“Bələdiyyə - 2009” layihəsi
19 october 2009
Bildiyiniz kimi, 2009-cu ilin 23 Dekabr tarixində Azərbaycan cəmiyyətində demokratik inkişafa doğru növbəti addım atılacaqdır ki, bu da öz əksini bələdiyyə seçkilərinin keçirilməsində tapacaqdır. Bu seçkilərdə Azərbaycan əhalisinin 30%-ni təşkil edən gənclərin fəal şəkildə iştirak etməsi və bələdiyyələrin fəaliyyətində daha kreativ və müasir düşüncəyə malik insanların təmsil olunması arzuolunandır.
Əhalinin bələdiyyə institutuna və 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərinə diqqətini cəlb etmək, gənclərin bələdiyyə seçkilərində həm namizəd, həm də seçici kimi iştirakını stimullaşdırmaq, onların bələdiyyə sahəsində hüquqi biliklərini artırmaq, icma-bələdiyyə münasibətlərini inkişaf etdirmək, bu sahəyə maraq göstərən gəncləri maarifləndirmək məqsədilə “İRƏLİ” İctimai Birliyi olaraq “Bələdiyyə-2009: Yerli özünüidarəetmə orqanlarına seçkilərdə gənclərin iştirakının stimullaşdırılması” adlı layihə hal-hazırda tərəfimizdən irəli sürürük. Həmçinin gənclərə seçkiqabağı təşviqat texnologiyaları haqqında nəzəri informasiya və təşviqatın daha rəngarəng keçməsi üçün praktik tövsiyyələr verilməsini nəzərdə tuturuq.
Layihə 3 mərhələdən ibarətdir. Layihənin ilkin mərhələsində bələdiyyə işinə marağı olan gənclər üçün maarifləndirici təlimlər və diskussiyalar keçiriləcəkdir. Bələdiyyə seçkilərinə vətəndaşların marağını və hüquqi biliklərini artırmaq məqsədilə Bələdiyyələrin Milli Assosiasiyaları və “İRƏLİ” İctimai Birliyi tərəfindən respublikanın 56 şəhər və rayon mərkəzlərində, 21 Oktyabr 2009 – 20 Noyabr 2009-cu il tarixində “Demokratiya Həftəlikləri” baş tutacaqdır. “Demokratiya Həftəlikləri” çərçivəsində bələdiyyə işinə maraq göstərən gənclər üçün “Bələdiyyələrin statusu” və “Seçkiqabağı təşviqatın təşkili” mövzularında təlimlər keçiriləcəkdir. Təlimlər “İRƏLİ”nin mövzu üzrə peşəkar təlimçiləri tərəfindən aparılacaqdır.
Layihənin növbəti mərhələsində Azərbaycanın 7 şəhərində - Xaçmaz, Şirvan, Zaqatala, Lənkəran, Yevlax, Gəncə və Qazaxda “Gələcək Gənclərlə Gələcək” devizi altında gənc musiqiçilərin ifasında klassik musiqi konserti keçiriləcəkdir. Gənclər tərəfindən hazırlanan konsertin məqsədi bələdiyyə seçkilərində iştirak edəcək gənclərə simvolik dəstək verməkdir.
Layihənin 3-cü mərhələsində isə bələdiyyə seçkilərində müşahidəçi olmaq arzusunda olan insanlara təlimlər keçiriləcəkdir.




