“İRƏLİ” İctimai Birliyi təmsilçiləri Ramazan ayının 2-ci günü Səfir Mark Qrossmanı (ətraflı aşağıda) iftar süfrəsinə dəvət etmişdir. Dəvəti qəbul edən Səfir Qrossman “Köhnə Şəhər” restoranında “İrəli”çilərlə iftar yeməyinə qatılmışdır.
Görüşdə “İRƏLİ” İctimai Birliyi adından təşkilatın sədri Ceyhun Osmanlı, təşkilatın İdarə Heyətinin üzvü və ABŞ-ın East Tennessy Universitetinin məzunu Ramiz Məmmədli, Harvard Universitetinin məzunu Emin Hüseynov, John Hopkins Universitetinin tələbəsi Leyla Məmmədli, LSE-nin müdavimi Ayşən Kərimova, Almaniyanın Liepsig Universitetinin müdavimi və “İRƏLİ”-nin Layihə və Proqramlar üzrə katibi İsmayıl İsayev iştirak etmişdir.
İftar yeməyinə həmçinin “İRƏLİ” İctimai Birliyinin həmtəsisçiləri Röya Talıbova və Fərhad Məmmədov qatılmışdır.
Səmimi şəraitdə keçən görüşdə səfir gənclərin çoxsaylı suallarını cavablandırmış, Azərbaycanın, regionun və dünyanın gələcəyi ilə bağlı maraqlı diskussiya aparılmışdır.
Marc Grossman
ABŞ Dövlət Katibinin Siyasi Məsələlər üzrə Müşaviri (2001-2005)
ABŞ Dövlət Katibinin Avropa məsələləri üzrə Köməkçisi (1997-2000)
ABŞ-ın Türkiyədə səfiri (1994-1997)
Kalifornia ştatının Los-Angeles şəhərində anadan olmuş səfir Grossman, Santa-Barbara şəhərində yerləşən Kalifornia Universitetindən məzun olub. London Siyasi və İqtisadi Elmlər İnstitundan (London School of Economics and İnternational Relations – LSE) beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb.
Səfir həmçinin 1983-1986-cı illərdə NATO Baş Katibi Lord Carrington-un işçi heyətinin müdür müavini vəzifəsində, 1977-1979-cu illərdə isə ABŞ-ın Pakistandakı səfirliyində çalışıb. 1993-1994-cü illərdə M.Grossman ABŞ Dövlət Katibinin şəxsi köməkçisi vəzifəsində çalışıb. 1989-1992-ci illərdə M.Grossman Türkiyədə ABŞ səfirinin müşaviri olub. 1994-1997-ci illərdə ABŞ-ın Türkiyədə səfiri təyin olunub və bu vəzifədə çalışarkən,o, ABŞ və Türkiyə arasında təhlükəsizlik, insan hüquqları, demokratiya və iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsinə çalışıb.
Onun təşəbbüsü və təşkilatçılığı ilə Vaşinqtonda 1999-cu ildə NATO-nun 50-ci ildönüm sammiti keçirilib. Məhz həmin ildə Kosovo-da NATO hərbi əməliyyatlarının keçirilməsində onun aktiv rolu olub. 1997-2000-ci illərdə Dövlət Katibinin Avropa məsələləri üzrə köməkçisi vəzifəsində çalışarkən, o, 50 müxtəlif diplomatik korpusda yerləşən 4000-dən çox ABŞ diplomatının fəaliyyətindən məsuliyyət daşıyıb.
Səfir Grossman 2000-2001-ci illərdə ABŞ Dövlət Departamentinin Xarici Xidmət və İnsan Resursları şöbəsinin müdürü vəzifəsində çalışıb. 2001-ci ildə isə ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müşaviri vəzifəsinə təyin olunub. 2005-ci ildə, səfir Grossman ABŞ Dövlət Departamentində 29 illik dövlət xidmətini başa vurub. 11 Sentyabr, 2001 hadisələrindən sonra, cənab Grossmanın terrorizmlə qlobal mübarizə və Əfqanıstan və İraqdakı hərbi əməliyyatların həyata keçirilməsi üçün diplomatik dəstəyin təmin olunmasında və məxfi hərbi-siyasi danışıqların aparılmasında birbaşa rolu olub.
Ölkəsi qarşısındakı əvəzolunmaz əməyi sayəsində səfir Grossman çoxsaylı mükafatlar və titullara layiq görülmüşdür. 2004-cü ildə cənab Grossman, ABŞ Prezidenti tərəfindən, ABŞ Dövlət Xidmətinin ən yüksək ranqı olan “Karyera Diplomatı” rütbəsinə layiq görülmüşdür. Bu ranq ABŞ Hərbi eşalonunda “general” rütbəsinə bərabərdir. 2005-ci ildə cənab Grossman ABŞ Dövlət katibi tərəfindən “Əməkdar Dövlət Qulluqçusu Mükafat”ına layiq görülüb.
Cənab Grossman ABŞ-da bir sıra qeyri hökümət təşkilatları və təhsil institutlarının Qəyyumluq və İdarəçi Şurasının üzvüdür. Hal-hazırda keçmiş ABŞ Müdafiə naziri William Cohen-in adını daşıyan və onun tərəfindən idarə olunan “Cohen Qrupu” adlı təşkilatın vitse-prezidenti olmaqla bərabər, Georgetown Universitetinin professorudur.
Həmçinin baxın:
Səfir Mark Qrossman “İRƏLİ”çilərin iftar yeməyinə qatılmışdır - Mediada
Səfir Mark Qrossman “İRƏLİ”çilərin iftar yeməyinə qatılmışdır - Foto




