Orxan Muxtarlı: "Şüşadan gələn səslər"
15 november 2009
Hə, hörmətli həmvətənlilərim, bu yazım Şuşadan olacaq.Yox səhv edirsiniz... nə Xan Şuşinskidən, nə də ki, Xaribülbüldən. Bu yazım Üzeyir bəydəndir, amma musiqiçi yox, bir jurnalist kimi qələmindən ibrət götürəsi Üzeyir bəydən. O gün dərsdə müəllimimiz Şirməmməd Hüseynovun danışdığı Üzeyir bəydən. Gəlin, əvvəla o dərsi təsvir edim, sonra mətləbə keçim.
Böyük işıqlı otaq, pəncərələri o qədər iridir ki, sinif otağındakı çırağı yandırmağa ehtiyac yoxdu. Auditoriya tələbə ilə büsbütün doludur, başda da şirin Şəki ləhcəsi ilə danışan, əlində bir neçə vərəq və kitab olan 85 yaşlı Şirməmməd müəllim. O bizə jurnalistika tarixindən dərs deyir. Düzünü deyim ki, onun dərslərini həmişə səbirsizliklə gözləyirəm. Xəstələnsəm də qaçaraq dərsinə gəlməyə çalışıram. Deyəcəksiniz ki, tələbədir, imtahandan qiymət almaq üçün belə yazır. Yox, həqiqi sözümdür, o, müəllim kimi jurnalistikadan elə qiymətli məlumatlar verir ki, bir sözünü qaçırmadan hamısını dəftərçənə yazmaq istəyir. Dərsdə kimisi sevdiyi insana mesaj yazır, kimisi dünya görüşlərini bölüşür, kimisi də dünənki serialdan söhbət açır, amma hamısı Şirməmməd jurnalı yazana qədər baş verir. Jurnalı yazdımı, müzakirə başlayır. Açıq danışsaq bu müzakirənin 70 faizini müəllim özü danışır, amma yorucu deyil, maraqlıdır. Dərsimiz bu dəfə Üzeyir bəyin jurnalistika irsinə həsr olundu və müzakirə etdiyimiz məqalə “ŞUŞA QIRĞININA DAİR” adlı yazı idi. Məqalədən bir neçə sitat gətirmək istəyirəm.
“Görün ki, Qarabağın müsəlmanları qətliama məhkum olublar. Onları öldürürlər, yandırırlar, qarət edirlər. Bir dəm nəfəs almağa aman vermirlər.
Namərd düşmənlərdən üç-dörd qat az olan Şuşanın müsəlman kişiləri budur on gündür ki, hamını heyran qoyacaq bir cəsar və səbat ilə özlərini yox, ev-eşiklərini yox, əhli-əlyanlarını, arvad-uşaqlarını müdafiə və mühafizə edib qoymurlar və axır nəfəsədək qoymazlar ki, insaniyyətdən ari olan düşmən heyvaniyyət qələbəsi altında cürət edib pəreyi-namusu mavərasına əl uzatsın. Buna ixtişaş adı qoymaq olmaz. Bu dava şər baqaidə icra olunan bir müharibədir ki, burada bir tərəf məqsədi digər tərəfi məhv və nabud, digər tərəf isə özünü axırıncı qan damcısı qalanadək müdafiə etməkdir...”
Mən bilən 1905-ci ildə Şuşa qırğınına həsr olunmuş bu məqalədən gətirdiyim sitatlar kifayət elədi ki, o dövrdə baş verən faciənin dəhşətini duya biləsiniz. Bəzi erməni faşistləri deyirlər ki, türklər bizi 1915-də qırdıqlarına görə, 1918-də intiqamımızı almışıq. Yaxşı onların bu sözü deməyə haqları çatır, amma görək bizim 1905-ci illə bağlı bir anım tariximiz varmı?!
Qəliz sualdır, cavabı da təəssüf ki, müsbət deyil. 1918-ci il mart qırğınlarını, 1992-ci il fevralda baş vermiş Xocalı soyqırımını anırıqsa, niyə 1905-ci il qırğınlarını anmayaq. Ermənilər öz qondarma ittihamlarını tarixin dərin qatlarına malaladıqları halda biz öz həqiqətimizi gizlədirik. Bilmirəm nədən? Unutmayın ki, təqvimimizdə bütün qırğınlar təkcə 20-ci əsrə aiddir. Bu yüzillikdə biz nə qədər unutqan olduq.Mən bilən buna unutqanlıq yox, xəstəlik demək olar. Bir nəsil əsrin bütün dönəmlərində soyqırıma məruz qalır. Baba, ata, oğul, axır sıra gəldi mənə. Bəli, xarici qüvvələrin beynimizə yeritdiyi virus bizim yaddaş kartımızı pozub. İndi yeganə yol öz beynimizi yenidən format etdirməyli və yaddaş kartına mükəmməl anti virus yazdıraraq öz şürumuzu təmizləməliyik. Unutmayın ki, antivirus xaricin olsa zərərimizə işləyəcək. Qərb torpaqlarında Dədəm Qorqud demiş qara donuzlar at oynadırsa, hələ də 20 faiz torpağın işğal edilibsə sən, mən nədən danışa bilərik? Demirəm ki, gedək ermənilər kimi 3 metirlik dəsmalı çıxarıb başlayaq ağlamağa. Xəritəyə fikir versəniz Ermənistan Türkiyə və Azərbaycanın arxasında özünə yer eləyib. Nə deyirik, qoy otursun, amma bir az insaflı olsun. Qopartdığı bəs deyil?! Həm də indi biz gedib 3 yox, 7 metirlik dəsmalla ağlasaq belə heç üzümüzə baxan olmayacaq. Nə edək ki, bizi görəndə alnımızdan bir söz oxuyurlar: türkdür deməli müasir qaradır. Qapılar da üzümüzə bağlı. Malımızı yeyir, qanımızı içir, üzümüzə gülür də... Biz də dözürük. Nə vaxtacan?! Hələ də dözərdik, bizim qardaşımız təzəlikcə erməni sevdasında bulunmasaydı. Yaxşı bəs qardaşın?! Yaxşı qardaşlığı da bir kənara qoyaq, bəs sənin dünyanın baş ağrısına çevrilən qondarma erməni soyqırımın? Görürəm ki, unutmusuz.Deyəsən sizin də antivirusunuz zəyifləyib, formatlamaq lazımdır. Siz də bizim günümüzdəsiz. Şuşasız və Qarabağsız qarabağlılarım, nə deyim? Yazımı Leonard Ramdsden Havrilin “İnsanlar belədir”adlı kitabından sitatla bitirirəm.
“Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü”.




