Məcid Musayev: "Xocalı faciəsini unutmuruq"
27 february 2010
Mən qarlı – boranlı bir fevral günündə anadan olmuşam. Bu vaxt artıq “20 Yanvar” faciəsi baş vermişdi. Xalqımız, dərin hüzn içində idi. Hamı elə bilirdi ki, daha çətin günlər geridə qalacaq, azadlıq uğrunda mübarizəmiz öz müsbət sonluğuna çatacaq. Sən demə, qabaqda bizi daha amansız bir faciə gözləyirmiş. Elə bir faciə ki, hələ yer üzündə buna bənzəyəni olmamışdır. Elə bir faciə ki, xalqımızın heç vaxt unuda bilməyəcəyi ağır bir kədər . . . Bunu nəinki dil, heç qələm də yaza bilməz. Çünki bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş bu soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri – insani cəza üsulları ilə bəşər tarixində tayı – bərabəri olmayan bir vəhşilik simvoludur.
Qar qışın bəzəyidir. Yurdumuza qar yağanda çoxları bunu bayram kimi qarşılayır. Lakin mənim fevral qarından xoşum gelmir. Əslində Xocalı faciəsi zamanı mənim 2 yaşım olub. O acıları hiss etməmişəm.Sonralar valideyinlərimin, müəllimlərimin dedikləri, oxuduqlarım, televiziyada gördüklərim isə məni dəhşətə gətirdi. Erməni vəhşilərinin törətdikləri ağır cinayətlərin görüntülərini lentə alan xalqımızın qeyrətli, cəsur oğlu, Milli Qəhrəman Çingiz Musatafayev həmin faciəni öz kamerasının yaddaşına həmişəlik olaraq köçürmüşdür. Bunula da o, məzlumların axıdılan günahsız qanlarının yırtıcı erməni cəlladlarının necə tökdüklərini dünya ictimaiyyətinə əyani şəkildə çatdırmışdır. Biz bu gün görürük ki, başımıza gətirilən ağır müsibətlərə görə dünya miqyasında heç kəs məsuliyyət daşımayıb və tökülən günahsız insan qanı hələ də yerdə qalb.
Yaxın keçmişimiz faciələrlə dolu olsa da, Xocalı fəryadı, Xocalı harayı daim bizi intiqama çağırır. “Qisas qiyamətə qalmaz”, deyib atalar. Bu qanın qisasını almaq bizim böynumuza düşür. Qar üzərində yıxılıb qalan qocalar, cavanlar, qadınlar, məsum körpələr gözümüzün qabağındadılar. Öldürüldükdən sonra eybəcər hala salınan soydaşlarımızın ruhu sanki bizi intiqama səsləyir, yatmış vicdanların ayılmasına çağırır.
Erməni və rus toplarının gurultusundan öz evlərindən pərən – pərən düşən Xocalı sakinləri baş götürüb qaçdılar. Onlar son ümid yeri olan Ağdama çatmaq istəyirdilər. Evlərini ayaqyalın tərk edənlər bunun üçün bir həftə meşə ilə ac – susuz yol getməli idilər. Ağac qabığı ilə dolanan ac sakinlər kiçik dəstələrlə meşəyə səpələnmişdilər. Düşmən onları təqib edirdi. Çoxlarını əsir və girov götürdülər. Bir kiçik dəstə də təqib olunurdu. Dəstədə qaçan bir ananın qucağında körpə qız övladı acından zarıyırdı. Ana düşməndən qurtulmaq üçün öz körpəsini əlilə boğub öldürür. İlk məhəbbətinin bəhrəsini meşədə qoymaq istəmir Belinə sarıyıb özünü Ağdama çatdırır. Ayaqlarını don vuran, kiçik dəstə canlarını xilas etdikdən sonra məlum olur ki, körpə qız sağdır. İndi onun 20 yaşı var. Qadir Allah öz möcüzəsilə bu günahsız uşağı yaşatdı. Yaşatdı ki, gələcək nəsillər, Xocalının başına gələnlərdən agah olsunlar.
Xocalı yurdumuzun ən qədim və zəngin məskənlərindən biri idi. Burada 7 mindən artıq əhali yaşayırdı. Dağlıq Qarabağın strateji cəhətdən əlverişli qəsəbəsi idi. Burada havalimanı Qarabağı mərkəzlə birləşdirən yeganə vasitə idi. Düşmən 1992-ci ilin fevralın 25-dən 26-na keçən keçən gecə ruslarla birgə Xocalıya divan tutdu. Xocalı havalimanını qoruyan dəstəyə Əlif Hacıyev başçılıq edirdi. Dəstənin bütün üzvləri düşmənlə mübarizə zamanı, qəhrəmancasına şəhid oldular. Milli Qəhrəman Əlif Hacıyev həlak olandan sonra Xocalı düşmən tərəfindən yağmalandı və amansız faciənin qurbanı oldu. Bu faciə XX əsrin ən dəhşətli faciəsi idi ki, nəticədə Xocalı adlı bir şəhər yer üzündən silindi, təkcə adı, bir də ürək ağrıdan, yaralı sızıltısı qaldı.
Deyirlər vətən dərdi, vətən həsrəti yaman şeydir. Bunu biz yurdlarından didərgin düşən bir milyondan artıq soydaşlarımızın gözlərində oxuyuruq. Zalımın gücü var, dayağı var, məzlumunsa ahı var, fəryadı vra. Vaxt gələcək, məzlumun ahı zalıma güc gələcək. O zaman haqq - ədalət öz yerini tapacaq. Kadrlarda gördüyümüz qocaların, günahsız körpələrin tökülən qanlarının sorğu – sualı başlanacaq. Mən buna əminəm !
Xocalıdan salamat çıxan əhali yurdumuzun digər güşələrində yaşasalar da hər cür çətinliklərə dözərək, yenidən Xocalıya qayıtmaq ümidilə sabaha baxırlar. Onlar yenidən Xocalını yaşatmaq niyyətindədirlər. Tez – tez yuxularında Xocalıya səfər etsələr də hələlik o müqəddəs yerlər əlləri çata bilmir. Onlarsız Xocalı torpağı da yetim qalıb. Burada nə bir ağac, nə bir canlı, nə bir tikili salamat qalmayıb. Məktəblər, xəstəxanalar, hətta qəbristanlıq da yerlə yeksan olunub. Heç elə bil min illər boyu burada insan yaşamayıb . . .
Faciədən 18 il ötməsinə baxmayaraq, dünya ölkələri hələ də bu dəhşəti qəbul etmək istəmirlər. Hadisənin əsl mahiyyətini bəşəriyyətə çatdıran qeyrətli oğullarımız öz sözlərini mötəbər kürsülərdən ucaldacaqlar. Dünya miqyasında elə siyası qüvvələr var ki, bu günü, bu soyqırım onların soyuq vicdanına təsir göstərmir.
Müstəqilliyimizi möhkəmləndirdikcə, siyasi səhnədə səsimiz ucaldıqca Xocalı soyqırımı da öz ədalətli siyasi qiymətini tapacaq, itirilmiş torpaqlarımz geriyə qaytarılacaq. O zaman qəblərimizi parçalayan Xocalı fəryadı azca da olsa, səngiyəcək.




