“ İrəli İctimai Birliyi Hüquq Mərkəzi “ ndə “Cinayətkarlıqla mübarizədə özünümüdafiənin hüquqi aspektləri“ mövzusunda görüş keçirilmişdir
26 february 2010
“ İrəli Hüquq Mərkəzi “gənc hüquqşünaslarla Azərbaycanın ən qabaqcıl alimləri, hüquqşünasları, millət vəkilləri, fəal ictimai - siyasi xadimlərinin silsilə görüşlərinin təşkilini davam etdirir.
Bu silsilədən növbəti görüş tanınmış hüquqşünas, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Ədliyyə naziri yanında Penitensiar Xidmət üzrə İctimai Nəzarət Komitəsinin üzvü, hüquq elmləri namizədi, hüquq müdafiəçisi Çingiz Qənizadə ilə “Cinayətkarlıqla mübarizədə özünümüdafiənin hüquqi aspektləri“mövzusunda keçirilmişdir.
İlk olaraq müzakirə olunan mövzunun aktuallığı və əhəmiyyəti haqqında İrəli Hüquq Mərkəzinin rəhbəri Roman Qaraşov məlumat verərək, cinayət qanunvericiliyi, cəza siyasəti haqqında məsələlərə faktiki məlumatlar əsasında aydınlıq gətiriləcəyini bildirdi. Daha sonra ekspert Çingiz Qənizadə öz fikirlərini gənclərlə bölüşdü.
Əməlin kriminallığını aradan qaldıran hallar barədə Azərbaycan Respublikası Cinayət məcəlləsində nəzərdə tutulmuş müddəalar sadalanıb geniş şərh edildi, Vəkillik institutunun bu normaların reallaşdırılmasında imkanları qeyd edildi. Həmçinin, şəxsin özünün və başqalarının həyat və sağlamlığını, əmlakını cinayətkar qəsdlərdən qoruma haqları, cinayətkarlıqla mübarizənin digər vasitələri, cəzaçəkmə müəssisələrinin hazırki vəziyyəti ilə bağlı məsələlər müzakirə olundu.
Görüşün növbəti hissəsi interaktiv metodlarla keçirildi, gənc hüquqşünasların mövzu ilə əlaqədar sualları cavablandırıldı.




