IRELI Public Union
LanguagesEnAz

IRELI

"Gənc Liderlər üçün Qış Universiteti" Layihəsi
12 february 2010
Fevral ayının 2-dən etibarən “İrəli” İctimai Birliyi və Azərbaycan Respublikasının  Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənc Liderlər üçün Qış Universiteti” layihəsi start götürdü.
 
İlk olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, eləcə də “Gənc Liderlər üçün Qış Universiteti”nin 100-dən çox iştirakçısı Fəxri Xiyabana gələrək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət etdi. Daha sonra KİV təmsilçiləri üçün keçirilən brifinqdə “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı bildirdi ki, “Gənc Liderlər üçün Qış Universiteti” Oğuz rayonundakı 5 ulduzlu “Afra” otelində 10 gün davam edəcək. Layihədə 110 nəfər gənc iştirak edir ki, bunlar arasında 10 nəfər KİV təmsilçiləridir.
 
Bu müddət ərzində layihə iştirakçılarına natiqlik, liderlik, idarəetmə, biznesin qurulması, informasiya texnologiyalarından düzgün istifadə, xarici siyasət, qanunvericilik, Azərbaycanda yeni dövrün prioritetləri, siyasi fəlsəfə, siyasi antropologiya, demokratikləşmə, Azərbaycanda gənclər siyasəti, vətəndaş cəmiyyəti, müasir mədəni cərəyanlar, KİV sektorunda müasir tendensiyalar, Azərbaycançılıq fəlsəfəsi ilə bağlı mühazirələr keçirildi. Bundan başqa gənc liderlərlə dövlət xadimləri, nazirlər, millət vəkillərinin, o cümlədən xarici ölkələrdən Azərbaycana gələn nümayəndə heyətlərinin görüşləri təşkil olundu.  
 
Fevralın 2-si saat 11:00-da Bakıdan yola düşən gənc liderləri aparan kortej Oğuz rayonuna saat 15:00-da çatdı. Rayon mərkəzindəki 5 ulduzlu “Afra” otelinə yerləşən iştirakçılar qısa fasilədən sonra komandalara bölündülər və tanışlıq prosesi başladı. 10 gün boyunca gənc liderlər 4 komanda halında təlimlərdə iştirak edərək yeni biliklərə yiyələnib, eyni zamanda müxtəlif oyunlar çərçivəsində yarışıblar. Bunlar Uğur, Etimad, İnkişaf və Tərəqqi komandaları idi. Tanışlıq proqramı həyata keçirildi, bu tipli düşərgələrin formatı barədə daha aydın təsəvvürün yaranması məqsədi ilə layihə iştirakçıları Avqust ayında Qazaxda keçirilmiş Yay Universiteti filmini izləyiblər.   
 
Fevral ayının 3-də saat 10:00-da “Qış Universiteti”nin açılış mərasimi baş tutdu. Açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, Oğuz rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov, Millət vəkili Eyvaz Qurbanov və YAP sədri iştirak etdi. İlk olaraq Birliyin sədri qonaqları salamladı və tədbiri açıq elan etdi. İlk söz Oğuz rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynova verildi. Aydın Əlihüseynov gənclərin bu cür tədbirlərdə iştirakının əhəmiyyətini vurğuladı. “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı isə bildirdi ki, belə tədbirlər gənclərdə bölgələr haqqında düzgün dünyagörüşün formalaşdırılmasına imkan yaradır. Millət vəkili Eyvaz Qurbanov isə çıxışında gənclərə uğurlar arzuladı  və onları Gənclər günü münasibətilə təbrik etdi. Sonra A. Əlihüseynov və E. Qurbanov “Qış Universiteti” iştirakçılarının suallarını cavablandırdı.
 
İştirakçılar “NOVCO” Şirkətlər Qrupunun prezidenti Fərid Novruzi ilə görüşdülər. Şirkətin prezidenti gənclərlə görüşdə qeyd etdi ki, bazar iqtisadiyyatında hər bir şəxs öz şəxsi biznesini qura bilər. Bunun üçün Azərbaycanda bütün imkanlar yaradılıb: “Bizim şirkət 1999-cu ildə təsis edilib. İlk dəfə şirkətimizi quranda üç nəfər idik. Hal-hazırda isə işçilərin sayı 400 nəfərə yaxındır. Əsas fəaliyyət növü ticarətdir. 1999-cu ildə bir mağaza ilə fəaliyyətə başlasa da, hal-hazırda 29 mağaza fəaliyyət göstərir”. Daha sonra iştirakçılar “Biznes ideyaların təqdim edilməsi və həyata keçirilməsi” mövzusunda təqdimatı izlədilər. Eyni zamanda Fərid Novruzi gəncləri maraqlandıran bütün sualları cavablandırdı. Yekunda Qış Universitetinin bütün iştirakçılarına Fərid Novruzi tərəfindən MYBRENDS Fashion Clubdan xüsusi endirim kartları hədiyyə edildi.
 
Gənclərin qonağı GRBS şirkətinin prezidenti Bəhram Qurbanov oldu. O “Liderlik xüsusiyyətləri, ritorika, işgüzar etiket, effektiv ünsiyyət” mövzusu ətrafında məlumat verdi. Mühazirənin ümumi gedişatındə müxtəlif interaktiv oyunlar da keçirildi. Bəhram Qurbanov komandanın inkişafında əsas amillərin sədaqət, inam, məqsəd, ünsiyyət olduğunu qeyd etdi: “Hər bir uğurun əldə edilməsində effektiv ünsiyyət əsas vasitədir. Ünsiyyət yazılı, şifahi, əl-qol hərəkəti vasitəsi ilə, ən güclüsü isə bədən dili sayılır. Bədən dili əsas mimika, baxış, əl jesti və imicdən ibarətdir. Sözlər - 7 %, Səs – 38 %, Bədən hərəkətləri – 55 % yadda qalır”.
 
Qış Universitetinin ikinci gününün son qonağı “Planeta Parni iz Baku” KVN Teatrının bədii rəhbəri Tahir İmanov və həmin teatrın nümayəndəsi Elçin Həmidov oldu. Qonaqlar qeyd etdilər ki, KVN-nin Azərbaycan üçün əhəmiyyəti böyükdür. Amma əfsuslar olsun ki, bu gün KVN istənilən səviyyədə deyil. Beynəlxalq KVN-nin də əsas şərtlərindən biri KVN-nin rus dilində keçirilməsidir. Beynəlxalq KVN-də iştirak etmək üçün rus dilini, tarixini, mədəniyyətini bilmək vacibdir. İstedadlı uşaqlar çoxdur, ideyalar var amma təəssüf ki, uşaqların yarısı rus dilini bilmir. Bu üzdən Azərbaycan neçə illərdir Beynəlxalq KVN-də təmsil oluna bilmir. Hələ də məqsədimizə çatmamışıq. Əsas məqsədimiz də Azərbaycanı beynəlxalq KVN arenasında təmsil etməkdir. Hər hansı bir məqsədə çatmaq üçün də inam olmalıdır. Artıq ilk addımımızı atmışıq. “İrəli” İctimai Birliyi ilə birgə layihə olan “Şən Nar” Yumor Kuboku kimi layihəyə start verdik. KVN komandası isə bir tarixdir. Bunu da öz qalibiyyətləri ilə artıq sübut edib. Biz qazanılmış uğurları qəlbimizdə yaşatmalı və unutmamalıyıq.                             
 
Gənc liderlər 4 fevral tarixində günün ilk qonağı “Liderliyin tibbi-bioloji əsasları” mövzusu ilə  bağlı ekspert Azərbaycan-Almaniya Cərrahlar İttifaqının sədri, Topçubaşov adına Elmi-Cərrahlıq Mərkəzinin Elmi Katibi Dr. Qurban Müslümov ilə görüş keçirib. Görüş gənc liderlər tərəfindən maraqla qarşılanıb və sual-cavab əsasında davam etdirilib.
 
Daha sonra iştirakçılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovla görüşüb. Görüş çərçivəsində liderlər üçün psixoloji testler keçirilib. Testin nəticələrinə əsasən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən suallara ən fəal cavab verən gənclər diplomla təltif olunub: I yer – Hikmət Dadaşov “Etimad” komandası, II yer – Aysel Mikayılzadə “İnkişaf” komandası, III yer – Nərmin Məmmədova “İnkişaf” komandası. İkinci mərhələdə gənc liderlərdən təşkil olunmuş “Etimad”, “Tərəqqi”, “Uğur”, “İnkişaf” komandalarının rəhbərləri arasında “Azərbaycan Konstitusiyası”, “Müstəqil Azərbaycan” “Milli Məclis”, “Ermənistan-Azərbaycan münaqişəsi”, “Azərbaycanlıların soyqırımı” mövzularında bilik səviyyələri yoxlanılıb. Eyni zamanda Raqif Abbasov iştirakçıları maraqlandıran sualları cavablandırıb. 

Günün ikinci yarısında gənclərin qonağı millət vəkili Anar Məmmədxanovla olub. Millət vəkili bu səpkidə keçirilən tədbirlərin önəmliyini və gənclərin inkişafına müsbət təsir göstərdiyini qeyd edib. Gənc liderlərin suallarını cavablandıran millət vəkili Azərbaycanda erməni dilində xəbərlərin yayımlanmasını müsbət hal kimi qiymətləndirib: “Biz düşmənlə onun meydanında mübarizə aparmalıyıq”. Millət vəkili bu yaxınlarda böyük “Production” yaradacağını, Azərbaycana Hollivuddan tanınmış rejissorlar dəvət edəcəyini, “Azərbaycan tarixi”, “İçəri Şəhər”, “Qobustan”, “Muğam tarixi” kimi sənədli filmlər çəkmək niyyətində olduğunu da bildirib.
 
Günün son eksperti Faiq Bağırov isə “Uğura gedən yollar” mövzusu ilə gənc liderlər qarşısında çıxış edib. Qeyd edib ki, hər bir işdə ən vacib üç element var: Bilik – Təcrübə - Həvəs. Bundan əlavə Faiq Bağırov mövzu ilə bağlı təqdimat keçirib və son olaraq gənclərin bütün suallarını cavablandırıb.  
 
Gözlənilən qar yağdı. Fevralın 5-ində gənc liderlər Oğuzun möhtəşəm mənzərəsi fonunda idman edib, səhər yeməyini yedikdən sonra əvvəlcədən planlanmış proqrama uyğun şəkildə təlimə qatıldılar. Günün qonaqları “İnformasiya Texnologiyaları: Sosial şəbəkələr, Elektron xəbər, Elektron biznes” mövzusu üzrə ekspertlər Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, “Yumroo MMC”nin direktoru Anar Yolçuyev idilər. Axtarış sistemləri haqqında gənc liderlərin çoxsaylı suallarına cavab verən Anar Yolçuyev qış universitetinin sonunda qalib olacaq komandanın üzvlərinə Azərfon və Yumroo şirkətinin birgə proyekti olan “Yallı cavan” tarif paketinin hədiyyə veriləcəyini bildirdi.
 
Daha sonra “Kreativ menecment və gənclər” mövzusunda söhbətə başlayan “Yallı.az” Sosial Şəbəkəsinin Baş meneceri Mikayıl Məmmədov yaradıcı gənclərin ideyalarını həyata keçirməsi yolunda məsləhətlər verərək daha çox öz təcrübəsini iştirakçılarla paylaşdı.
 
Günün ikinci yarısında təlimçilər “İrəli” İctimai Birliyinin Ali və orta-ixtisas məktəbləri üzrə koordinatoru Vüsal Bəkirov və “İrəli” İctimai Birliyinin İdarə Heyətinin üzvü Ramiz Məmmədli komanda ruhunun aşılanması və komandadaxili kommunikasiya vərdişlərinin artırılması üçün enercayzer oyunları keçirdilər.
 
Fevral ayının 8-9 tarixlərində “İrəli” İctimai Birliyi və Azərbaycan Respublikasının  Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənc Liderlər üçün Qış Universiteti” Bakıda Prezident Yanında Strateji Araşdırmalar Mərkəzində uğurla davam etdirildi.
 
İlk olaraq 8 fevral tarixində ekspert Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Fərhad Məmmədov Azərbaycançılıq fəlsəfəsi mövzusunda mühazirə oxudu. F. Məmmədov qeyd etdi ki, Azərbaycan vətəndaşları etnik mənsubiyyətindən asılı olmayaraq azərbaycançılıq ideologiyası altında birləşir. Daha sonra Fərhad Məmmədov gəncləri maraqlandıran bütün sualları cavablandırdı. 
 
Günün ikinci yarısında gənclər Azərbaycan Yazıçılar Birliyinin Baş katibi Çingiz Abdullayev ilə görüşdü. Çingiz Abdullayev qeyd etdi ki, bu kimi tədbirlərin keçirilməsi gənclərin inkişafı üçün müsbət göstəricidir. Ç.Abdullayev öz qonorarı hesabına yaşayan yeganə yazıçı olduğunu bildirdi: “Gəlirlərimin hamısı kitablardan, kinolardan, ssenarilərdəndir. 20 ildən artıqdır ki, Azərbaycandan pul almıram. Ümumilikdə ssenarilərim əsasında 8 kinom çəkilib. Biri 13 seriya, biri 20 seriya, digərləri də 2 və ya 1 seriyalı olub. Kitablarım dünyada 27 dilə tərcümə olunub. Bu yaxınlarda 28-ci dilə - Çin dilinə tərcümə olunur”. Yazıçı gənclərin mütaliə səviyyəsinin də aşağı olduğunu qeyd edib: “Azərbaycanda bununla bağlı vəziyyət elə də ürəkaçan deyil.  Statistikaya görə, bu gün Avropada mütaliə səviyyəsi 70%, İngiltərədə 62%, Sankt-Peterburqda 58%, Gürcüstanda 31%, Ermənistanda 29% təşkil etdiyi halda, Azərbaycanda bu cəmi 8% təşkil edir. İnsanların muzeylərə getmə göstəricisi, eyni zamanda kitab mağazalarının sayı da Azərbaycanda azlıq təşkil edir”. Sonda yazıçı hər şeyin kitab üzərində qurulmadığını və kitab oxumayan insanın da həyatı bilmədiyini qeyd edib.
Günün son qonaqları “Ali və Nino” kitab mağazaları şəbəkəsinin direktoru Nigar Köçərli, Teleaparıcı Nərgiz Cəlilova və “Pəncərə” televerilişinin prodüsseri Günel Anarqızı oldu. Diskussiya şəraitində keçən görüş zamanı qonaqlar gənclərin səmimiliyini, fəallığını, müxtəlif mövzular əsasında təşkil edilən tədbirlərdə aktiv iştirakını yüksək qiymətləndirdilər.
 
Qış Universitetinin sonuncu günü fevral ayının 9-da ilk ekspert Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin məsləhətçisi Röya Talıbovanın aparıcılığı ilə “İraqın yenidən qurulması” mövzusunda gənclər arasında Simulyasiya oyunu keçirildi.
 
Daha sonra gənc liderlərin qonağı APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı və İctimai Televiziyanın xəbərlər departamentinin sədri Anar Yusifoğlu tərəfindən “KİV ilə iş, media əlaqələrinin qurulması, KİV sektorunda müasir tendensiyalar” mövzusu ilə bağlı seminar keçirildi. APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı rəhbərlik etdiyi təşkilatla bağlı iştirakçılara məlumat verdi: “APA onlayn jurnalistika ilə məşğul olur. İndiki halda Azərbaycanda oxucular xəbər portallarından Azərbaycan və rus dillərində informasiya ala bilirlər. Amma Azərbaycan dilində yayımlanan xəbər portallarının sayı son vaxtlar xüsusilə artıb. APA hazırda 5 dildə gündə 600-650 xəbər yayır”.
 
İctimai Televiziyanın xəbərlər departamentinin sədri Anar Yusifoğlu isə öz növbəsində şirkətin xəbər siyasəti barədə məlumat verib. A. Yusifoğlu bildirib ki, hazırda rəhbərlik etdiyi departament yeni layihələr üzərində işləyir və İTV xəbər siyasətində daha çox ciddi, ölkənin önəmli məsələləri ilə bağlı xəbərlərin işıqlandırılmasına diqqət ayırır. Son olaraq qonaqlar Qış Universitetinin iştirakçılarının bir sıra suallarını cavablandırdılar.
 
Qeyd edək ki, Oğuzda Gənc lidərlər üçün təşkil edilən “Qış Universiteti”nin qalib komandası “İnkişaf” komandası oldu.
Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib