Avropanın 15 ölkəsindən gənclər “İRƏLİ” İctimai Birliyinin qonağı olmuşdur
21 october 2009
Bildiyiniz kimi, Avropa Komissiyasının “Youth in action” “Gənclər fəaliyyətdə” proqramı qeyri-formal təhsili dəstəkləyən, 13-30 yaş qrupları arasında gənclərə Avropa quruculuğunda fəal iştirak etməyi təklif edən layihələrdən biridir. “Gənclər fəaliyyətdə” proqramı Avropa İttifaqının 2007-2013-cü illəri əhatə edən rəsmi gənclər proqramıdır.
19-25 oktyabr tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Avropa Komissiyasının Şərqi Avropa ölkələri ilə əməkdaşlıqdan məsul olan “Salto Youth Resurs Mərkəzi” nin təşkilatçılığı ilə “Azərbaycanda Gənclər işinin reallığı ” mövzusunda tanışlıq səfəri keçirilir.
Avropa birliyinə üzv 15 ölkənin o cümlədən, Fransa, Portuqaliya, Avstriya, Belçika, Polşa və Türkiyənin “Gənclər fəaliyyətdə” proqramı üzrə Milli agentliklərinin rəsmi nümayəndələrinin, eyni zamanda, Avropanın ən fəal gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdiyi proqram çərçivəsində həm paytaxt, həm də regionlardan olan fəal gənclərlə görüş nəzərdə tutulmuşdur.
Qeyd edək ki, səfər çərçivəsində qonaqlar “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında olmuş, “İRƏLİ” fəalları ilə görüşmüşdür. Görüş zamanı gənclər arasında müxtəlif layihələr və tədbirlərə dair fikir mübadiləsi aparılmışdır.
Görüş nəticəsində “İRƏLİ” İctimai Birliyi ilə “Salto Youth Resurs Mərkəzi” arasında davamlı əməkdaşlığın əsasının qoyulması barədə razılıq əldə olunmuşdur.
__________________________
Həmçinin baxın:




