İRƏLİ İctimai Birliyi
Dil seçimiEnAz

İRƏLİ

Cahangir Cahangirli: "Gənc Liderlər üçün Yay Universitetindən" təəssüratlar
20 oktyabr 2009
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “İRƏLİ” İctimai Birliyi və Gənclər Təşkilatının Milli Şurasının birgə təşkil etdikləri Gənc liderlər üçün Qazax Yay Universitetinin bitməsindən artıq bir neçə gün keçir. Buna baxmayaraq, bu barədə hələ də KİV-də, ictimaiyyətdə, internet forumlarda və digər yerlərdə müzakirələr olunur. Bəs, görəsən bu Yay Universitetini bu qədər maraqlı olmasının və gündəmdə qalmasının səbəbi nədir?! Bu sualı cavablandırmaq üçün ilk növbədə Yay Universiteti günlərində göstərilən fəaliyyətlə yaxından tanış olmaq lazımdır. Belə ki, ilk olaraq 8-17 avqust 2009-cu il tarixində keçirilməsi nəzərdə tutulan Yay Universitetinin təşkilatçılar tərəfindən mükəmməl idarə olunması diqqəti cəlb edir. Iştirakçıların operativ məlumatlandırması, gediş-gəlişlərinin rahat təmini, təhlükəsizklik məqsədilə yol boyu yol polisinin müşayiət etməsi, istirahət vaxtının, tədbirlərin, mühazirə və seminarların təşkili, dəvət olunan maraqlı qonaqlarla keçirilən görüşlər, ən əsası isə hər bir iştirakçının sağlamlığının qayğısına qalınması üçün ayrıca həkimin ayrılması, bütün bunlar yüksək səviyyəli və təcrübəli təşkilatçılıqdan xəbər verirdi.
 
Bundan başqa Yay Universiteti layihəsinin iştirakçısı olan 130 gəncin hər birinə 8-17 avqust tarixlərində gündəlik fəaliyyətlərinə dair proqram və materiallar təqdim olunmuşdu. Proqramın gündəliyinə isə iştirakçıların şərti olaraq 4 (Uğur, Etimad, Tərəqqi, İnkişaf) komandaya bölünməsi, səhər oyandıqdan gecə yatanadək görüləcək işlər, iştirakçıların bir-birləri ilə tanışlığı, komandaların bayraq və şüarlarının müəyyənləşdirilməsi, sərbəst vaxt çərçivəsində interaktiv oyunlar və qrup işləri, idman oyunları, axşamlar isə təşkil olunan diskotekalarda Azərbaycan və dünya xalqlarının rəqsləri salınmışdı.
Burada xüsusi olaraq müxtəlif telekanalları, qəzet və jurnalları təmsil edən KİV nümayəndələrinin layihə barədə gündəlik məlumatların hazırlamalarını, eyni zamanda isə üzvü olduqları komandaların işində iştiraklarını qeyd etmək yerinə düşərdi.
Qeyd etdiyimiz kimi, proqram çərçivəsində hər gün müxtəlif qonaqlarla, mühazirəçilərlə görüşlər keçirilirdi. Ilk belə görüşümüz avqustun 9-da Qazax rayonu İcra hakimiyyətinin başçısı Rauf Hüseynovla oldu. Səmimi keçən görüşdə icra başçısı Qazax rayonuna dair məlumatlardan, əhalisinin sayından, məşğuliyyətindən, Ermənistanla sərhəd olmasına və atəşkəsin tez-tez pozulmasına rəğmən rayondan əhalinin kütləvi köçünün qeydə alınmadığından, rayonun inkişafına dair atılan addımlardan geniş bəhs etmişdi. Görüşün qalan hissəsində isə icra başçısı gənc liderlərin suallarını cavablandırmış, sonra isə onları nahar süfrəsinə qonaq etmişdi.
10 avqustda, Natiqlik günündə növbəti qonaqlar “Liderlik və Ritorika” və “İşgüzar etiket və effektiv ünsiyyət” mövzularıyla GRBS şirkətindən Bəhram Qurbanov və Fidan Əzimli olmuşdular. Görüşdə təlimçilər gənc liderlərə liderliyin xüsusiyyətlərindən, kütlə qarşısında çıxışdan, danışıq mədəniyyətindən, dinləyicini necə əldə saxlamadan, etiket normalarından, tədbirlərin təyinatına görə geyimlərin seçilməyindən, yeni tanışlıq zamanı ünsiyyətin qurulması yollarından maraqlı məlumatlarla çıxış etmişdilər.
11 avqustda, Səfər günündə gənc liderlər Ağstafa rayonuna səfər etmişdilər. Səfərdə ilk olaraq Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Mərkəz ziyarət olunmuşdu. Mərkəzdə Ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən materillara, kitablara, şəkillərə, tarixi sənədlərə baxış olmuş, ulu öndərin Qazax – Ağstafa bölgəsinə olan səfərlərinə, rayon ictimaiyyəti ilə keçirilən görüşlərə dair fotoşəkillər Yay Universiteti iştirakçılarına göstərilmişdir. Həmçinin, Mərkəzin işi haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Mərkəzdə olan kitab və jurnallar, yüksək sürətli internetlə təmin olunmuş kompüterlər rayon əhalisinin istifadəsinə verilib. Mərkəzlə tanışlıqdan sonra Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Millət vəkili Qənirə Paşayeva layihə iştirakçıları ilə görüşmüş, onları maraqlandıran suallara cavab vermiş, öz keçdikləri həyat yollarından danışmış və gələcək planlarının müəyyən qismlərindən danışmışdılar. Görüşdən sonra Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı Elxan Usubov layihə iştirakçılarını təşkil etdirdiyi nahara dəvət etmişdi. Nahardan sonra gənc liderlər Heydər Əliyev Mərkəzində növbəti qonaq keçmiş “Bakılı oğlanlar” komandasının üzvü Tahir İmanovla görüşdülər. Şən və zaraftla dolu bir şəraitdə keçən görüşdə Tahir İmanov 90-cı illərin əvvələrində “KVN”-ə necə başladıqlarından, o zaman müharibə şəraitində komandanın üzvlərinin necə çətinliklərlə üzləşdiklərindən, Moskvada komandaya qarşı olan ayrı-seçkilikdən, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra komandaya olan dövlət səviyyəsində dəstəkdən, keçmiş komanda üzvlərinin bugünki fəaliyyətindən danışdı, sözsüz ki, gənc liderlərlə zarafat etməyi də unutmadı. Sonrakı qonaqlar isə Elnur Baimov və Mikayıl Məmmədov olmuşlar. Görüşdə qonaqlar Şəbəkə internetinə, Yahoo Groups və Yumroo Groupsa dair məlumat vermiş, Azərbaycanda internetin hazırkı vəziyyətindən, istifadəçilərin sayından, ən çox rast gəlinən problemlərdən danışmışlar.
12 avqustda, Sərhədçi günündə səhər yeməyindən sonra gənc liderlər Şəmkirdə yerləşən N saylı Sərhəd Dəstəsinə səfər etmişlər. Səfər zamanı Milli Məclisin deputatı Qənirə Paşayeva da bizi müşayiət edirdi. Səfər zamanı hərbi hissədəki vəziyyətlə tanışlıq, əsgərlərin təlim-məşqinə və gənc əsgərlərin andiçmə mərasiminə hazırlığına tamaşa, əsgərlərin yataqxansı, yeməkxanası, tibb məntəqəsi, dərs otaqları və digər inzibati binalrı ilə tanışlıq, silahların nümayişi və nəhayət, əsgərlərlə birlikdə yemək ən yaddaqalan məqamlardan idi. Burada hərbi xidmətdə olmuş birisi kimi demək yerinə düşər ki, hərbi hissələrimizdə olan mövcud şəraiti olduqca qənaətbəxş hesab etmək olar. Buna istər əsgərlərin geyiminə, yeməyinə, maddi-texniki təminatına, silahlarına, yataq şəraitinə, istərsə də psixoloji durumuna baxdıqda bir daha əmin olmaq olardı. Gənc liderlərin bugün növbəti qonağı gənc yaşlarından böyük uğurlar qazanmış Faik Bağırov idi. O gənc olsa da qısa müddət ərzində necə nailiyyət əldə etməsindən, biznesin incəliyindən, uğurun təmin olunması üçün əsas bildiyi məsələlərlə dinləyicilərlə fikir mübadiləsi apardı.
 13 avqustda, Azərbaycan tarixi günündə növbəti maraqlı qonaqlarımız görkəmli professorlarımız Cəmil Həsənli, Eldar İsmayılov və Rasim Musabəyov idi. Görüş Azərbaycan tarixinə həsr olunmuşdu. Hər üç qonağın müasir Azərbaycan tarixində oynadıqları rolu, bugünki gündə cəmiyyətdə də olan nüfuzlarını, ixtisasları üzrə mahir olmaqlarını nəzərə alsaq, təbii ki, görüş maraqlı və yaddaqalan keçmişdi. Görüş zamanı qonaqlar Azərbaycanın tarixi keçmişindən günümzədək olan dövründən, öz araşdırmalarından, gənc liderlərin qarşısında duran məsələlərdən danışmışdılar.
14 avqustda, İnsan hüquqları günündə qonaqlar tanınmış hüquqşünaslar Lətif Hüseynov, Otari Qvaladze, Səadət Yusifova və Rövşən İsmayılov idi. Onlar gənc liderlər üçün ümumi və xüsusi hüquqa, beynəlxalq hüquqa və insan hüquqlarına dair çıxışlar etmiş, Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərinin hüquqi tərəflərinə toxunmuş, qanunvericiliyimizin hazırlanmasında istifadə olunan nümunə modellərdən danışmışlar. Nahardan sonra iştirakçılar növbəti qonaqlarla – Əli Hüseynov, Rövşən Rzayev və Fuad Muradovla görüşmüşlər. Görüş daha çox interaktiv mühazirə şəklində keçməsi ilə fərqlənirdi. Həmçinin, həmin gün Yay Universitetində iştirak edən gənclərin Azərbaycanın Gürcüstandakı Səfiri Namiq Əliyevlə olan görüşləri də maraqlı və yaddaqalan oldu. Səfir Gürcüstandakı azərbaycanlıların problemləri, sosial vəziyyərləri, Gürcüstan cəmiyyətində oynadıqları roldan, iki ölkə arasındakı mövcud vəziyyətdən, problemlərin aradan qaldırılması üçün mümkün modellərdən, səfirliyin fəaliyyətindən geniş məlumat verdi.
15 avqustda, Təbiət günündə Yay Universieti iştirakçıları ekskursiyaya çıxdılar. Ilk olaraq, Qazaxda yerləşən muzeylər və tarixi abidələr ziyarət olundu. Ardından Azərbaycanın böyük şairi Səməd Vurğunun vəsf etdiyi Göyəzən dağına, ordan da Damcılı adlanan yerə səfər olundu. Damcılıda nahardan sonra gənc liderləri telejurnalist Qulu Məhərrəmli və “525”-ci qəzetin baş redaktoru Rəşad Məcidlə görüşlər gözləyirdi. Jurnalistikaya dair böyük təcrübəyə malik olan hər iki qonaq təmsil etdikləri qurumların fəaliyyətindən, senzuranın mövcud olduğu zamanlarda məlumatı necə çatdırmaqlarından, peşələrinə dair problemlərdən, Qərb mətbuatı ilə bizim mətbuatın oxşar və fərqli cəhətlərindən və gəncləri maraqlandıran digər məsələlərdən ətraflı danışdılar.
16 avqustda Layihələrin yazılışına həsr olunmuş gündə, səhər yeməyindən sonra ilk olaraq lektor Fərhad Məmmədovun “Azərbaycançılıq” mövzusunda mühazirəsi oldu. O, bu ideologiyanın əhəmiyyətindən, Ümummilli liderimiz Heydər Əliyevin bununla əlaqədar fikir və tövsiyyələrindən, çoxmillətli ölkəmizdə daxili stabillikdə bu ideologiyanın oynadığı roldan ətraflı danışmış və verilən sualları cavablamdırmışdı. Nahardan sonra isə Layihələrin yazılması və idarə edilməsi mövzusunda Nadir Adilov, Anar Bağırov, İsmayıl İsayev, Vüsal Bəkirov və Afaq Zeynalova çıxış etmiş, layihənin yazılmasında əsas olan faktorlara, büdcəsinin tutulmasına, uğurlu alınması üçün mühüm şərtlərə toxunmuş, sonradan isə hər hansı tenderdən keçəcək layihənin idarə edilməsindən və davamlı olmasından danışmışlar. Bundan sonra isə gənc liderlər kiçik qruplara bölünərək müxtəlif layihələr işləmiş və təqdim etmişlər. Axşam yeməyindən sonra isə müğənni Tünzalə Ağayevanın iştirakı ilə Gənc Liderlərin Yay Universitetinin bağlanış konserti keçirilmişdir. Müğənni ilə yanaşı, layihə iştirakçıları olan Fidan və Röya Hüseynova bacılarının hazırladıqları mahnı Yay Universitetinin himni seçilmişdir...
Əlbəttə, Qazax Yay Universitetinin proqramından, təşkilatçılıqdan, ordakı mühitdən çox danışmaq olar. Lakin yazımın növbəti mərhələsində öz təəssüratlarımı bölüşmək istərdim. Ilk olaraq bunu qeyd etmək istərdim ki, layihə iştirakçıları olan 130 gənc tərkibinə müxtəlif təşkilatların, idarə və müəssisələrin nümayəndələri, Bakıda və digər şəhərlərdə yerləşən universitetlərin tələbələri, o cümlədən onların Tələbə Gənclər Təşkilatının sədrləri daxil idilər. Başqa sözlə desək iştirakçılar elmin bütün sahələrini və ixtisaslarını təmsil edirdilər. Burada gender bərabərliyi də nəzərə alınmışdı: 65 qız, 65 oğlan. Diqqət çəkən cəhətlərdən biri də iştirakçıların təmsil etdikləri yerlərdə və ölkə cəmiyyətində tanınması və indiyədək bəzi uğurlara imza atması idi. Yaş tərkibləri də 17-dən 30-dək idi. Yay Universiteti iştirakçılarıyla görüşləri nəzərdə tutulan qonaqların tərkibi də çox maraqlı idi. Artıq yuxarıda adları qeyd edilın qonaqların əksəriyyəti respublikamızda və hüdudlarında kifayət qədər tanınırlar. Sözsüz ki, gənc liderlərin gələcəkdə öz yerlərini tutmaları və daha çox təcrübəli olmaları üçün bu cür şəxslərlə görüşləri daha mütəmadi keçirilməlidir. Onların təcrübələri, qazandıqları uğurlar öz dillərindən dinlənilərkən daha çox effekt verəcəkdir. Bu tip layihələrin təşkilinin digər bir əhəmiyyəti cəmiyyətin müxtəlif sferalrında fəaliyyət göstərən insanların bir-birlərini tanımasından, qarşılıqlı fikir mübadilələri aparmalarından, hər hansı bir məlumatın daha geniş əhali kütləsinə çatdırılmasından ibarətdir. Qazax Yay Universitetinin digər maraqlı tərəfi isə Gənclər və İdman Nazirliyi, “İRƏLİ” İctimai Birliyi və Gənclər Təşkilatının Milli Şurası ilə birgə təşkil olunması idi. Burada dövlətimizin Gənclər siyasəti çərçivəsində gənclərə dair layihələrdə göstərdiyi qayğı da yüksək qiymətləndirilməlidir. Məhz bu diqqət nəticəsində Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən bu layihə bu qədər uğurlu və cəmiyyətin maraqla izlədiyi formada keçdi. Ilk dəfə keçirilsə də belə möhtəşəm olması ümid etməyə əsas verir ki, bu son olmayacaq və 8000 nəfərdən artıq üzvü olan “İRƏLİ” İctimai Birliyi bu məsələdə yenə də aktiv olacaq və bənzər layihələri həyata keçirtməkdə öz təcrübəsini bölüşəcək.
Bu layihənin iştirakçılarının əksəriyyəti bir çox sahələr üzrə nailliyyətlər əldə etmiş gənclər idi. Mən də müəyyən zamanlarda buna bənzər layihələrdə iştirak etmişəm. Ilk dəfə, Türkiyədə keçirilən layihədə iştirak etdikdən sonra dünyagörüşümün nə qədər dəyişdiyini, qısa zaman ərzində daha çox məlumatla tanış olduğumu, ümumilikdə isə bir fərd kimi inkişafıma necə müsbət təsir etdiyini görmüşəm. Buna görə də hesab etmişəm ki, hər bir gənc bu kimi tədbirlərdə iştirak etməli, daha çox ünsiyyətdə olmalı, komanda işində iştirak etməlidir. Istənilən bir gəncin xarici ölkələrdə keçirilən belə tədbirlərdə iştirakı, oranın təcrübələrini mənimsəməsi onun daha tez püxtələşməsinə və inkişafına səbəb olacaqdır. Gələcəkdə isə bu iştirakçılar öz öyrəndiklərini özlərindən sonra gələn nəsilə ötürərək, öyrənək və öyrədək ənənəsini yaşadacaqlar.
Yay Universitetinə dair yazımı yekunlaşdıraraq 17 avqustda yola salma mərasimindən sonra Bakıya qayıtmağımızı, 24 avqustda Park İnn otelində Yay Universiteti iştirakçılarına Diplomların təqdim edilməsi mərasiminə toxunmaq istəyirəm. Diplomların təqdim edilməsində Azərbaycan Respublikasının Prezident Aparatının şöbə müdiri Elnur Aslanov, Gənclər və İdman Naziri Azad Rəhimov, “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, Millət vəkili Ilham Məmmədov, layihədə gənc liderlərlə fikirlərini bölüşən Faik Bağırov və digər qonaqlar da var idi. Hesab edirəm ki, Yay universiteti iştirakçıların yaddaşında uzun müddət qalacaq və burada öyrəndikləri gələcək fəaliyyətlərində öz töhfəsini verəcəkdir. Sonda isə yazımı Yay Universitetinin əsas şüarlarından biri ilə bitirmək istəyirəm: “İrəli Gənclik, İrəli Azərbaycan”.

 

Elanlar
İRƏLİ-YƏ ÜZV OL

Günün fotosu
Günün şəkli
DİGƏR FOTOLAR
İRƏLİ NetworkUnutmuruq
Netty 2011 Qalib