər” Televiziyasının əməkdaşı: Qış Universiteti layihəsini bütövlükdə müsbət qiymətləndirirəm. Bunun müxtəlif səbəbləri var. Belə ki, layihə iştirakçılarına hər gün müxtəlif mövzular üzrə dərslər keçilirdi. Amma bu təlimləri sıradan biri yox, ölkənin ən tanınmış ekspertləri deyirdi. Bu hər tələbəyə qismət olmur. Keçirilən dərslərdə tələbələrə liderlik keyfiyyətləri aşılanırdı. Praktiki təlimlərin əhəmiyyəti də bu idi ki,layihə iştirakşıları artıq indidən “gənc lider” kimi yetişdirilirdi. Dərslərin sual-cavab formasında təşkil olunması da müsbət hal idi. Qış Universiteti təkcə belə təlimlərlə məhdudlaşmırdı. Çünki layihə iştirakçıları gərgin dərslərdən sonra istirahət edirdilər. Müxtəlif intellektual oyunlar keçirilirdi. Bu oyunlar gənc liderlərin bilik bazasını artırmağa xidmət edirdi. Xüsusilə, bu baxımından “Nə? Harada? Nə zaman?”intellektual oyununu qeyd etmək lazımdır. Hər günün sonunda isə komandalar arasında rəqslər təşkil olunurdu. Ancaq bu rəqslər əyləncə xarakteri daşımırdı. Rəqslərin əsl məqsədi haqqında  “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı belə bir cümlə işlətmişdi. Bu cümləni şərhsiz təqdim etmək istəyirəm: “Rəqslər ona görə təşkil olunur ki, həm oynaya bilməyənlər öyrənsinlər, həm də gənc liderlər xarici ölkələrə gedəndə deməsinlər ki, Azərbaycanlı gənclər heç nə bacarmırlar”. Bundan başqa layihə iştirakçıları 4 komandaya bölünürdü. Bu da təsadüfi deyildi. Burada məqsəd gənc liderlərdə komanda ruhunu inkişaf etdirmək idi. Çünki cəmiyyətimizdə komanda ruhu xeyli zəifdir. Hər bir komandanın rəhbəri var idi və o digər üzvlərə müxtəlif tapşırıqlar verirdi. Bunun da əhəmiyyəti gənc liderlərdə kollektiv daxilində təşkilatçılığı artırmaq, daha da inkişaf etdirmək idi. Ən sonda Qış Universitetinin iştirakçıları xeyli ünsiyyətcil olmaları ilə seçilirdilər. Bu da çox vacibdir. Çünki kimsə lider kimi yetişmək istəyirsə mütləq ünsiyyətcil olmağı bacarmalıdır. Başqaları ilə ünsiyyət qurmağı bacarmayan insan çətin ki, dahi lider ola bilsin. Bütün bunlar Qış Universitetinin nə qədər faydalı olduğunun bir göstəricisidir.
 
 
 
 
Rauf Mərdiyev: “Gənc Liderlər üçün Qış Universiteti” layihəsinin “İnkişaf” komandasının kapitanı:  Nəzakət xanım, tədbirin gedişində və ondan sonrakı müddətdə Qış Universiteti barədə dəfələrlə müsahibələr vermiş, fikirlərimizi bildirmiş, baxışlarımızı bölüşmüşük. Sizin Qış Universiteti barədə sualınıza isə bir qədər fərqli cavab vermək istərdim. Layihənin uğurunu təmin edən 5 amil:
Təşkilatçılıq – “İRƏLİ” hər zaman təşkilatçılıq və effektiv menecmentə görə digər təşkilatlardan bir addım öndə olub. Qış Universiteti bir daha bu fikrin doğruluğunu sübut etdi. 4 gün ərzində 522 nəfərin iştirak üçün müraciət etməsi və onların arasından 100 ən yaxşısının seçilməsi tədbirin keyfiyyətini yüksəldən əsas məqamlardan biri idi. Hətta təbiətin hazırladığı sürprizlər belə layihənin qarşıya qoyulmuş məqsədə çatmasına maneçilik yaratmadı. Təşkilatçılıq mükəmmələ yaxın idi.
İştirakçılar – Seçim çox ciddi aparıldığından Oğuza yollanan 100 gənc öz sahələrinin ən yaxşıları idilər. Universitet boyunca intellektual səviyyədən fiziki hazırlığa, xüsusi qabiliyyətlərdən komandada işləmək bacarığına və bir çox digər sahədə Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Ən maraqlı məqam isə ilk gündən iştirakçıların 4 komandaya bölünməsi və son günə kimi onlar arasında birincilik uğrunda mübarizənin getməsi idi. Vaxt və resursların məhdudluğu onları daha operativ və kreativ olmağa məcbur edirdi. Gənc liderin özünü sınaması üçün bundan gözəl şans ola bilməz. Onlar bu şansı itirmədilər və nəyə qadir olduqlarını göstərdilər. Kapitanı olduğum “İNKİŞAF” komandasının Qış Universitetinin qalibi seçilməsi isə ikiqat sevindirici idi.
Ekspertlər – siyasətdən tibbə, incəsənətdən biznesə ən müxtəlif sahələr üzrə dəvət olunmuşdular. Adətən TV-də gördükləri, internet və qəzetlərdən oxuduqları şəxslərlə eyni masa arxasında oturub onların səmimi söhbətlərini dinləmək, suallar vermək və cavab almaq, bəzən razı olmadıqları məqamları müzakirə etmək və s. bunlar hamısı gənclərin bilik və təcrübəsinin artması ilə yanaşı onların özlərinə inamlarının artmasına təkan verdi.
Media – tədbir barədə ölkə və dünya ictimaiyyətini məlumatlandırmaqla bərabər onlar həm də tədbirin iştirakçıları idilər. Bu gənc insanlar öz işlərinin öhdəsindən yüksək peşəkarlıqla gəlir, iştirakçılarla səmimi ünsiyyət qurur, onlara yardımçı olurdular. Qış Universiteti müddətində media işçilərimizin gənclər barəsində, gənclərimizin isə media mənsubları haqda müsbət təəssüratları formalaşdı.
Gələcəyə yatırım – bu tip tədbirlərdən əsas məqsədidir. Universitet layihələri insan kapitalının inkişafına qoyulan investisiyadır. Hansı ki, cəmiyyət və dövlət bunun xeyrini bir neçə ildən sonra daha aydın görəcək. Potensiallı gənclərin üzə çıxarılması, gənclərdə liderlik xüsusiyyətlərinin formalaşdırılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, təcrübələrinin artırılması, onlarda güvən və əminlik duyğusunun yaradılması İRƏLİnin əsas hədəflərindəndir. Lakin, xüsusilə qeyd etmək istədiyim məqam burada ölkənin müxtəlif regionlarından bir araya gələn gənclərin bir-biri ilə tanışlığı, onlar arasında şəbəkənin meydana gəlməsi və yaxın gələcəkdə bu liderlərin hər biri öz sahəsində çalışacağı zaman ümumi işin effektivliyinin yüksəldilməsidir.
 
 
 
 
 
Aynur Həsənzadə - “İRƏLİ” İctimai Birliyinin Mətbuat Katibi: Mənim üçün Qış Universiteti olduqca maraqlı və bir o qədər də yadda qalan oldu. İstər iştirakçılar baxımından, istərsə də dəvətimizi qəbul edib Oğuza gələn ekspertlərə görə çox fərqli bir layihə oldu. Keçmiş Yay Universiteti təcrübəsindən çıxış edərək deyə bilərəm ki, gənclərimiz daha da çox aktiv, fəal və eyni zamanda hazırlıqlı idilər. Müzakirələrdə və debatlarda, oyunlarda, təlimlərdə iştirakları ilə, ümumilikdə Universitet boyu bunu müşahidə etmək olurdu. Bütün layihə iştirakçıları kimi, mənim üçün də bu düşərgə böyük təcrübə oldu. Mən burada yeni dostlar qazandım. Hətta hava şəraitinin pisləşməsi ilə əlaqədar layihənin Oğuzda dayandırılıb, Bakıda davam etdirilməsi də bu düşərgənin özəlliklərindən biri oldu. Düşünürəm ki, bu layihələr gənclərimiz üçün çox faydalıdır. “İRƏLİ” İctimai Birliyi olaraq gənclərə bu şəraiti yaratmaq qürurverici və sevindirici bir haldır. Və mən belə layihələrin davamlı olmasını arzu edirəm.

 
 
 
 
 
 
 
Zaur Darabzadə - “Gənc Liderlər üçün Qış Universiteti” layihəsinin “Etimad” komandasının kapitanı: Qeyd etmək istəyirəm ki, Oğuzda təşkil edilən “Gənc Liderlər üçün Qış Universiteti” çox gözəl bir layihə oldu. Çünki ən azından burada 100 gənc liderin biri-birilə tanış olmağı, bir-birilə ünsiyyəti gələcəkdə yeni layihələrin yaradılmasına gətirən bir bünövrə ola bilər. Burada tanınmış ekspertlər, millət vəkilləri, dövlət nümayəndələri ilə gənc liderlərin söhbəti zamanı maraqlı fikir mübadiləsi aparıldı. Bir çox gənclər üçün bu böyük bir addımdır. Çünki birbaşa belə ekspertlərlə görüş, sual-cavabda iştirak uğurlu bir nəticənin göstəricisidir. Əvvəl Yay Universiteti Qazaxda, indi Qış Universiteti Oğuzda uğurla keçirildi. İnanıram ki, belə layihələrin sayı çox olacaq. Mən bir komanda rəhbəri olaraq deyə bilərəm ki, nəinki mənim komandam, bütün komandalarda olan gənclər çox aktiv idilər, onlar arasında sağlam rəqabət gedirdi. Əminliklə deyə bilərəm ki, bütün 100 nəfər gənc liderlərdən hamı razı qaldı. Bir daha qeyd etmək istəyirəm ki, bu layihə gənclərin həm təhsil və həm də gələcək karyera portfelinə uğurlu bir layihə kimi daxil oldu. Çünki bu arada onlar gələcək üçün qurulan layihələrin, qurulan işlərin bünövrəsini indi qoyaraq gələcəkdə bu əlaqələrdən səmərəli istifadə edə bilərlər.
 
 
 
 
 
 
 
Vüsal Bəkirov – Ali məktəblərlə iş üzrə katib, “Gənc Liderlər üçün Qış Universiteti” layihəsinin koordinatoru: Ümumiyyətlə Qış Universitetinin təşkili əslində bizim universitet modeli layihəmiz çərçivəsində həyata keçirilib. Qazaxda Yay Universitetini və Oğuzda Qış Universitetini təşkil etdik. Bu universitetlərin əsas məqsədi adından göründüyü kimi gənc liderlərin yetişdirilməsidir. O gənc liderlər ki, müxtəlif istiqamətlərdə gələcəkdə ölkənin ictimai, siyasi və ola bilsin ki, biznes həyatında aktiv olacaqlar. İstər Qazaxda, istər Oğuzda təşkil edilən universitetlərdə ən professional ekspertləri cəlb etməyi çalışmışıq. O ekspertlər ki, həqiqətən biznes ideyaların reallaşmasında, istər dövlət siyasətinin həyata keçirilməsində, istər mədəniyyət, incəsənət, səhiyyə müxtəlif sahələrin insanları ki, gənc liderlərə doğrudan da öz profillərini gələcəkdə inkişaf etdirməyə imkan yaradacaq. Gənc liderlərin seçimi iki mərhələli oldu. 600-dən çox ərizə forması, daha sonra katiblik tərəfindən yenidən müsahibə keçirilməsi və müsahibədən sonra ən laiqli 100 nəfər gəncin orada iştirakı. Bu layihənin koordinatoru olaraq mənim üçün Oğuzda təşkil etdiyimiz Qış Universiteti çox maraqlı oldu. Deyə bilərəm ki, bu gənc liderləri 10 ildən sonra Azərbaycanda hansısa sahələr üzrə yüksək vəzifələrdə lider kimi görə biləcəyik. Elə bizim də əsas məqsədimiz budur.    
 
 
 
 
 
 
 

Son olaraq mən də öz fikirlərimi bildirmək istərdim. Müsahibəni hazırlayarkən Oğuzda olduğum müddət gözümün önündə canlandı: müxtəlif mövzular üzrə təlimlərin keçirilməsi, ekspertlərlə görüş, mədəni proqramlara hazırlıq, gənclərlə müxtəlif mövzularda fikir mübadiləsi aparmaq, intellektual oyunlar və hətta Oğuzun möhtəşəm qar mənzərəsi fonunda səhər idmanı və s. Mən də bu layihədə iştirak etmək şansı əldə etməklə yeni dostlar qazandım, yeni biliklərə yiyələndim. Artıq neçə ildir İRƏLİdəyəm. İRƏLİ gənclərin sağlam mühitdə formalaşması üçün münasib məkandır. Əsas onu deyə bilərəm ki, İRƏLİdə olduğum bu müddət ərzində heç bir şey itirmədim, əksinə qazandım. Və müsahibədə Qış Universiteti ilə bağlı fikirlərini, təəssüratlarını bölüşən hər bir ekspertə, media nümayəndələrinə və əlbəttə ki, İRƏLİyə öz təşəkkürümü bildirirəm. Nə yaxşı ki, İRƏLİ var və nə yaxşı ki, mən İRƏLİdəyəm.

 
 
 
Nəzakət Əliyeva “İRƏLİ” İB                  
                                                                                    
Elanlar
İRƏLİ-YƏ ÜZV OL

Günün fotosu
Günün şəkli
DİGƏR FOTOLAR
İRƏLİ NetworkUnutmuruq
Netty 2011 Qalib