Roman Qaraşov: "Qeyri-hökumət təşkilatlarının insan hüquq və azadlıqlarının qorunmasında rolu"
22 november 2009
Bir az da vətəndaş cəmiyyətinin zəruri həlqələrindən olan Qeyri hökumət təşkilatlarından və bu qurumların insan hüquqlarının müdafiəsində roludan danışaq.
Hər gün ictimai sektorda fəaliyyət göstərən assosiyasiya, komitə, ictimai birlik, liqa, mərkəz, fond, cəmiyyət, institut, konfederasiya anlayışlarına rast gəlirik. Lakin mahiyyət etibarı ilə onların təşkil edilməsində və fəaliyyətində hüquqi cəhətdən elə bir ciddi fərq yoxdur, hər biri qeyri-hökumət təşkilatlarıdır. Yalnız respublikamızda üç mindən artıq bu cür təşkilatlar fəaliyyət göstərməkdədir.
Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarının yaradılmasının yalnız iki növü fərqləndirilir: İctimai birlik və fond. Qeyri-hökumət təşkilatları haqqında qanuna əsasən: İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır; Fond - üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən könüllü əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədlər daşıyan qeyri-hökumət təşkilatdır.
İctimai birliklərə əsasən iki xüsusiyyət xasdır ki, bunlar fonda aid edilə bilməz: İctimai birlik üzvlüyə əsaslanır və dövlət qeydiyyatdan keçmədən də, yəni hüquqi şəxs statusu almadan da fəaliyyət göstərə bilər.
Beləliklə, Qeyri-hökumət təşkilatları qanunvericilikdə nəzərdə tutulmuş aşağıdakı xüsusiyyətlərə malikdir:
-Bir neçə fiziki və ya hüquqi şəxs tərəfindən yaradılır;
-Könüllülük əsasında fəaliyyət göstərir;
-Özünüidarəedən qurumlardır;
-Gəlir götürmək məqsədləri deyil, lakin fəaliyyətləri nəticəsində gəlir eldə edirlərsə, onu üzvləri arasında bölmürlər;- qarşıya qoyduqları məqsədin reallaşdırılmasına sərf edirlər;
-Cəmiyyətdə mövcud olan müxtləf problərin həll edilməsi əsas məqsədləridir.
Böyük Britaniyada 250 mindən, Rusiyada 100 mindən artıq ictimai təşkilatlar fəaliyyət göstərsə də onların adlandırılması üçün qəti müəyyən olunmuş termin yoxdur: Fransada bu ekonomie sociale, Böyük Britaniyada public charities, Yaponiyada koeki hocin, Birləşmiş Ştatlarda non-for profit organizations, non governmental organizations və ya voluntary organizations adlanır.
Son illər dünyada qeyri-hökumət təşkilatlarından-üçüncü sektordan daha çox danışılır. Çünki bu cür təşkilatların cəmiyyətin idarə olunmasında, müxtəlif ictimai-siyasi, sosial problemlərin həllində rolu əhəmiyyətli dərəcədə artmışdır. Hökumət təşkilatı statusuna malik olmayan və gəlirini öz aralarında paylaşmayan bütün birliklər üçüncü sektora daxildir. Hökumətdən ( birinci sektordan ) fərqli olaraq üçüncü sektor təşkilatları vahid bir birliyə, sərt idarəetmə mexanizminə malik deyillər və tamamilə büdcədən asılılıqları yoxdur. Biznesdən ( ikinci sektordan) fərqli olaraq təşkilatların yaradıcıları gəliri öz aralarında bölmürlər, hətta əgər gəlirləri olsa belə, onu artırmaq əvəzinə, problemlərin həllinə yönəldirlər. Üçüncü sektor da biznes kimi hər bir insana ayrı-ayrılıqda xidmət göstərməyə çalışır, lakin tam əksinə olaraq insan nə qədər çox çətinliklərə məruz qalırsa, ona Qeyri Hökumət Təşkilatları tərəfindən bir o qədər çox diqqət göstərilir. Qeyri Hökumət Təşkilatları (QHT) hər birimizin həyatını yaxşılaşdırmağa çalışır və bunun müqabilində maddi maraq güdmür. Bu da onların əsas məqsədidir. Qeyri Hökümət Təşkilatları:
Ø Bizim hüquq və azadlıqlarımızın qorunması üçün tədbirlər görürlər;
Ø Müxtəlif sahələrdə çətinliyə düşənlərə yardım edirlər;
Ø Kimsəsizləri tənha qalmağa qoymurlar;
Ø İstedadlı insanların yaradıcılıq qabiliyyətinin üzə çıxarılması üçün layihələr həyata keçirirlər.
Bu siyahını bir qədər də uzatmaq olar. Lakin biz əsasən QHT-lərin insan hüquqlarının qorunması istiqamətindəki fəaliyyətindən danışacağıq.
Nəzərinizə çatdıraq ki, müasir anlamda QHT anlayışının meydana gəlməsi 1776-cı il ABŞ istiqlaliyyət Bəyannaməsinin elan olunması, 1787-ci ildə dünyada ilk yazılı Konstitutsiyanın qəbul olunması, o cümlədən 1789-cu il Fransa İnqilabının gedişində yaranan “İnsan və vətəndaşların hüquqları bəyannaməsi”nin qəbul olunması və bu kimi qanunların icrası ilə bağlıdır.
Göründüyü kimi QHT-lər məhz demokratik təsisatların, insan hüquqlarının qorunması təşəbbüsünün, bu hüquqlarının realizəsinə-tətbiqinə yönəlmiş tədbirlər həyata keçirilməsi ilə əlaqədar yaranmışdı. Həmin fikirlər sonrakı dövrlərdə də davam etdirildi. Bugün dünyada fəaliyyət göstərən QHT-lərin böyük bir qismi məhz insan hüquqlarının müdafiəsi istiqamətini seçmişdir.
Hüquqlar müdafiə olunduğu halda ali dəyərlər səviyyəsinə qalxır. Digər bir tərəfdən isə pozulması zamanı cəza-sanksiya tətbiq edilməyən hüquqlar hüquq hesab edilmir. Çünki hüququn müdafiə imkanı olmur.
Biz qeyri-hökumət təşkilatlarının insan hüquqlarını qorumasında rolunu qeyd edərkən bir məqama xüsusi diqqət yetirməliyik. Bu cür təşkilatlar dövlət təşkilatları deyil. Yəni biləvasitə rastlaşdıqları hüquqpozuntuları ilə bağlı sanksiya tətbiq etmək imkanına malik deyillər. Belə olan halda onların faəliyyəti nə dərəcədə effektli ola bilər?!
Lakin dolayısı ilə insan hüquqlarının qorunmasında QHT-lərin rolu əvəzedilməzdir. Bu vasitələri və fəaliyyət istiqamətlərini ayrı-ayrı bəndlər şəkilində təhlil edək:
1. Vətəndaşları insan hüquq və azadlıqlarına dair maarifləndirmə;
Bütün demokratik dövlətlərdə bu funksiyanı əsasən QHT-lər yerinə yetirirlər. Hansısa qanundan vətəndaşlar birxəbərdirsə, həmin qanunun icrası real görünmür. Əgər vətəndaş hansı vəzifələri icra edəcəyini bilmirsə təbii ki, məsuliyyətdən də azad olmur. Hüquqi maarifləndirmənin effektli həyata keçirilməsi eyni zamanda bir neçə funksiyanın icrasında təkan verir. Hər hüquq sahəsi üzrə keçirilən layihə həmin sahəyə aid şəxslər qrupuna izah olunur. Məsələn, uşaq hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən hər hansı təşkilat layihə həyata keçirirsə, həmin layihənin əsas iştirakçısı kimi uşaqları, onların valideynlərini və uşaq hüquqlarının qorunmasına məsul olan şəxsləri seçir, uşaq hüquqları ilə bağlı qanunları onlara izah edirlər.
2. QHT-lər tərəfindən vətəndaşlara ödənişsiz olaraq hüquqi yardım göstərilməsi;
Belə ki, əsasən bu cür yardım məhz əhalinin daha həsas, yaxud əhalinin daha imkansız təbəqəsi üçün göstərilir. ABŞ-da bu tip layihələrə vəkillər daha böyük maraq göstərirlər. Çünki bu fəaliyyət kütlə tərəfindən daha xoş qarşılanır, vəkilin nüfuzunu artırır, həmçinin də media bu layihələr haqda daha həvəslə yazır. Yəni qarşılıqlı maraqlar, o cümlədən əhalinin real olaraq bucür hüquqi yardıma ehtiyacının olması insan hüquqlarının qorunması istiqamətində QHT-lərin rolunu daha da aktuallaşdırır.
3. Gənc hüquqşünas kadrların təkmilləşdirilməsi;
Hər il yüzlərlə layihə gənc hüquqşünasların nəzəri və praktiki cəhətdən biliyinin artırılmasına, onların təkmilləşdirilməsinə həsr olunur. Çünki hüquqları tətbiq edəcək əsas şəxslər qrupu məhz hüquqşünaslardır. Onlar nə qədər savadlı olsalar və ixtisaslarını daha dərindən mənimsəsələr, vətəndaşlar hüquqlarının tətbiqində də elə bir ciddi çətinliklərlə qarşılaşmazlar. QHT-lər bəzən onların daha inkişaf etmiş ölkələrdə təhsil alması üçün köməklik göstərir, vəsaitlərlə təmin edir, müxtəlif hüquqi mövzularda müzakirələr təşkil edir, hüquq sahəsi üzrə ixtisaslaşmış kitabxanalar yaradır və digər bu kimi layihələr həyata keçirməklə hüquqşünasların təkmilləşməsi üçün yeni imkanlar yaradır.
4. Dövlət orqanları cəmiyyətə QHT-lər vasitəsilə daha asan təsir etmək imkanına malik olur;
Dövlət orqanları ilə QHT-lərin əməkdaşlığı nəticəsində həm dövlət çox asanlıqla cəmiyyətin müxtləf sosial qrupları ilə əlaqə yaratmaq imkanı əldə edir, həmçinin də maliyyə vəsaitlərinə qənaət edir. Çünki QHT-lərdə fəaliyyət əksər hallarda könüllülük əsasında ödənişsiz həyata keçirilir.
Sonda qeyd etmək istərdik ki, xüsusilə hüquqşünaslıq ixtisasına yiyələnmiş şəxslər demokratiyanı inkişaf etdirmək, qanunun aliliyini gücləndirmək, həmçinin, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarına və fundamental azadlıqlara, o cümlədən inkişaf hüquqlarına hörmət etmək yolunda əllərindən gələni əsirgəməməlidirlər. Azərbaycanda QHT-lərin nəzərə çarpan fəaliyyəti artıq vətəndaş cəmiyyətinə xas xüsusiyyətlərin bərqərar olmasının göstəricisidir. Lakin əsasən insan hüquqlarını qorumaq vəzifəsinin yükü yenə də dövlət orqanlarının üzərlərinə düşür, QHT-lər sadəcə bu işlərə imkanları daxilində öz təşəbbüsləri ilə köməklik edirlər.
İrəli İctimai Birliyi
Hüquq Mərkəzinin sədri Roman Qaraşov




