“İRƏLİ” İctimai Birliyinin BƏYANATI
Müstəqilliyini yenidən bərpa etdikdən sonra, Azərbaycan Respublikası mərhələli inkişaf yolunu qət etməkdədir. 2003-cü ildə başlayan keyfiyyətcə yeni mərhələ ölkəmizin dinamik və davamlı inkişafını təmin etmişdir. Azərbaycanda keçirilən dinamik islahatlar ictimai-siyasi, iqtisadi, sosial-mədəni sahələrdə inkişafa doğru transformasilayara səbəb olmuşdur. Bütün bu proseslər ölkə vətəndaşlarının yaşayış şəraitinin yüksəldilməsinə və Azərbaycanın dünya dövlətləri arasında mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Müasir Azərbaycanın simasını yeniləşən və modernləşən cəmiyyət təşkil edir. Bu şəraitdə gələcək məfhumunun simvolu olan gəncliyin fəal olması zəruridir və inkişafın davamlı olmasının əsas şərtidir. Yeni düşüncə tərzinə malik olan, təşəbbüslü, savadlı və bacarıqlı, eyni zamanda milli-mənəvi dəyərlərə sadiq gənclər Azərbaycanın qarşısında duran çağırışlara tutarlı cavab verməli və müasir dövrün nailiyyətlərini saxlamaqla yanaşı gələcək uğurlara imza atmalıdır. Məhz bu gənclər Azərbaycanda yeni vətəndaş simasını formallaşdıraraq, müstəqil Azərbaycanı təminatlı gələcəyə aparmalıdır.
Biz, demokratiyanı cəmiyyətin həyatının bir hissəsi, onun üzvlərinin təfəkkür tərzi, cəmiyyət daxilində onun üzvləri arasında qarşılıqlı əlaqənin forması kimi qəbul edirik. Demokratiyanı, hər bir xalqın öz inkişafının strategiyası və yolunu müəyyən etməkdən ibarət suveren hüququ olduğunu bildirir, xalqın rifahı uğrunda, onun dolğun həyatı naminə demokratik təsisatların mövcud olmasının və fəaliyyət göstərməsinin zəruriliyini vurğulayır, eyni zamanda, onlardan xarici məqsəd və vəzifələr naminə istifadə niyyətlərini qəti şəkildə pisləyirik. Bu baxımdan, demokratiyanı məhz Azərbaycan cəmiyyətinin məhsulu kimi görür və kənardan qeyri-təkamül yolu ilə yeridilən modelləri inkar edirik. Bu yolda bizim dəyərlərimizin açıq cəmiyyət, milli inkişafa uyğun demokratik transformasiya və liberal iqtisadiyyat olduğunu bildiririk.
Biz, milli-mənəvi dəyərlərə, dininə, dilinə, tarixinə hörmət edən vətəndaş obrazı yaradan təşkilatıq. Biz, cəmiyyətdə demokratik meyllərin genişlənməsi ilə müşayiət edilən liberallaşmanın yaratdığı kosmopolitizmə qarşıyıq. Cəmiyyətimizin hər bir üzvünün kamil və hərtərəfli inkişafını yalnız milli dəyərlərə söykənən mənəvi-əxlaqi meyarlar və qaydaların təminat verə biləcək neomühafizəkar düşüncə tərzinə əsaslanırıq. Biz, məsuliyyətli və dəyərlərinə sadiq dövlət məmuru, tələbə, sahibkar görmək istəyirik.
Biz, “İRƏLİ” İctimai Birliyi olaraq Azərbaycanda yeni formatlı, müasir texnologiyalara və iş üslubuna əsaslanan təşkilat qurmağa, əhalinin fəal kateqoriyası sayılan gənclərin təfəkkürünün yeniləşməsinə, demokratik dəyərlərdən qidalanan və milli mənliyini qoruyan yeni vətəndaş simasının formalaşmasına öz töhfəmizi verməyi qarşıya məqsəd qoymuşuq. Təkamülü cəmiyyətimizin inkişafının yeganə yolu kimi qəbul edib, bu istiqamətdə gənclərin fəal iştirakının təmin edilməsini başlıca vəzifələrdən biri kimi qiymətləndiririk. Biz yenilikçiyik, yenilikçi olaraq da cəmiyyətimizdə yeniləşmə və modernləşmənin inteqratoru kimi çıxış edirik.
Biz, çağdaş Azərbaycan gəncliyinin nümayəndəsi olaraq gələcəyimizi qurarkən bu gün görülən işlərin məsuliyyətini dərk edərək, milli-mənəvi köklərimizə söykənərək, davamlı inkişaf uğrunda əldə edilmiş nailiyyətləri əsas tutaraq “İRƏLİ” İctimai Birliyinin yaradıldığını bəyan edirik!
24 Dekabr 2008-ci il
“İRƏLİ” İctimai Birliyinin Təsis Konfransı

