27 yanvar 2012-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzində Vatikanın Apostol kitabxanasında saxlanılan və yaxınlarda Bakıya gətirilmiş gizli sənədlərin surətləri təqdim olunmuşdur.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli, filologiya elmləri namizədi, dosent, M. Füzuli adına Əlyazmalar İnstitutunun rəhbəri Paşa Kərimov, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkram Bağırov, tarix elmləri namizədləri, professorlar Şahin Fəzail, Zivər Nuriyeva, həmçinin “İRƏLİ” İctimai Birliyinin “Tarix Mərkəzi”nin üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan “İRƏLİ” Tarix Mərkəzinin rəhbəri İradə Məmmədova təqdimata toplanmış insanları salamlamış, “İRƏLİ” Tarix Mərkəzinin fəaliyyəti barədə qısa məlumat vermişdir.
Sonra AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli Vatikanın Apostol kitabxanasından gətirdiyi sənədlərin surətlərindən ibarət təqdimat keçirmişdir. Təqdimat zamanı görüş iştirakçılarına sənədlərə dair maraqlı məlumatlar vermişdir.
Onun sözlərinə görə, Vatikanın məxfi arxivlərində araşdırılmış 700-dən çox sənədin 85-i məhz Azərbaycan tarixinə aiddir. Onların arasında Qafqaz Albaniyasına aid 4 sənəd də vardır. Tədqiqat nəticəsində aşkar olunmuş əsərlər X-XX əsrləri, yəni Azərbaycan tarixinin minillik dövrünü əhatə edir. Sənədlərin arasında orta əsr Azərbaycan hökmdarlarının (Elxani, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar və s.) Roma Papaları ilə məxfi yazışmalarını əks etdirən məktublar vardır. Bu sənədlər italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol və s. dillərdədir.
Bundan əlavə, Vatikanın Apostol Kitabxanasında araşdırılmış 400-dən çox qədim əlyazma əsərləri də tədqiqata cəlb olunmuşdur. Həmin kitabxanada da orta əsr Azərbaycan müəlliflərinə məxsus 60 qədim əlyazma əsəri aşkar edilmışdir. Onların arasında indiyə qədər məlum olmayan orta əsr Azərbaycan müəlliflərinin 9 əsəri vardır. Bu əsərlərin əksəriyyətinin surətləri Azərbaycana gətirilmək üçün ödənişli qaydada sifariş edilmişdir.
Görüşdə iştirak edən qonaqlar da öz fikirləri ilə bölüşmüşlər. Tədbir zamanı müxtəlif dillərdə olan bu qədim əlyazmaların dilimizə tərcümə olunma fikri irəli sürülmüşdür.
Tədbir diskussiya şəklində davam etmişdir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |

















