“İRƏLİ” İctimai Birliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirəcəyi "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gələcək" layihəsinin seçim turunun I mərhələsi başa çatmışdır. Layihəyə 1000-ə yaxın müraciət daxil olmuşdur.
Müraciətlər layihə komandası tərəfindən dəyərləndiriləcək və ən yaxşı 200 nəfər müsahibəyə dəvət olunacaq. Müsahibə mərhələsi 29-31 yanvar 2012-ci il tarixləri arasında “İRƏLİ” Gənclik Mərkəzində keçiriləcək.
Seçim turunun nəticələri fevral ayının əvvəlində açıqlanacaq.
Xatırladaq ki, düşərgə Azərbaycanın səfalı guşələrindən olan Qəbələ rayonunda 5 ulduzlu Qafqaz Riverside Oteldə təşkil olunacaq. 5 gün müddətində davam edəcək və 100 nəfəri özündə birləşdirəcək bu düşərgədə əvvəlki düşərgələrdəki fəaliyyətlər daha da ətraflı və effektiv şəkildə həyata keçiriləcək. Müxtəlif panellərdə keçiləcək təlimlər zamanı biznes, kommunikasiya, iqtisadiyyat, sığorta, natiqlik, liderlik, idarəetmə, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki təlimləri özündə birləşdirəcək qış universiteti həmçinin bir sıra mühüm dövlət adamlarını, millət vəkillərini, iş adamlarını, müxtəlif mütəxəssisləri və həmçinin müxtəlif sahələrdə göstərdikləri uğurlu fəaliyyətlərə görə cəmiyyətdə tanınan və rəğbət görən şəxsiyyətləri də qonaq edəcək.




