Cəmiyyətdə gedən prosesləri izlədikdə bir çox maraqlı məqamlara rast gəlmək olur. Bunlardan biri müsbət və ya konstruktiv düşüncə tərzinin öz layiqli yerini tapmamasıdır. Yıxmağın tikməkdən daha asan olduğu aydındır. Tənqid və hətta bəzən təhqirlə yoğrulmuş düşüncələr, yazılar və məqalələrin yazılması da müsbət düşüncə tərzində olanlardan daha asandır. Asan olanı edən çoxdur. Təzad ondadır ki, çətin olanı eləmək cəhdləri çox azdır və ümumiyyətlə yaradıcı düşüncə tərzində işlərə maraq və qiymət də kifayət qədər yüksək deyildir.
Əslində bu yazının özü də müəyyən bir problemə işarə etməklə və belə demək olarsa tənqidlə başladı. Davamında bu dərdə dərman təklif olunmasa oxuyucu yalançı həkimi çox sərt mühakimə edə bilər.
Sadə bir baxışla müsbət düşüncə bir neçə komponentə ayrıla bilər:
- problemin təyin edilməsi
- problemi doğuran səbəblər
- həll üçün potensial alternativlər
- alternativlərin arqumentativ analizi
- nəticə
İstər mətbuatda, istər e-məkandakı yazılarda, istərsə də gündəlik həyatda insanların problemləri qabartmasının səbəbləri aydındır: həmin problemlərim mövcudluğu ən böyük səbəbdir. Bu mövcudluq istər doğrudan da real olsa da, müəllifin təsəvvürünə görə real olsa da fərq etməz, mövzu bu deyil. Lakin mövcud olan çətinliyin qabardılması, sanki problemlərin böyüklüyünə ilişib qalmağımız üçün səbəblər isə daha kompleksdir. Gəlin əsas məqsədimiz olan problemlərin müzakirəsindən onların həllinə keçə bilməməyimizin səbəbləri haqda düşünək:
- bu problem var və onun həlli mümkün deyil
- bu problem var və onun həlli məndən asılı deyil
- bu problem var və onun həllinin vaxtı hələ çatmayıb
- bu problem var və o qədər böyükdür ki...
- “a” problemi var və o “b” problemi ilə six bağlıdır, o da “c” probləmi ilə əlaqədardır
- bu problem var və kimsə bunu həll etməlidir!
Bu şəkildə düşündüyümüz üçün ya problemin həllindən boyun qaçırır, ya da həll mərhələsinə gəlmədən başqa problemlərə ilişib qalır və irəli gedə bilmirik. Buradan aydın olur ki, konstruktiv düşüncə bacarığımıza mane olan tək şərait deyil, həm də öz düşüncə tərzimizdir.
Bu problemin həlli üçün müxtəlif variantlar təklif edilə bilər:
- inanmaq, ümüd etmək, insanlara da ümüd vermək
- həllə mane olan şəraiti tənqidlə yanaşı, dəyişməyə çalışmaq
- problerin həllində başqalarının istifadə etdiyi metodları araşdırmaq
- problemin həlli üçün siyasi, iqtisadi, sosial və ya digər şərait yoxdursa belə, həll variantlarını ortaya qoymaq və müzakirə etmək
- problemi qabardaraq şikayətlənməyə deyil, problemi analiz edərək nəticələrin çıxarılması və təkliflərin verilməsinə çalışmaq
Siyahını uzatmaq olar. Amma bu təkliflərin əsasında duran şey məsələlərə, problemlərə baxış tərzimiz olmalıdır. Məqsəd kimisə və ya nəyisə pisləmək deyil, məhz məsələnin həllinə töhvə vermək olmalıdır. Populist tənqidin həm asan, həm də ucuz bir şöhrət qaynağı olduğuna inanmaq və bundan sui-istifadə etməmək etikasına sahib olmaq konstruktiv düşüncə tərzimizi inkişaf etdirmək üçün ilk addımdır.
Unutmamalıyıq ki, düşüncə tərzinin dəyişdirilməsi uzunmuddətli bir prosesdir. Buraya həm ilk növbədə özünütərbiyə, həm də bu fikirlərin ətrafda aşılanması daxildir. İnsanımızın düşüncə tərzi eyni zamanda xalqın həyat fəlsəfəsi də sayıla bilər. Bu fəlsəfəni möhkəm təməllər üzərində ucaltmaq üçün səbrlə, çətinliklərə sinə gərərək çalışmağı özünə borc bilənlər işə konstruktiv düşünmək, yazmaq və bu şəkildə yaşamaqla başlaya bilərlər.




