“İRƏLİ” Kiyevdə Xocalı Soyqırımına həsr olunmuş konfrans keçirmişdir
22 february 2010
Ukraynanın bir sıra aparıcı gənclər təşkilatları fəallarının, tarixçi alimlərin politoloqların və jurnalistlərin qatıldığı mərasimi Ukrayna Avropa gənclər hərəkatının Kiyev şəhər təşkilatının sədri Aleksandra Skiba açaraq 18 il bundan öncə Xocalıda ermənilər tərəfindən törədilmiş bəşəri cinayətin hələ də cavabsız qalmasından təəssüflə danışdı. Xocalıya həsr olunmuş şeir söyləməklə gənc həmkarlarını belə bir qəddar cinayətə qarşı mübariz olmağa səslədi. Əsirlər boyu Ukrayna xalqının da dəfələrlə soyqırım və faciələrlə üzləşdiyini bildirən “İrəli” İctimai Birliyinin Ukraynadakı təmsilçisi Cavid Hüseynzadə Xocalıya ədalət kampaniyasına qoşulan ukraynalı həmyaşıdlarına minnətdarlığını çatdırdı. 20-ci əsrin ən amansız faciəsi olan Xocalı soyqırımına hələ də hüquqi siyasi qiymətin verilməməsini tarixi ədalətsizlik kimi qiymətləndirən Ukrayna Avropa gənclər hərəkatı təşkilatının fəallarından Xoleç Alesya Azərbaycanlı gənclərdən bununla bağlı beynəlxalq təşkilatlara və dünya birliyinə müraciət etmək üçün imza toplama kampaniyasına qoşulduqlarını bildirdilər.
Sonra mərasimə qatılanlar Ukrayna dövlət televiziyasının aparıcı jurnalisti Georqi Spasokukotskinin və Azərbaycan televiziyasının Ukrayna və Şərqi avropa ölkələri üzrə xüsusi müxbiri Möhsüm Qədiroğlunun ssenarisi əsasında çəkilmiş Qarabağ Tarixin Burulğanında sənədli filminə baxmaqla son iki əsrdə erməni və ermənipərəst qüvvələrin azərbaycan xalqına qarşı həyata keçirdikləri amansız faciə və soyqrım siyasəti ilə taniş oldular. Filmdə göstərilənlərin sırf tarixi faktlara əsaslandığını bildirən tarixçi alimlərdən Fərhad Turanlı, Nataliya Rudenko və digər çıxış edənlər Xocalı faciəsinin hələ də cəzasız qalmasını bəşər tarixinin qara ləkəsi adlandırdılar. Toplantıya qatılanlara həmçinin Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar paylanıb.
_________________________
Həmçinin baxın:
“İRƏLİ” Kiyevdə Xocalı Soyqırımına həsr olunmuş konfrans keçirmişdir - Mediada
“İRƏLİ” Kiyevdə Xocalıya həsr olunmuş konfrans keçirmişdir - Foto




